Bakı-Tbilisi-Ceyhan: Ulu Öndərin uğur hekayəti

0
55

“Əsrin müqaviləsi”nin tərkib hissəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimindən 17 il ötür

2002-ci il sentyabr ayının 18-i ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olub. Belə ki, həmin gün Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadzenin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyası ulu öndər Heydər Əliyevə məxsusdur. Ölkəmizin xaricindəki və daxilindəki bədxahlar əsassız arqumentlərlə çıxış edərək bu ideyaya qarşı çıxsalar da, son anda onlar “BTC tikiləcək! BTC reallaşacaq!” deyən Ümummilli Liderin siyasi iradəsi qarşısında məğlub oldular. ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən Sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamənin imzalanması isə həmin ideya üçün beynəlxalq hüquqi baza rolunu oynadı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması ilə bu ideya reallığa çevrildi.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. Orada  neftin ilk partiyası “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. Bununla da Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb. Ümumiyyətlə, boru kəməri istifadəyə verilən gündən bu il sentyabr ayının 1-nə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub.

Artıq 17 ildir ki, ahəngdar və təhlükəsiz işləyən, regionda enerji ixracının başlıca arteriyası hesab olunan Bakı-Tbilisi-Ceyhan boru kəməri ölkəmizin iqtisadiyyatına öz sanballı töhfəsini verməkdədir. Məhz bu boru kəməri vasitəsilə ixrac olunan neftin gəlirləri sayəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında öz layiqli yerini tutub. Bu, bizə iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, əlverişli biznes mühiti yaratmağa, sosial infrastrukturumuza böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini yüksəltməyə imkan verdi. Uzunluğu 1768 kilometr olan bu boru kəməri Türkiyə, Gürcüstan, həmçinin layihədə iştirak edən bütün ölkələrin də iqtisadiyyatının gücləndirilməsində mühüm rol oynadı. Şübhəsiz, bu layihə sonradan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin və onun əsas seqmenti olan TANAP-ın bir həqiqətə cevrilməsinə vəsilə oldu və ölkəmizin imicini daha da yüksəltdi. Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı demişdir: “Sözsüz ki,  BTC neft kəməri olmasaydı, BTC qaz kəmərindən, bunlar olmasaydı, bu gün Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi”. Bu mənada BTC Azərbaycanın sabahına bir qapı açdı desək, yanılmarıq.

BTC həm də böyük siyasi əhəmiyyəti ilə fərqlənən boru kəməridir. Belə ki, Xəzərin sahilindən Avropaya uzanan bu polad boru kəməri region, eləcə də dünya dövlətlərini  bir-birinə sıx bağladı. Üstəlik, dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratdı. Bir sözlə, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində mühüm rol oynayan BTC dünya miqyasında ölkəmizin mövqeyini xeyli gücləndirdi, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi.

Qvami Məhəbbətoğlu,

“İki sahil”