Prezident təqaüdçüsü: Çalışacağam ki, mənə bəslənən ümidləri doğruldum

0
55

Xəbər verildiyi kimi,  ölkə başçısı İlham Əliyev “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamla Prezident təqaüdünə layiq görülənlərdən biri də Qurbanov Əhməd İlham oğludur. O, II ixtisas qrupu üzrə 668 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə fakültəsinə qəbul olunub. Məlumat üçün bildirək ki, Əhməd Qurbanov Ucarda anadan olub. Bakı şəhərindəki 82 saylı tam orta məktəbdə təhsil alıb.

Prezident təqaüdünə layiq görülməsinin sevincini “İki sahil” qəzeti ilə bölüşən Əhməd Qurbanov bildirdi ki, Sərəncamda 102 tələbənin siyahısında adımı görəndə çox sevindim: “Sözün düzü, mən bir zamanlar Prezident təqaüdü alanlara həsəd aparardım. Amma indi mən də onlardan biriyəm. Bundan böyük sevinc ola bilərmi? Onu  da deyim ki,  Prezidentimizin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 9 sentyabr tarixli Sərəncamı dövlətimizin biz gənclərə göstərdiyi qayğı və etimadın əyani təzahürüdür. Şübhəsiz, bu, daha yaxşı təhsil almağımıza böyük stimuldur. Elə buna görə də Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Müsahibimiz, həmçinin qeyd etdi ki, o bu diqqətə əməli fəaliyyətimlə cavab verəcəyəm: “Çalışacağam ki, ali təhsilimi uğurla davam etdirim, mənə bəslənən ümidləri doğruldum. Ən əsası isə yüksək ixtisaslı kadr kimi yetişim. Bu mənada, mən həmişə ehtiyac duyulacaq bir kadr olmaq istəyirəm”.

Müsahibimizin dediyinə görə, o, politologiyaya, beynəlxalq münasibətlərə, hətta rejissorluğa daha çox meyilli olub: “Hətta hekayələr də yazırdım. Amma sonradan texniki fənlərə üstünlük verdim. Yeri gəlmişkən, həmin hekayələri nə vaxtsa kitab halına da salmaq istəyirəm. Azərbaycan İqtisad Universitetini seçməyimə gəldikdə isə bunları deyə bilərəm. Düzünü desəm, fikrimdə digər universitetlər, o cümlədən Xəzər Universiteti də vardı. Lakin son anda Azərbaycan İqtisad Universitetini seçdim. Bilirsinizmi niyə? Bu təhsil ocağının regionun ən böyük iqtisadyönümlü universiteti olması, üstəlik beynəlxalq əlaqələri, təqaüd proqramları diqqətimi daha çox çəkdi. Yeri gəlmişkən, mən burada ingilis dilində təhsil alacağam. Bu dili daha dərindən mənimsəmək məqsədilə bir neçə xaricı ölkəyə də səfər etmək niyyətindəyəm”.

Tələbə daha sonra bildirdi ki, yüksək bal toplamasında məktəblə yanaşı, ailə mühitim də önəmli rol oynayıb: “Atam mühəndis, anam isə musiqi müəlliməsidir. Onlar da mənə dünyagörüşümün formalaşmasına, təhsildə uğurlar qazanmağıma həmişə dəstək olublar. Bu mənada deyərdim ki, valideynlərim də müəllimlərim olublar. Ümumiyyətlə, müşahidələrimə əsasən deyə bilərəm ki, təhsil məsələsində valideyn diqqəti öz sözünü deyir. Şübhəsiz, bu uğuruma görə müəllimlərimə də təşəkkürlərimi bildirirəm”

Qvami Məhəbbətoğlu,

“İki sahil”