Qubada xüsusi istedadlar sinfi qəbul imtahanlarında 100 faizlik nəticə göstərib

0
56

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin xüsusi istedadlar sinfi ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstərib. Belə ki, XI sinfi bitirən 23 şagirdin hamısı tələbə adını qazanıb.

Məzunlar arasında ən yüksək nəticəni Əli Əliyev əldə edib. Qəbul imtahanlarında 628 bal yığan Əli Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Ümumilikdə isə məzunların üçü 600, səkkizi 500, altısı isə 400 baldan yüksək nəticə əldə edib.

Şagirdlərin sinif rəhbəri Şəfəq Cəfərova bildirir ki, bu nəticə əvvəlcədən gözlənilirdi. Çünki xüsusi istedadlar sinfində Təhsil Nazirliyinin keçirdiyi imtahanda uğur qazanan şagirdlər oxuyurdu. Həmin şagirdlərə ənənəvi fənlərlə yanaşı, nitq mədəniyyəti və məntiq dərsləri də tədris olunub.

Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyini ötən tədris ilində iki XI sinif bitirib. Ümumilikdə məktəbdə təhsilini başa vuran 45 şagirddən 43-ü ali məktəblərə daxil olub.

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd verən qubalı məzunlardan 506 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 15 nəfəri 600, 54 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib. Onlardan 128 nəfəri pedaqoji ixtisaslara üstünlük verib. azərtac