Məktəb direktoru: “Fidan balamız bizim səkkizinci Prezident təqaüdçümüzdür”

0
90

 Respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Təkcə bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1145 nəfər məzundan 810 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 561 nəfər ali, 184 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 115 nəfəri 500-dən yuxarı, o cümlədən 34 nəfəri 600-dən çox bal toplayıb.

Bərdə rayonunda öz uğurları ilə seçilən 8 saylı tam orta məktəbin də adı həmişə öncüllər sırasında çəkilir. Bu uğurların başında məktəbin direkroru, Əməkdar müəllim Qəmbər Ağayev dayanır desək yanılmarıq. Bu il məktəbin humanitar təmayüllü sinifinin 27 nəfər məzununun hamısı ali məktəblərə qəbul olub. Bu uğurlardan danışan məktəbin direktoru Qəmbər müəllim qeyd etdi ki, məktəb 2007-ci ildən fəaliyyətə başlayıb: ”Məktəb fəaliyyətə  başladığı dövrdən artan sıra ilə uğurları davam edib. Hər il  tədris ilində şagirdlərimiz yüksək nəticələrlə respublikamızın müxtəlif ali məktəblərinə qəbul olublar. 3 dəfə ən yüksək nəticəni rayon üzrə 8 saylı məktəbin şagirdləri qazanıb. Bir neçə şagirdimiz müxtəlif illərdə  hətta bir il iki şagirdimiz  Prezident təqaüdçüsü olub. Ötən tədris ili məktəbimiz üçün daha uğurlu oldu. Belə ki, 2 il bundan öncə 9-cu sinifi bitirmiş şagirdlərdən təmayül siniflərdən biz siniflər  təşkil edəndə onlardan 27 şagirdi bir sinifdə  kompekləşdirib hümanitar təmayüllü sinif yaratdıq. Həmin sinfı rəhbərlik etmək də məktəbin informatika və riyaziyyat müəllimi İfadə Həmidovaya həvalə olundu. Bu sinfin 27 nəfər şagirdi də ali məktəblərə qəbul oldu. Bu bizim ən yüksək göstəricimizdir desək yanılmarıq. Onu da deyim ki, bu respublikada çox böyük səs-küyə səbəb oldu. Biz burada fövqəlbəşər bir iş görməmişik. Biz Azərbaycan təhsil siyasətinin həyata keçirilməsində öz töhvəmizi vermişik. Heç də əsas məqsədimiz universitet tələbəsi yetişdirmək deyil. Amma buna baxmayaraq, bu, belə alındı. Çünki ölkə rəhbəri Təhsil Nazirliyi ilə birgə belə bir layihə həyata keçirib ki, təhsil islahatında müəyyən hədəfə çatmaq üçün peşə təhsilindən sonra təhsilini davam etdirən şagirdlər 9-cu sinifi seçsin 9-cu sinifi bitirdikdən sonra istər təsərrüfat sahəsinə, istərsə də orta ixtisas məktəblərinə daxil olsunlar. Qalan yaxşı oxuyan şagirdlər isə təhsil sahəsini seçsin. Biz də ölkə rəhbərliyinin apardığı təhsil siyasətinə uyğun işlər gördük və nəticə iki il sonra öz yaxşı bəhrəsini verdi. Amma təəssüflə qeyd edim ki, bu 27 abuturiyentdən 5 nəfəri hazırda gedib qeydiyyatdan keçmədi. Ona görə ki, 348-420 balla istədikləri ixtisasa düşmədilər. Ödənişli təhsilə düşdüklərinə görə imtina etdilər. Hazırda 22 nəfər məzun öz təhsilini davam etdirir, 5 nəfər isə özünü gələcəkdə sınamaq üşün hazırlaşırlar. Bir şagirdimiz Fidan Quluzadə 677 bal topladı və  Prezident təqaüdünə layiq görüldü. Fəxr edirik ki, respublika üzrə 102 nəfər prezident təqaüdçüləri içərisində bizim də məktəbin məzunu var. Onu da deyim ki, Fidan balamız bizim səkkizinci Prezident təqaüdçümüzdür”.

Qeyd edək ki, məktəb “İlin ən yaxşı məktəbi“ müsabiqəsinin qalibidir, 3 müəllim 2011-2012-ci tədris ilində  keçirilən 50 ən yaxşı ümumtəhsil məktəbinin müsabiqəsinin qalibidir. Ötən tədris ilində 8 saylı məktəbdən 33 nəfər şagird ali məktəblərə qəbul olub, bu il isə 37 nəfər şagird qəbul olub. Məktəbin 1400 nəfərdən artıq şagirdi var. Onu da bildirək ki, rayonun 104 kəndindən 48 kəndin şagirdi məhz 8 saylı məktəbi seçir. Hər bir təhsil işçisi vicdanı qarşısında hesabat verməlidir deyən məktəb rəhbəri qeyd etdi ki, müəllim qarşısına məqsəd qoymalıdır ki, ”mən gün ərzində gənc nəsilə nə öyrətdim”, ”hansı səviyyədə öyrətdim və necə öyrətdim”. Bunun haqqında düşünmək lazımdır: “Məktəbdə kollektiv yaradanda rayonun ən qabacıl, ən işgüzar müəllimlərini seçdim. Xöşbəxtliyin yeganə bir düsturu var: işgüzar, xalqına-millətinə sevgi-məhəbbət, bir insanlıq. Burda oxumayan şagird yoxdur, zəif şagird var, zəif şagird də onda olur ki, güclü şagirdlər çoxdur. Məkəbin yarısından çoxu əlaşıdır. Biz valideyinlərlə elə maariflənmə işləri aparmışıq ki, nəticədə müəllim-valideyin münasibətləri ən yüksək səviyyəyə qalxıb”.

Sonda məktəbin direktoru onu da bildirdi ki, 13 ildir ki, bu məktəbə rəhbərlik  edir.

Esmira Hidayətova, Bərdə