Bakı: Dünyanın idman paytaxtı

0
26

Ölkəmizi dünya miqyasında regionun lideri kimi tanıdan amillərdən biri şübhəsiz, onun beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsidir. Hətta dünyanın aparıcı dövlətləri -Rusiyanın və ABŞ-ın ali hərbi rəhbərlikləri də dialoq və məsləhətləşmə üçün Bakını seçirlər. Bu səbəbdən paytaxtımız Bakının adı mühüm beynəlxalq siyasi, iqtisadi, dini, o cümlədən idman tədbirlərinin sinonimi kimi də çəkilir.

Sentyabrın 16-da Bakıda – Milli Gimnastika Arenasında daha bir möhtəşəm tədbirə – Bədii Gimnastika üzrə 37-ci dünya çempionatına start veriləcək. Şübhəsiz, bu tədbir də ən yüksək səviyyədə təşkili ilə Azərbaycanın idman imicinə yeni çalarlar əlavə edəcək.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, 62 ölkədən 300-dən çox gimnastı və minlərcə azarkeşi bir araya toplayacaq bu yarışa dünya miqyasında maraq böyükdür.  Elə biletlərin satışı da bunu təsdiq edir. Bu günədək olan statistikaya əsasən, 8 min 500-dən çox bilet satılıb ki, onun da 45 faizini onlayn sistemlə xarici azarkeşlər həyata keçiriblər. Milli Gimnastika Arenası çempionat günlərində Rusiya, Türkiyə, Ukrayna, İsrail və Yaponiyadan olan fanatlarla yanaşı, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, Finlandiya, Xorvatiya, Niderland, Qazaxıstan, Malayziya, Meksika, Peru və Paraqvaydan olan azarkeşləri də qəbul edəcək. Bu mənada yarış gündən-günə inkişaf edən ölkəmizə gələn turistlərin sayına da müsbət təsir edəcək.

Bir sözlə, 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də 17 yaşadək futbolçular arasında Avropa çempionatına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, son bir neçə ildə Formula-1 Qran-prisinə, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşmasına,  eləcə də XV Avropa Gənclər Olimpiya Festivalı kimi mötəbər yarışa uğurla ev sahibliyi edən Azərbaycan bir daha dünyanın diqqət mərkəzində olacaq. Qeyd edək ki, bu tədbirlərin daha yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Yeri gəlmişkən, ölkəmizin idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, istər Beynəlxalq Olimpiya Komitəsi, istərsə də Avropa Olimpiya Komitəsi idman aləmindəki fəaliyyətimizə çox yüksək dəyər verirlər. Hətta Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Cak Roq Azərbaycanı digər dövlətlərə nümunə kimi təqdim edib. Bütün bunlar isə o deməkdir ki, beynəlxalq yarışlara ev sahibliyi etmək ölkəmizin nüfuzunu daha da artırır.

İrimiqyaslı beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən ölkəmizi qarşıda digər əhəmiyyətli yarışlar da gözləyir. Belə ki,  “Avro-2020”nin final mərhələsini keçirmək hüququ qazanan Bakıda gələn ilin mayında aerobika ulduzları dünya çempionatında yarışmaq üçün toplaşacaqlar. 2021-ci ildə isə daha bir dünya birinciliyi batut gimnastikası üzrə olacaq. 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatının təşkili də Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.

Bütün bunlar isə o deməkdir ki,  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət respublikamızı həm də idman yarışlarının keçirildiyi platformaya çevirib. Belə tədbirlərin digər ən böyük əhəmiyyəti odur ki, Azərbaycan beynəlxalq aləmdə daha geniş təbliğ olunur, illərlə həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər əsasında nizamlanmasına diqqət yönəldir.

Qvami Məhəbbətoğlu,

“İki sahil”