BMU-da tələbəyəm! Mən bu günün tələbiyəm! Mən sabahın tələbiyəm!

0
82

Bakı Mühəndislik Universitetində 2019-2020-ci tədris ilinin başlaması münasibəti ilə açılış tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, valideynlər və tələbələrlə yanaşı, Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə xanım Gülməmmədova,  millət vəkili, Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Sona xanım Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik  Arif Həşimov iştirak ediblər.

İlk öncə universitetin rektoru, professor Havar Məmmədov professor-müəllim heyəti adından tədbir iştirakçılarını salamlayıb və tələbə adını qazananları təbrik edib. O, ölkəmizdə əsası umummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Rektor bildirib ki, BMU Azərbaycanın ali məktəbləri arasında öz dəst-xətti olan bir təhsil ocağıdır. Qeyd edib ki, təhsilin bakalavr və magistr səviyyələrinə qəbul yüksək səviyyədə olub. Belə ki, 2019-2020-ci tədris ili üzrə 212 nəfər magistr, 1028 nəfər isə bakalavr ixtisaslarını seçib. Bakalavr səviyyəsi üzrə 132 nəfər 500-600 bal arası, 42 nəfər 600-dən çox bal toplayıb. Bakalavriat səviyyəsinə qəbul olanlardan 489 nəfəri dövlət sifarişlidir.

Daha sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə xanım Gülməmmədova “Bilik günü” münasibəti ilə universitetin müəllim və tələbə heyətini təbrik edib. O, Ölkə başçısı cənab İlham Əliyevin inkişaf strategiyasında prioritet elan etdiyi sahələrdən biri kimi təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Son illərdə ölkəmizdə, eləcə də Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən və yeni tikilən təhsil ocaqları barədə ətraflı məlumat verib.

Millət vəkili, MM-sin Elm və təhsil komissiyasının üzvü Sona xanım Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov çıxış edərək gənclərin layiqli vətəndaş kimi yetişməsində universitetin rolundan danışıblar. Millət vəkili Sona xanım Əliyeva təhsil sahəsində aparılan islahatlar və həyata keçirilən dövlət proqramları haqqında ətraflı məlumat verib.

Bu il ən yüksək nəticə göstərərək 666.70 balla Bakı Mühəndislik Universiteti Pedaqoji fakültənin Riyaziyyat və İnformatika müəllimliyi (ingiliscə) ixtisasına qəbul olan Zəhra Quliyeva və Bakı Mühəndislik Universitetinə qəbul olan Həsənzadə Səadətin valideyni Həqiqət Həsənzadə çıxış edərək sevinc hisslərini və ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda yüksək bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olan tələbələrə hədiyyələr və tələbə biletləri təqdim olunub.

Mingəçevir məktəblərində “Bilik günü”  qeyd edilib

 Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində 15 sentyabr – Bilik günü  və yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilib. Təbiət- Riyaziyyat  və Hümanitar Elmlər Təmayüllü liseydə  keçirilən bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə və Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov  də iştirak ediblər.

Tədbirdə çıxış edən liseyin direktoru Aidə İsmayılova şagirdləri, müəllimləri və qonaqları salamlayaraq, onları Bilik günü münasibətilə təbrik edib. A.İsmayılova təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb. Bildirib ki, müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. O, həmçinn ötən tədris ilindən də söz açıb: “2018-2019-cu dərs ilində liseyimizi 55 şagird bitirib ki, onlardan 52 nəfəri tələbə adını qazanıb. Məktəbimiz ötən tədris ilində keçirilən bütün müsabiqələrdə, fənn olimpiadalarında, hərbi idman yarışlarında da uğurlu nəticələr qazanıb. Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən “Leqo Education” təhsil robotlarının dərslərdə istifadəsi ilə bağlı müəllimlərimiz təlimlərdə iştirak ediblər. Liseyin 7  riyaziyyat sinifinin şagirdləri Təhsil Nazirliyi və ADA universitetinin təşkilatçılığı ilə keçirilən  “İNTO ORBİT” mövzusuna həsr olunmuş tədbirdə uğurlu çıxışı ilə seçilib və qiymətli hədiyyə ilə mükafatlanıblar”.

Tədbirdə  icra başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıblar. Bildiriliblər ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir. Ölkədə müəllim peşəsinin nüfuzu xeyli artıb. Son illərdə qəbul imtahanlarında yüksək nəticələr göstərən və müəllim peşəsini seçən abituriyentlərin sayında ciddi artım var. Bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.

Esmira Hidayətova, Mingəçevir