Xınalıq Qubanın ən çox ziyarət olunan beş marşrutundan biridir

0
26

Quba Azərbaycanın ən mühüm turizm istiqamətlərindən biridir. Bakıya yaxın olduğu üçün turistlərin bura axını son zamanlar artıb.
Bu sözləri AZƏRTAC-a Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Vəliyev Xınalıq kəndində “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalında deyib.
“Quba özünün maddi və qeyri maddi məhsulları ilə dünyada tanınır. Bunlar Quba paxlavası, buranın qastronomiyasıdır. Tarixi mədəni abidələrinə gəldikdə Cümə məscidi, Səkinə xanım məscidi, Hündür günbəzli hamam, Baba Rüstəm türbəsi və digər abidələri misal çəkmək olar. Bu rayonun Afurca, Qəçrəş, Xınalıq kəndləri də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.
Xınalıqdan ayrıca danışdıqda bu kənd coğrafi mövqeyinə görə Azərbaycanın turizm məhsulu hesab olunur. Xınalıq Qubanın ən çox ziyarət olunan beş marşrutundan biri sayılır. Buna səbəb onun tarixidir. Burada “Dağların başı” layihəsi çərçivəsində keçirilən musiqi festivalı da bu kəndin turizm potensialının artmasına kömək edəcək. Bu cür tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur”, -deyə H.Vəliyev bildirib.