“Qarabağ” Ukrayna çempionatının liderinə qarşı

0
249

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” sabah yer aldığı qrupda 3-cü matçına çıxacaq. İlk iki matçda Bakıda “Sent-Etyenn”lə heç-heçə edib, Milanda “İnter”ə uduzan “Qarabağ” bu dəfə Kiyevdə “Dnepr”in qonağı olacaq. “Dnepr”in adı ilk iki rəqiblə müqayisədə zəif səslənə bilər. Ancaq bir faktı qeyd edək ki, “Dnepr” hazırda “Dinamo” və “Şaxtyor” kimi komandaların yer aldığı Ukrayna çempionatına liderlik edir.

Premyer Liqada “Qəbələ” ilə qarşılaşmadan sonra bu oyunun hazırlığına başlayan ağdamlılar artıq Bakı toplanışını başa vurublar. Komanda gündə bir məşq etməklə kifayətlənib. Qurban Qurbanovun yetirmələri bu gün Kiyevə yola düşəcək və son məşqini də qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.

Rəhbərlik dəstək istədi

“Qarabağ” rəhbərliyi Ukraynada yaşayan soydaşlarımıza müraciət edib. Klubun direktoru Əmrah Çəlikəl Ukraynada, xüsusilə paytaxt Kiyev şəhərində yaşayan, çalışan və təhsil alan azərbaycanlılardan dəstək gözlədiklərini bildirib: “Dnepr”lə oyun “Qarabağ” üçün xüsusi əhəmiyyət daşıyır. Bu matçda qanazacağımız uğur qrupdan çıxmaq uğrunda mübarizə aparmaq şansımızı daha da atıracaq. Biz Ukraynada Azərbaycan diasporunun güclü olduğunu bilirik. Onların Azərbaycan və Qarabağ həqiqətlərinin həmin ölkədə tanıdılması istiqamətində həmişə faəl iş apardıqlarından məlumatlıyıq. İnanırıq ki, Ukraynada yaşayan azərbaycanlılar “Dnepr”lə oyun günü stadiona gələrək işğal altındakı Qarabağımızın adını daşıyan komandanın — “Qarabağ”ın yanında olacaq, ona sonadək dəstək verəcək və bunun da sayəsində biz Kiyevdə uğur qazanacağıq”. Əmrah Çəlikəl bildirib ki, “Qarabağ” matçı stadiondan canlı izləmək istəyən azərbaycanlı azarleşləri pulsuz biletlərlə təmin edəcək.

Çexiyalı tanış hakim

“Dnepr” — “Qarabağ” matçının hakimləri də bəllidir. Oyunu çexiyalı referi Libor Kovrajik idarə edəcək. Ona Kristof Menkl və Yan Patak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petr Blajey yerinə yetirəcək.

Libor Kovarjik bizə tanış olan hakimdir. 38 yaşlı referi 2 il əvvəl “Neftçi”nin Avroliqanın qrup mərhələsindəki matçını idarə edib. O, 2012-ci ilin sentyabrın 20-də “Neftçi”nin Avroliqanın qrupunda debüt etdiyi ilk turda “Partizan”la səfər görüşündə baş hakim olub. Kovarjik Belqradda qolsuz başa çatan görüşdə hər 2 komandaya 3 sarı vərəqə göstərməsi ilə yadda qalmışdı. Çexiyalı referi futbolçular arasında davanın düşdüyü bu görüşdə “Neftçi”dən paraqvaylı yarımmüdafiəçi Erik Ramos (41), braziliyalı müdafiəçi Bruno Bertuççi (73) və serbiyalı qapıçı Saşa Stamenkoviçi (75) cəzalandırıb. Kovarjik Ukrayna təmsilçilərinin də 1 oyununda idarəçilik edib. O, 2011-ci ildə Avroliqanın qrup mərhələsində “Vorskla”nın “Standard”la matçında baş hakim olub. Bu görüşdə Poltava təmsilçisi belçikalılara 1:3 hesabı ilə uduzub.

“Dnepr” 22 dəfə “Neftçi”yə rəqib olub

“Dnepr” SSRİ çempionatlarından Azərbaycan futbolçularına tanışdır. Dnepropetrovsk təmsilçisi Azərbaycanın güclülər dəstəsindəki komandası “Neftçi” ilə 22 dəfə üz-üzə gəlib. Çempionatda baş tutan qarşılaşmalarda ukraynalılar 13, “Neftçi” 4 qələbə qazanıb. 5 görüş isə heç-heçə nəticələnib. “Dnepr” 43, bakılılar isə 25 qol vurub. Komandalar arasında son çempionat matçı 1988-ci ildə Bakıda keçirilib. 26 il əvvəlki son dueldə qalib müəyyənləşməyib — 2:2. “Dnepr” həmin il SSRİ çempionu adını qazanıb.

Zozulya hazırdır

“Dnepr”in futbolçusu Roman Zozulya zədəsini sağaldıb. 24 yaşlı hücumçu sabah “Qarabağ”a qarşı oynayacaq. Tibbi müayinədən keçən Zozulyanın bu oyuna hazır olduğu bildirilib.

“Bilirəm ki, “Barselona”nın “tiki-taka” sisteminə oxşar oyun tərzləri var”

“Dnepr”in baş məşqçisi, klub nümayəndəsi və futbolçuları da bu qarşılaşma ilə bağlı fikirlərini bildiriblər. İndi də həmin açıqlamalarla sizi tanış edirik.

