Mingəçevir məktəblərində “Bilik günü” qeyd edilib

0
192

 Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində 15 sentyabr – Bilik günü  və yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilib. Təbiət- Riyaziyyat  və Hümanitar Elmlər Təmayüllü liseydə  keçirilən bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə və Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov  də iştirak ediblər.

Tədbirdə çıxış edən liseyin direktoru Aidə İsmayılova şagirdləri, müəllimləri və qonaqları salamlayaraq, onları Bilik günü münasibətilə təbrik edib. A.İsmayılova təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb. Bildirib ki, müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. O, həmçinn ötən tədris ilindən də söz açıb: “2018-2019-cu dərs ilində liseyimizi 55 şagird bitirib ki, onlardan 52 nəfəri tələbə adını qazanıb. Məktəbimiz ötən tədris ilində keçirilən bütün müsabiqələrdə, fənn olimpiadalarında, hərbi idman yarışlarında da uğurlu nəticələr qazanıb. Təhsil Nazirliyinin təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən “Leqo Education” təhsil robotlarının dərslərdə istifadəsi ilə bağlı müəllimlərimiz təlimlərdə iştirak ediblər. Liseyin 7  riyaziyyat sinifinin şagirdləri Təhsil Nazirliyi və ADA universitetinin təşkilatçılığı ilə keçirilən  “İNTO ORBİT” mövzusuna həsr olunmuş tədbirdə uğurlu çıxışı ilə seçilib və qiymətli hədiyyə ilə mükafatlanıblar”.

Tədbirdə  icra başçısı İlham İsmayılov, millət vəkili Aydın Mirzəzadə çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıblar. Bildiriliblər ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir. Ölkədə müəllim peşəsinin nüfuzu xeyli artıb. Son illərdə qəbul imtahanlarında yüksək nəticələr göstərən və müəllim peşəsini seçən abituriyentlərin sayında ciddi artım var. Bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.

Esmira Hidayətova, Mingəçevir