“Strateji sənəd”, yoxsa Nikol Paşinyanın nağıllar aləmi?

0
81

Baş nazir Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050 – Strateji inkişaf sənədi” ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Xatırladaq ki, bu sənəddə yaxın 30 ildə Ermənistan əhalisinin sayını 5 milyona çatdırmaq, 1.5 milyon iş yeri açmaq, 2.5 milyon adam üçün işsizlik problemini həll etmək, ÜDM-i 15 dəfə artırmaq, maaşları 7 dəfə qaldırmaq, ölkəyə 15 milyon turist cəlb etmək, ordunu döyüş hazırlığına görə  dünyanın  iyirmi lideri sırasına çıxarmaq kimi müddəalar yer alıb.

Bəri başdan bildirək ki, Paşinyan və onun komandası hakimiyyətdə olduğu müddətdə heç bir ciddi iqtisadi, siyasi uğura imza ata bilməyib. Odur ki, Ermənistanın özündə belə “strateji sənəd”də verilən vədlərin reallıqdan çox uzaq olduğu qeyd edilir, üstəlik, mövqelər beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlarla əsaslandırılır.

Əvvəla, qeyd edək ki, hazırda Ermənistanda işsizlik səviyyəsi 35 faizə çatıb. Əhalinin dörddə birinin yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə, dilənçi kimi yaşadığını bildirən Ermənistanın sabiq baş naziri Hrant Baqramtyanın fikrincə, işsizlik problemi ölkəni uçuruma aparır. Bütün bunlara rəğmən, Nikol Paşinyan hakimiyyəti ölkədə işsizliyin səviyyəsini azaltmaq məqsədilə heç bir real addım atmır. Əksinə, “Qazprom Ermənistan”, “Ermənistan Elektrik Şəbəkəsi” və “Araratsement” zavodları kimi müəssisələrdə kütləvi ixtisarlar aparmaqla işsizlər ordusunun sıralarını artırır, yeni iş yerləri barədə əsla düşünmək istəmir. Bir də yeni iş yerləri  boş yerdə yaranmır ki? Şübhəsiz, bunun üçün investisiya tələb olunur. Təbii resursları  sıfır səviyyəsində olan, regional nəqliyyat layihələrindən kənarda qalan, iqtisadiyyatı bərbad olan ölkəyə hansı investor investisiya qoyar? Məlumatlara görə, Nikol Paşinyan hakimiyyətə yiyələndikdən sonra onun “həyata keçirdiyi iqtisadi islahatlar” nəticəsində 50 min nəfər insan işsiz qalıb.

Belə bir vəziyyətdə işğalçı ölkənin  dövlət borcu da artmaqda davam edir. Belə ki, Ermənistan Maliyyə Nazirliyi bildirib ki, bu borc cari ilin ilk yarısında 6,934 milyard dollara çatıb. Hətta işğalçı ölkədə vəziyyət o həddə çatıb ki, son 7-8 il ərzində ölmüş hərbçilərin ailələrinə ödəməyə vəsait tapılmır. Onlar qeyri-dövlət qurumları və təşkilatlarının ümidlərinə qalıblar. Elə bu adi fakt Ermənistanın ağır maliyyə durumunu ortaya qoymaqla yanaşı, onun müharibəyə hazırlıq səviyyəsinin də minimal olduğunu göstərir. Belə bir durumda olan ölkənin hərbi qüdrətinin artırılmasından isə söhbət gedə bilməz. Bu mənada, Nikol Paşinyanın Ermənistan ordusunu yaxın 30 ildə dünyanın iyirmi lideri sırasına çıxarmaq fikrinin heç bir məntiqi əsası belə yoxdur. Yeri gəlmişkən, erməni iqtisadçı ekspertləri, eləcə də Beynəlxalq Valyuta Fondu Ermənistanın ümumi dövlət borcunun daha da artacağını proqnozlaşdırıblar. Şübhəsiz, belə bir vəziyyətdə Nikol Paşinyanın yaxın 30 il ərzində işsizlik probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlər də cəfəngiyyatdan başqa bir şey deyil.