Miron Markeviç (baş məşqçisi): “Bizi qarşıda “Dinamo”, “Şaxtyor” və “Volın”la görüşlər, həmçinin Avropa Liqasının həlledici oyunları gözləyir. Çox gözəl başa düşürük ki, bu, heç də asan qrafik deyil. Hazırlıq planında dəyişiklik etmək niyyətində deyilik. Belə də oynamalı olacağıq. Harasa qaçan deyilik və rəqiblərdən çəkinmirik. Bizim üçün Ukrayna çempionatı daha vacibdir. Əlbəttə, Avroliqada da mərhələ keçmək istəyərdik. Amma ölkə çempionatını daha üstün tuturuq”.

Ruslan Rotan (kapitan): “Bizim üçün hansı oyuna çıxmağın fərqi yoxdur. Həm Avroliqada, həm də Ukrayna çempionatında uğurlu çıxış etmək istəyirik. Bəlkə də baş məşqçimiz Miron Markeviç çempionata daha çox önəm verir. Amma mən fərqli düşüncədəyəm. Qarşıda “Qarabağ”la oyun var. Çempionat matçlarına necə ciddi çıxırıqsa, bu qarşılaşma da bizim üçün elə olacaq. Çalışacağıq ki, doğma meydançada qələbə qazanaq və qrupda ilk 3 xalımızı əldə edək. “Qarabağ”la matç bizim üçün həlledici oyunlardan olacaq. Ona görə də bütün gücümüzü sərf etməliyik”.

İvan Striniç (müdafiəçisi): “Rəqib haqda az-çox nəsə bilirəm. Əgər Azərbaycan çempionatında oynayan bir komanda qrup mərhələsinə qədər gəlibsə, bu yaxşı haldır. Bundan öncə “Sent-Etyenn” və “İnter”ə qarşı yaxşı mübarizə apardılar. Qrupda keçirdikləri oyunların da bir hissəsinə baxmışam. Bilirəm ki, “Barselona”nın “tiki-taka” sisteminə oxşar oyun tərzləri var. Bu bizim üçün problem olacaq. Şəxsən mənim fikrimcə, Azərbaycan millisindən fərqli, “Qarabağ” daha ciddi rəqibdir. Kiyevdə bizi gərgin və maraqlı qarşılaşma gözləyir. Çox çətin komandalarla eyni qrupda yer almışıq. İnanıram ki, növbəti mərhələyə adlaya biləcəyik. Fikrimcə, bu qrupda favorit yoxdur. Bütün komandaların növbəti mərhələyə adlamaq şansı var. “İnter”in gücü onsuz da hər kəsə bəllidir. “Sent-Etyenn” də Fransa çempionatından gəlib. Onlar da güclü liqada çıxış edirlər. “Qarabağ” da güclü komandadır. Maraqlı mübarizə gedəcək. “Dnepr” yaxşı komandadır. Amma Avropada daha böyük klublar var. Gəlin, reallıqla barışaq ki, biz bu gün Avroliqanın qalibi ola bilmərik. Ən azı qrupdan çıxmağa çalışacağıq”.

Sergey Kravçenko (yarımmüdafiəçi): “Bütün komanda yoldaşlarım güclü rəqibə qarşı oynayacağımızı bilir. “Qarabağ” Azərbaycan çempionu olubsa, deməli, güclüdür. Çətin və maraqlı qarşılaşma olacaq. Qalib gəlməyə, 3 xal qazanmağa çalışacağıq. Rəqibin heyətində 3-4 braziliyalı futbolçu, həm də Azərbaycan millisinin bir neçə futbolçusu var. Bu, rəqibin gücündən xəbər verir. Çətin qrupda yer almışıq. Düşünürəm ki, ilk pilləni “İnter” tutacaq. Bu, şübhəsizdir. Qalan 3 komanda isə 2-ci yer uğrunda mübarizə aparacaq. Yəni bir şansımız var, o da ikincilik. Bizim üçün “Qarabağ”la oyunlar çox önəmlidir. Çünki növbəti mərhələnin taleyini müəyyənləşdirəcək oyunlardır. Kim bu matçlarda daha çox xal toplasa, qrupdan çıxacaq. Baş məşqçimiz bildirib ki, Ukrayna çempionatı daha vacibdir. Bu, onun fikridir. Mənə görə, hər iki turnir önəmlidir. Həm Premyer Liqada, həm də Avroliqada qələbələr qazanmalıyıq. Məncə, “Dnepr” bu gücə malikdir. İnanıram ki, qarşıdakı oyunlarda əlimizdən gələni edib, uğurlu nəticələr göstərəcəyik”.

Andrey Rusol (icraçı direktor): “Biz həm Avroliqa, həm də Ukrayna Premyer Liqasında eyni oyunu göstərməyə qadir komandayıq. Fiziki və psixoloji vəziyyətimiz buna imkan verir. Əgər peşəkar olduğumuzu deyiriksə, Avroliqanı çempionatdan aşağı tutmamalıyıq. Bu turnir də komandamız üçün önəmlidir. Qarşıda bizi “Qarabağ”la oyun gözləyir. İnanıram ki, daxili çempionatda qazandığımız qələbələr seriyasını Avroliqada da davam etdirəcəyik. Biz qrupda çıxmaq istəyirik. Amma heç də asan olmayacaq”.

23 oktyabr

00:05 “Dnepr” (Ukrayna) — “Qarabağ” (Azərbaycan)

Hakimlər: Libor Kovrajik, Kristof Menkl, Yan Patak, Petr Blajey (Çexiya)

Kiyev. “Olimpiyski” stadionu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here