Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Dahi bəstəkar və musiqişünas alimin 134 illik yubleyi elə onun adını daşıdığı Mingəçevir Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin qarşısında açıq havada xalq çalğı alətlər orkestrinin ifasında canlı konsert proqramı ilə qeyd edilib. Tədbirdə orkestr bəstəkarın əsərlərini ifa edib. Orkestrin bədii rəhbəri və dirijoru Elşən Bağırovun rəhbərliyi ilə bəstəkarın əsərləri ifa olunub. Konsertdə eyni zamanda Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin əsərləi və operetalardan parçalar səsləndirilib.


Ömrünün 45 ilini musiqiyə həsr etmiş tarzən, Ü.Hacıbəyli adına Mingəçevir 11 illik musiqi məktəbinin tar müəllimi və orkestrin konsertmeystri Tariyel Hidayətov bizə müsahibəsində bildirdi ki, hər il dahi bəstəkarın anım günü ilə bağlı tədbirlər həyata keçirirlər. Qeyd etdi ki, Azərbaycanda peşəkar musiqi sənətinin formalaşmasında və milli operanın yaranmasında Üzeyir Hacıbəylinin əvəssiz xidmətləri olub: ”Məktəbimiz dahi bəstəkarın adını daşıyır. Musiqi məktəbi 11 illik olandan sonra xalq çalğı alətlər orkestri yarandı. Bu yaxınlarda orekstrimizin 10 illik yubleyi qeyd ediləcək”.

Konsertdə bəstəkarın “Sevgili canan”romansını məktəbin səs sinfinin müəllimi İsa Müseyibov canlı ifa edib.
Qeyd edək ki, tədbirdə Bərdə Regional Mədəniyyət idarəsinin Mingəçevir şəhər nümayəndəsi və mədəniyyət işçiləri, musiqi məktəbinin kollektivi və şəhər ictimayyətinin nümayəndələri də iştirak ediblər.
Esmira Hidayətova, Mingəçevir