Bağırovun Xruşovu güllələməsi

0
44

Aralarındakı söhbət çox da uzun çəkmir. Mircəfər Bağırov adəti üzrə üstündə gəzdirdiyi “Mauzer” tapançası ilə hamının gözü qarşısında Xruşovu güllələyir və oradan birbaşa Moskvaya, Stalinin yanına yollanır…

Maraqlıdır, Mircəfər Bağırov hansı səbəbdən bir anın içində bu cür sərt qərar qəbul edib?

Məlum olduğu kimi, 1941-1945-ci illərdə alman faşizminə qarşı mübarizə aparmaq üçün Azərbaycandan 681 min nəfər cəbhələrə yollanıb. Onlardan 300 min nəfəri döyüşlərdə həlak olub.

Müharibə zamanı azərbaycanlıların qəhrəmanlıqları haqqında arxivlərdə çoxlu sayda sənədlərə rast gəlmək olar, o cümlədən kütləvi informasiya vasitələrində də azərbaycanlı qəhrəmanlarla bağlı yüzlərlə yazı dərc olunub. Bir faktı qeyd edək ki, göstərdikləri qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Həmçinin qələbənin təmin olunmasında Azərbaycan neftinin rolu da danılmaz faktdır.

Təbii ki, müharibənin gedişindəki Azərbaycanın rolu ilə bağlı bu və digər faktlar paytaxt Bakının “Qəhrəman şəhər” statusu adına tam layiq olduğunu deməyə əsas verir.

Təəssüf ki, SSRİ Ali Soveti Rəyasət Heyəti qəhrəman şəhərlər haqqında qərarlar qəbul edəndə Azərbaycana qarşı böyük ədalətsizliyə yol verib.

Amma Azərbaycana qarşı ədalətsizliklər təkcə qərarlar qəbul ediləndə olmayıb, elə müharibə başlanan ilk günlərdə soydaşlarımıza qarşı da fərqli münasibət bəslənilib.

Müharibə başlananda Azərbaycandan, xüsusilə də əyalətlərdən ayrı-ayrı cəbhələrə yollananların çoxusu rus dilini bilmədiyindən hərbi hissə komandirlərinin rus dilindəki əmr və göstərişlərini anlamaqda çətinlik çəkiblər. Bu azərbaycanlı döyüşçülərlə qeyri-azərbaycanlı komandirlər arasında kifayət qədər ciddi problemlər yaradıb.

Əsasən milliyətcə rus olan komandirlər heç nəyi nəzərə almadan azərbaycanlılara qarşı layiq olmadıqları cəzaları tətbiq ediblər. Elə yerindəcə güllələnmə, cərimə batalyonlarına göndərilmə, hərbi tribunal qarşısında cinayət işi qaldırmaq kimi hallar kütləvi şəkil alıb. Sözsüz ki, bu cür münasibət azərbaycanlılar haqqında xoşagəlməz fikir formalaşdırıb.

Baş verən hadisələrlə bağlı Azərbaycan KP MK-ya mütəmadi olaraq məlumatlar daxil olub, şəxsən birinci katib Mircəfər Bağırova məxfi və ya açıq şəkildə müraciətlər ünvanlanıb. Bu müraciətlərdə azərbaycanlı döyüşçülərin təhqir olunması, alçaldılması, onlara qarşı qeyri-sağlam münasibətin göstərilməsi bütün təfsilatı ilə əks olunub.

Azərbaycanın birinci katibi Mircəfər Bağırov həmin dövrdə həm də Qafqaz Cəbhəsi Hərbi Şurasının üzvü olub. Bağırov məsələləri yerində aydınlaşdırmaq üçün cənub cəbhəsində azərbaycanlıların daha çox olduğu hərbi hissələrin birinə yollanıb. 
Bağırov əvvəlcə azərbaycanlı əsgərlərlə görüşüb, onları sona qədər dinləyib. Sonra hərbi hissə komandiri Yevgeni Xruşovu bu görüşə dəvət edib. Hərbi hissədə hamı yanlış olaraq elə bilib ki, Yevgeni Xruşov həmin dövrdə Ukraynanın birinci katibi olan Nikita Xruşovun qardaşıdır. Amma əslində onların heç bir qohumluq əlaqəsi olmayıb.

Bağırovla Xruşovun arasında söhbət çox da uzun çəkməyib. O, bir daha öz fikrini komandirə çatdırıb:

– Siz gərək bizim əsgərlərin rus dilini bilməməsi ilə bağlı vəziyyəti nəzərə alasınız.

Xruşov qarşısındakının kim olduğunu fərqinə varmadan sərt cavab verib:

– Bu qanmazlara dil öyrətmək mənim borcum deyil…

Bu ifadədən sonra Bağırov söhbəti davam etdirməyi mənasız sayıb və üstündəki tapançanı çıxararaq hamının gözü qarşısında Xruşovu güllələyib. O, Xruşov soyadlı komandirin Nikita Xruşovun qohumu olub-ilmaması faktına məhəl qoymayıb, hətta elə bilib ki, bu adam məhz o nəsildəndir. Bağırovun belə ötkəm davranmasının səbəbi isə Lavrenti Beriya ilə olan möhkəm dostluq əlaqəsi olub.

Təbii ki, hərbi hissə komandirinin güllələnməsi ilə bağlı məlumat dərhal Moskvaya, Dövlət Müdafiə Komitəsinə çatdırılıb. Mircəfər Bağırov gözləməyib ki, məsələni Kremldə onsuz müzakirə etsinlər. O, Stalinin dəvətini gözləmədən birbaşa Moskvaya yollanıb.

Görüş zamanı Bağırov Stalinə törətdiyi əməli əsaslandıra bilib, Dövlət Müdafiə Komitəsinin sədri Azərbaycanın birinci katibinin haqlı olduğunu bildirib. Məhz elə bu hadisələrdən sonra Azərbaycanın milli diviziyalarının formalaşdırılması işi sürətləndirilib. Sırf azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyası da belə yaranııb.

İlham Cəmiloğlu, Musavat.com