Bugündən ikinci sosial paketin icrasina başlanılir

0
70

* 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin cari il ərzində təqdim etdiyi iki sosial paket həmin bəyanatın yüksək səviyyədə reallaşmasını, ölkəmizdə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib.

* Cari ilin ilk aylarında dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqları və minimum pensiyanın 40, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması, sosial müavinətin iki yeni növünün tətbiqi və digər mühüm sosial tədbirlər 3 milyon vətəndaşımızın rifahının yaxşılaşmasına ciddi dəstək olub.

* Prezidentin cari ilin 18 iyun tarixli sərəncamları ilə ikinci böyük sosial paketin reallaşdırılması nəticəsində isə Azərbaycanda minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 250 manata çatdırılaraq yaşayış minimumunu 40 faizədək üstələmiş olacaq, cari ildə minimum əməkhaqqının məbləğinin ümumi artımı 93 faiz təşkil edəcək. Artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında manatın alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.

* Eyni zamanda dövlət başçısının yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləği 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Nəticədə cari il ərzində minimum pensiyaların məbləğinin ümumi artımı 72 faiz olacaq və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələyəcək.

* Artımdan sonra Azərbaycanda minimum pensiyaların məbləği MDB ölkələri arasında nominal indeks üzrə 2-ci, manatın alıcılıq qabiliyyətinə görə 1-ci yerdə qərarlaşacaq. Ümumilikdə ikinci sosial paket daha 2,1 milyon vətəndaşı əhatə edəcək.

* Bütövlükdə 2019-cu ildə qəbul edilən aktlarla 4,2 milyon vətəndaşımızın sosial rifahına ciddi dəstək verilməsi üçün illik maliyyə tutumu 3,9 milyard manata bərabər islahatlar həyata keçirilmiş, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi fikir – dövlət siyasətinin mərkəzində insan amilinin, vətəndaşlarımızın sosial rifahının dayanması siyasəti bir daha öz təsdiqini tapmışdır. (“Azərbaycan” qəzeti)