Mingəçevir Dövlət Dram Teatrı 51-ci mövsümünə başladı

0
81

Mingəçevir Dövlət Dram Teatrının kollektivi  51-ci mövsümunün başlanması ilə əlaqədar səhər tezdən ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. Sonra Mingəçevir Şəhidlər Xiyabanına gələrək, orada dəfn olunan və bir vaxtlar teatrda işləmiş, Milli Qəhrəman   Rəşad Akif oğlu Mirabovun və  aprel şəhidləri – Adil Adilzadənin, Teymur Rüstəmin qəbrini ziyarət ediblər. Sonra bir vaxtlar onlarla çiyin-çiyinə işləmiş və artıq dünyalarını dəyişən aktyor və aktrisalar- Əməkdar artist  Nisə Rzayevanın, aktrisa Elmira İsmayılovanın, aktyor-rejissor İldırım Cabbarın, aktyorlar Gəray Gərayovun, Neftun Tağıyevin, Əlisa Kərimovun, Pərvanə Qurbanovanın, aktyor və direktor işləmiş İsa Alimovun qəbrlərinə baş çəkiblər və orada həmin adamlarla bağlı öz xatirələrini danışıblar. Bu da teatrda işləməyə gələn cavan aktyorlarda, aktrisalarda böyük coşqu və sevinc yaradıb.

Sentyabr ayının 16-da  Mingəçevir Dövlət Dram Teatrının kollektivi          saat 17-00-da 51-ci mövsümün ilk tamaşasına başlamamışdan əvvəl, teatrın direktor müavini Vüsal Məmmədov, Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Akif  Mirabov, Şıxı Yaqubov, tanınmış aktyorTəvəkkül Əhmədov və  eləcə də bu teatrda tamaşa hazırlayan, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səhnə önünə çıxıb, tamaşaçılara Mingəçevir Dövlət Dram Teatrının keçmişi və bu günü ilə bağlı maraqlı məlumatlar veriblər. Öz xatirələrini danışıblar. Teatrın insanın təxəyyülünün, təfəkkürünün inkişafında necə böyük rol oynamasından ətraflı danışıblar. O da vurğulanıb ki, peşəkar teatrın Mingəçevirdə olması elə bu şəhərin camaatı üçün böyük xoşbəxtlikdir. Mingəçevirlilər tez-tez teatra gəlməli və özlərinin belə maraqlı kollektiv ilə fəxr etməlidirlər.

 Sonra  teatrın kollektivi dünya şöhrətli məşhur ispan dramaturqu Federiko Qarsia Lorkanın “Qanlı toy” əsərini yüksək peşəkarlıqla  tamaşaçılara  göstəriblər. Bu tamaşanı ispan dilindən Azərbaycan dilinə Əfqan Xəlili tərcümə eləyib. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın və  Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimaçı, musiqi tərtibatı  Ramiq Nəsirov, tamaşanın plastik  həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır. Rollarda teatrın aktyorlarından- Xalq artisti Ella Yaqubova, Elmira İbrahimova, Aydın Quliyev, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Eyvaz Əliyev, Nargilə  Abdullayeva, Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Vüsalə Quliyeva çox maraqlı rollar yaradıblar.

Beləliklə, bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olub. Tezliklə, teatrın kollektivi  repertuarında olan başqa tamaşaları da tamaşaçılara təqdim edəcək.

Vüsal MƏMMƏDOV

Jurnalist-publisit