Vəsait ayrılan kimi bu işlərə də başlanılacaq

0
164

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü  şəhərin sağ sahil qəsəbəsində  oldu. Sakinləri salamlayan şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhərimizin ayrı-ayrı məhəllələrində  keçirilən səyyar görüşlərin əsas məqsədinin insanları narahat edən problem və çətinlikləri üzə çıxarmaq olduğunu bildirdi. Qeyd etdi ki,  ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində geniş işlər görülüb. Bütün görülən işlərlə yanaşı sakinləri də narahat edən problemlər öyrənilir, həlli yolları mərhələ-mərhələ həyata keçirilir. Başçı sakinlər qarşısında çıxış edərək bildirdi ki, ötən illər ərzində regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində ardıcıl işlər görülüb. Çoxmərtəbəli binaların dam örtükləri əsaslı təmir edilib, parklar, xiyabanlar, istirahət bağları salınıb  və abadlaşdırılıb, bir çox binaların fasadları üzlənərək rənglənib. 15 məhəllə abadlaşıb sakinlərin ixtiyarına verilib. Digər məhəllələrdə də işlər davam etdirilir.

Sakinlər bütün bunlara görə ölkə rəhbərliyinə, həmçinin icra başçısına minnətdarlıq bildirdilər. Sakinlər bununla yanaşı, onları onları narahat edən problemləri də dilə gətirdilər. Məsələn, qəsəbə sakini Adil Nəsibov  bildirdi ki, onların ən böyük problemi binalarında istilik sistemi ilə bağlıdır.

Bütün qaldırılan problemləri qeydiyyata götürən başçı məsələlərin həlli üçün aidiyyatı qurumlara tapşırıqlarını vedri. Bildirdi ki, şəhərə başçı təyin olunan gündən çalışır ki, istilik sistemi problemini həll etsin: “Bununla bağlı danışıqlar aparılıb. 4 qazanxananın bərpası, ikisinin isə tikintisi nəzərdə tutulur. Vəsait ayrılan kimi bu işlərə başlanılacaq. Mən sizi əmin edirəm ki, bu problem də həllini tapacaq”.

Esmira Hidayətova, Mingəçevir