Qubada kütləvi məhsul yığımına başlanılır

0
64

Gələn həftədən etibarən Qubanın alma bağlarında kütləvi məhsul yığımına başlanılır. Bu il bağlarda məhsuldarlıq yüksəkdir.

Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar. Bağlarda cərgə araları təmizlənib, meyvə toplanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilib.

Təsərrüfatçı Şirin İlyasov, ilk növbədə, tezyetişən alma sortlarının məhsul yığımının başa çatdırıldığını, sentyabrın 15-dən isə kütləvi yığıma başlayacaqlarını bildirib. Qırx ilə yaxındır meyvəçiliklə məşğul olan bağban builki qiymətlərin də qənaətbəxş olduğunu söyləyir.

Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verir.

Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov azərtac-a müsahibəsində bildirib ki, əksər bağbanlar yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarıblar. Quba alması daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir. Hazırda bağbanlar almanın bir kiloqramını keyfiyyətindən asılı olaraq 50-60 qəpiyə satırlar.

Məhsuldarlıq daha çox intensiv və superintensiv alma bağlarında müşahidə olunur. Müasir suvarma üsulunun tətbiqi və yeni növlərin ənənəvi bağlara nisbətən daha məhsuldar olması bağbanların bu sahəyə marağını artırıb.

Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir.

Bağ sahəsi çox olan sahibkarlar meyvənin itkisiz yığılması üçün təsərrüfatlarına əlavə işçi qüvvəsi də cəlb edirlər. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.

Qubada 13 min 484 hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Ötən il rayonun alma bağlarından 125 min 418 ton məhsul toplanıb.