15 sentyabr: İstiqlalımızın real təməl üzərində qurulduğu gün

0
89

Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsindən 101 il ötür

101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu erməni-bolşevik  işğalı altında olan Bakıya daxil olaraq şəhəri düşmənlərdən azad etdilər. Bununla da 1918-ci ilin mayında müstəqilliyini elan etmiş ölkəmizin tarixi salnaməsinə yeni bir səhifə yazıldı. Ertəsi gün isə bu parlaq qələbə münasibətilə parad keçirildi. Bu tədbir həm də bir birlik bayramı kimi qeyd olundu. Paradda Nuru paşa, Xəlil paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri,Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.

Məhz Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan bu tarixi hadisədən iki gün sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu.

Bu kimi səbəblərdən də siyasətçilər Bakının xilasını Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış bir tarixi zəfər kimi dəyərləndirirlər. Məhəmmədəmin Rəsulzadə bununla bağlı belə demişdir: “Əgər 28 mayda Cümhuriyyətin istiqlalı bütün dünyaya elan edilmişdisə, 15 sentyabrda bu istiqlal real bir təməl üzərində qurulmuş oldu”.

Ötən il paytaxtımızın Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Prezident İlham Əliyev bu zəfərdən danışarkən bildirmişdir: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”. Həmin tədbirdə iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Nuru paşanın Bakıya gəlişinin “bir millət, iki dövlət” olduğumuzun əyani təzahürü kimi dəyərləndirməklə yanaşı, bu sözləri də söyləmişdir: “Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır… Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub”.

Yeri gəlmişkən qeyd edək ki, həmin döyüşlərdə 1130 nəfər türk əsgəri və zabiti həlak oldu. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə onlarla şəhidlik də mövcuddur. Bəzi mənbələrə görə, yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi. Bu isə o deməkdir ki, Bakının daşnaklardan azad olunması Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun misilsiz fəaliyyəti olmaqla yanaşı, həm də Azərbaycan xalqının özünün böyük qəhrəmanlıq nümunəsi idi.

Bir sözlə, 15 sentyabrda həm Azərbaycanın istiqlaliyyəti təmin olundu, həm də ermənilərin, bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına, törətdikləri qırğınlara son qoyuldu… Əgər bu gün Bakının azad olunmasından fəxarətlə danışırıqsa, buna görə o zamankı türk və Azərbaycan əsgərlərinə borcluyuq. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Prezident İlham Əliyevin  bildirdiyi kimi, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik: “Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”. Şübhəsiz, bu da Azərbaycan-Türkiyə birliyinin sarsılmaz, həm də əbədi olduğunun əsas göstəricisidir.

Şübhəsiz, gün gələcək hələ də erməni daşnaklarının işğalı altında olan bütün torpaqlarımız  azad olunacaq və həmin ərazilərdə də Azərbaycanın dövlət bayrağı dalğalanacaq.

Qeyd edək ki, ölkəmiz müstəqilliyini yeni bərpa etdikdən sonra hər il sentyabrın 15-də bu əlamətdar gün qeyd edilir, şəhid əsgərlərin xatirəsi anılır.  Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər xiyabanında möhtəşəm abidə də ucaldılıb.

Qvami Məhəbbətoğlu,

“İki sahil”