Mingəçevirdə “Qafqaz: Gözəlliklər və kədər diyarı”nın təqdimatı olub

0
121

Mingəçevirin canlı ensiklopediyası, peşəkar tədqiqatçı- jurnalist, 80 yaşlı Pənah Qurbanzadənin  “Qafqaz: Gözəlliklər və kədər diyarı” adlı yeni kitabı işıq üzü görüb. Şəhər bələdiyyəsində bu kitabın təqdimat mərasimi  keçirilib.

Tədbirdə çıxış edən kitabın redakoru, Mingəçevir bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı bu dəyərli əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda bütün türk dünyasına, İslam aləminə qarşı açıq müharibəyə atılmış erməni millətçilərinin tarix  boyu törətdikləri çirkin əməllərdən, məkrli siaysətdən, Azərbaycanın və Türkiyənin torpaqlarını ələ keçirmək üçün həyata keçirdikləri cinayətlərdən söz açılır: ”Kitab hər bir azərbaycanlı, bu yurdu sevən və onun dünəni, bu günü, sabahı barədə düşünən Vətən övladları üçün çox dəyərli məxəzdir”.

Digər çıxış edənlər də bu kitabın, eləcə də Pənah müəllimin digər tədqiqat əsərlərinin məziyyətlərindən danışıblar. Qeyd ediblər ki, “Mingəçevirin ensiklopediyası”nı çapa hazırlayan, şəhərin ilk qurucuları haqqında birinci kitab yazan da məhz P.Qurbanzadə olub. Elə bu səbəbdən Mingəçevir tarixindən söhbət düşəndə ilk yada düşən Pənah müəllim olur. O, 80 yaşında olmasına baxmayaraq,  yaradıcılıq eşqi hələ də bitib tükənməyib. Qabiliyyəti, istedadı, təcrübəsi və peşəkarlığı ilə seçilən Pənah Qurbanzadə istənilən  mövzunu elə qələmə alır ki, nəticədə hamı üçün maraqlı olur. Onlar bu yeni kitabın da məktəblərdə təbliğ olunmasını arzulamaqla yanaşı, Pənah müəllmin əməyinin dövlət tərəfindən qiymətləndirilməsini də vurğulayıblar.

Pənah Qurbanzadə isə öz çıxışında əvvəlcə kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə görə şəhər bələdiyyəsinə, o cümlədən bu qurumun sədri  Coşqun Abdullayvə təşəkkürlərini çatdırıb. Buna rəğmən o deyib: ”Mənim hazırda 23 adda kitabım əlyazma şəkilində qalmaqdadır. Ola bilsin ki, qələmə aldığım həmin tarixi faktlar bir çoxuna məlumdur. Amma mən onlara bir başqa prizmadan yanaşmışam, onlara başqa rakurslardan münasibət bildirmişəm. Bu mənada, yeni fikirlər irəli sürməyə çalışmışam. Çox istərdim ki, həmin əsərlərim də işıq üzü görsün”.

Qeyd edək ki, kitab Mingəçevir bələdiyyəsinin vəsaiti hesabına çap olunub.

Esmira Hidayətova, Mingəçevir