Həbib Nurməhəmmədov Poryeyə qalib gəldi

0
32

Qarışıq döyüş növlərinin (MMA) UFC 242 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Dastin Porye arasında döyüş keçirilib.

Görüş Əbu-Dabi şəhərində baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib. O, üçüncü raunda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

H.Nurməhəmmədov bu döyüş üçün 6 milyon dollardan çox qonorar alacaq. Bunu onun atası Abdulmanap Nurməhəmmədov açıqlayıb. O döyüşdən öncə bildirib ki, oğlu 2 milyon dollar əldə etdiyi irlandiyalı Konor Makqreqorla döyüşdən 3-3,5 dəfə çox qazanacaq.

Qeyd edək ki, 2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəmərini qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb.

Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb. Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyib, altı ay müddətinə diskvalifikasiya edib. Rusiyalı döyüşçü isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılaraq 500 min dollar məbləğində cərimələnib.

Otuz yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 28 döyüşün hamısını qələbə ilə başa vurub.

Dastin Porye bu il aprelin 14-də öz həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və müvəqqəti çempion titulunu qazanıb. Otuz yaşlı Poryenin aktivində 25 qələbə və 6 məğlubiyyət var, daha bir döyüş isə baş tutmamış hesab edilib.