Ekspertlər etiraf edirlər ki, bu gün Ermənistan əhalisini təmin edən yeganə mənbə ölkə xaricində yaşayan ermənilərdir. Belə ki, erməni diasporu və ölkə xaricinə miqrasiya edənlərin ölkəyə yolladıqları maliyyə vəsaitləri, onların ailələrinə yoxsulluq səviyyəsi ilə nisbi mübarizə aparmağa imkan verir. Digər tərəfdən, sadə vətəndaşlar Azərbaycan torpaqlarını işğal altında saxlayan və bu səbəbdən regionda həyata keçirilən beynəlxalq layihələrdən məhrum olan Ermənistanı tərk etməklə öz güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Yeri gəlmişkən, onu da qeyd edək ki, işğal edilmiş Azərbaycan torpaqlarında xidmət etmək istəməyən gənclər miqrantlar arasında üstünlük təşkil edirlər. Bəzi mənbələrə görə, hazırda Ermənistanda hərbi xidmətdən yayınan gənclərin sayı 12 mindən çoxdur. İşğalçı ölkə rəsmən etiraf edib ki, 5 min gənc çağırışçı orduda xidmətdən yayınmaq üçün ölkəni tərk edib. Özü ağır sosial-iqtisadi vəziyyət fonunda işğalçı Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunur. Erməni saytlarında dərc olunan materiallara görə, bu gün işğalçı ölkədə həqiqətən də demoqrafik sahədə ciddi problemlər yaşanır.

Bütün bunlar azmış kimi Ermənistanda doğum səviyyəsi də ildən-ilə azalır. Təkcə, son iki ildə əhalinin artım səviyyəsini müqayisə etsək, görərik ki, işğalçı ölkədə əhalinin sayı getdikcə azalmaqdadır. 2019-cu il yanvarın birində əhalinin sayı 2 milyon 962,1 min nəfər olub ki, bu da keçən illə müqayisədə 7,8 min nəfər azdır.

Ekspertlər doğum səviyyəsinin aşağı düşməsini həm də iqtisadi faktorlarla əlaqələndirirlər. Amma belə faktlara rəğmən, baş nazir Nikol Paşinyan Ermənistanda yaşayan ermənilərin sayının 5 milyona çatdırılacağını  israrla vəd verir, bununla da özünü gülüş hədəfinə çevirir. Halbuki bir ekspertin qeyd etdiyi kimi, rəsmi sayı 3 milyona (faktiki isə 1,8 milyona) bərabər olan Ermənistan əhalisinin sayını heç bir kalkulyasiya alqoritminin köməyi ilə 5 milyona çatdırmaq mümkün deyil. Bir sözlə, Nikol Paşinyan demoqrafik vəziyyətlə bağlı nə qədər optimist fikirlər irəli sürsə də, BMT öz proqnozları ilə bunu alt-üst edir. Belə ki, BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqqında açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı təxminən 2 milyon  nəfər ola bilər.

Ermənintanın baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistanındır və vəssalam” açıqlamasına gəldikdə isə… Ermənistan vətəndaşlarını hərbi ritorika ilə aldatmaq cəhdindən başqa bir şey deyil. Amma ekspertlər etiraf edirlər ki, Ermənistanda iqtisadiyyatı bərpa etmək, əhalinin sayını artırmaq, işsizliyi aradan qaldırmaq, yoxsulluğun səviyyəsini azaltmaq…mümkündür. Bunun da yeganə yolu  Azərbaycanın işğal olunmuş ərazilərini azad etməkdir. Əks halda Nikol Paşinyanın 2050-ci il hədəfləri əsrin nağılları kimi Ermənistanın yaddaşına “həkk olunacaq”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”