Bir müəllimənin gileyi

0
456

Uzun illər pedaqoji sahədə  çalışmış müəllimlər nədənsə təqaüdə çıxandan sonra xatırlanmırlar. Onlar sanki unudulurlar.

 Mingəçevirin tanınan pedaqoqlarından biri – 50 il pedaqoji sahədə çalışmış Validə Əlizadə ilə Müəllimlər Günü ərəfəsində görüşüb söhbətləşdik. Məqsədimiz təqaüddə olan müəllimlərin əhvalı ilə yaxından tanış olmaq, onların istək və arzularrını qələmə almaq idi.  

Bəri başdan bildirək ki, Validə Əlizadə 1950-ci ildə Naftalan şəhərində anadan olub. 6 yaşında ailəsi ilə birlikdə Mingəçevirə köçüblər. Əmək fəaliyyətinə 1965-ci ildə azad komsomol komitəsinin katibi ilə başlayan Validə xanım 1967-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyat İnstitutuna qəbul olub. 3 il əyani oxuduqdan sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini  qiyabi davam etdirib və Mingəçevir 2 saylı məkəbdə rus dili və ədəbiyyatı müəllimi kimi çalışıb. Daha sonra 13 saylı məktəbə  direktor, Baza Politexnik Texnikumunda tədbirs işləri üzrə direktor müavini, Şəhər Partiya Komitəsində maarif  kabinetinin müdiri, şəhər təhsil şöbəsində müdir vəzifələrində fəaliyyət göstərib.

 1991-ci ildə heç bir əsas olmadan sonuncu vəzifəsindən uzaqlaşdırılaraq köçürmə yolu ilə İcra Hakimiyətində böyük məsləhətçi vəzifəsinə göndərilib.

1993-cü ildən Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra o, yenidən pedaqoju fəaliyyətini davam etdirib. Belə ki, 1993-cü ildən 2006-ci ilin yanvarına qədər 11 saylı məktəbdə direktor vəzifəsində çalışıb. O illəri xatırlayan Validə xanım dedi: ”Ağır illər idi. Məktəblərdə qaçqınlar yerləşdirilmişdi. 46 ailə də 11 saylı məktəbdə məskunlaşmışdı. Bu çətin şəraitdə direktor işləmək də o qədər asan deyildi. Daha sonra isə uzun illər şəhər təhsil şöbəsində metodist vəzifəsində çalışdım”. Artıq  Validə müəllimə 5 ilə yaxındır ki, təqaüddədir.

Müsahibimizin fikrincə, cəmiyyətə yararlı insan bəxş etmək üçün ilk növbədə tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir: ”Hər bir şagird bir şəxsiyyətdir. İşlədiyim müddətdə şagirdlər məni özlərinin  doğmaları kimi qəbul edirdilər. Mən də öz sənətimi və şagirdlərimi çox sevirdim. Onlar həyatımın bir parçası idi. Ümumiyyətlə, müəllim şagirdin iç dünyasına daxil olmağı bacarmalıdır. Çalışdığım illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə biz müəllimləri sevindirən çoxlu şagirdlərim olub. İndi də onlarla bir doğmaları kimi görüşürəm”.

Validə xanım həmçinin vurğuladı ki, həmişə müəllim adına, peşəsinə dərin hörmət və ehtiram göstərilib, dünyanın ən dahi şəxsiyyətləri belə əldə etikləri uğurlara görə bu varlığa minnətdarlıqlarını bildiriblər.

Bu gün sizi vaxtilə çalışdığınız pedaqoji kollektivlər yada salırlarmı? sualına isə o belə cavab verdi:  “Təqaüdə çıxdığım ilk illərdə evdə oturmaq mənə çətin gəldi. Amma özümə məşğuliyyət tapandan sonra həyat öz axarına düşdü. İndi bolluca kitab da oxuyuram, televiziya, sosial şəbəkələrdən yararlanmağa çalışıram. Onu da deyim ki, mən hazırda Bakı şəhərində fəaliyyət göstərən təqaüddə olan insanlar üçün təşkil olunmuş “Üçüncü bahar” adlı cəmiyyətin üzvüyəm. Bu cəmiyyət təqaüd yaşına çatmış yaşlı nəslin asudə vaxtının səmərəli təşkilinə, mədəni və irsi dəyərlərimizin yenidən canlandırılmasına, yaşlı nəslin cavanlara verə biləcəyi töhfələrin cəmiyyətə çatdırılmasına xidmət edir. Yeri gəlmişkən, istərdim ki, belə təşkilatlar çox olsun. Məndə olan məlumata görə, xarici ölkələrdə ahıl yaşlı insanların məşğuliyyəti üçün belə qurumlar çoxdur. Amma bizdə təəssüflər olsun ki, onların sayı olduqca azdır. Bu cəmiyyət vasitəsilə qazandığım rəfiqələrim də çoxalıb.

Bu mənada mənə elə gəlir ki, təqaüddə olanda elə bil insan yenidən həyata başlayır”.

Validə xanım daha sonra dedi: “İnsan çox zaman illərin neçə ötüb keçdiyinin fərqinə varmır. Amma dönüb geriyə baxanda ömrümün enişli-yoxuşlu yollarına nəzər salanda düşünürəm ki, nə yaxşı ki, bu peşəni seçmisən. İlləri yelə vermədiyimə, həyatımı mənasız yaşamadığıma görə özümdə mənəvi rahatlıq tapmışam. Artıq  üç  aydan sonra qismət olsa, 70 illik yubleyim olacaq. ”Əmək veteranı” adı almaq üçün Təhsil Nazirliyinə müraciət edəcəm. Amma nə gizlədim. Hərdən istər-istəməz ötən illərimi xatırlayanda qeyri-adi olaraq özümə belə bir sual verirəm:  niyə sabiq pedaqoji kadrları unudurlar? Sözün düzü, unutqanlıq məni yaman narahat edir. Mən giley-guzar etmirəm. Amma mənə elə gəlir ki, onları saymaq lazımdır. Bu həm də cəmiyyətimiz üçün faydalıdır. Adi bir misal. Məgər onları Müəllimlər Günü ilə əlaqədar keçirilən tədbirlərə dəvət etmək olmazmı?”

Esmira Hidayətova