Metal parçasını zinət əşyasına çevirən gənc

0
37

Roman Həsənov Quba şəhərində yerləşən ABAD (Ailə Biznesinə Asan Dəstək) Məktəbinin ilk məzunlarındandır. 2018-ci ilin iyul ayında burada təşkil olunan zərgərlik kurslarına qatılaraq bu sənətin sirlərini öyrənib. Artıq sərbəst şəkildə zərgərlik məmulatları hazırlayan Roman yaxın gələcəkdə öz şəxsi emalatxanasını açmaq istəyir.

Roman Həsənov 1987-ci ildə Quba rayonunun Qacarzeyd kəndində dünyaya göz açıb. İxtisasca qarmon musiqi aləti üzrə müəllimdir. Aldığı musiqi təhsilinə baxmayaraq, uşaqlıqdan zərgərlik sənətinə xüsusi həvəsi olub.

Roman Həsənov artıq tam səlahiyyətli bir ABAD-çıdır. Bir il ərzində zərgərlik bacarığını daha da mükəmmələşdirib.

“Uşaqlıq illərində adi məftillərdən boyunbağı, üzük düzəldirdim. Yəni, bu sənətə kiçik yaşlarımdan marağım olub. Qubada “ASAN Həyat” kompleksində olanda zərgərlik kursları haqqında, ABAD-ın mənim kimi gənclərə yaratdığı şərait barədə məlumat aldım və qoşulmağa qərar verdim. 6 aylıq kurs çərçivəsində metallarla, turşularla tanış olduq, tədris aldıq. Vaxt ötdükcə bu sənətin incəliklərini öyrəndim və zərgər kimi formalaşdım”, – deyə R.Həsənov söyləyib.

Gənc zərgər bu sənətin səbir, diqqət və incəlik tələb etdiyini deyir. Kiçik bir bəzək əşyasını hazırlamaq üçün 2-3, bəzən isə 10 gün vaxt sərf olunur. Öncə əl işinin eskizi hazırlanır, daha sonra metal əridilərək formaya salınır. Müxtəlif proseslərdən keçdikdən sonra boz metal parçası göz oxşayan zinət əşyasına çevrilir. Roman hazırladığı bəzək və zinət əşyalarını başqalarının üzərində görəndə peşəsindən xüsusi zövq aldığını bildirir.

“Hazırladığım zərgərlik məmulatları ABAD satış-sərgi mərkəzlərində alıcılara təqdim olunur. Qiymətləri bazara uyğundur. ABAD Məktəbdə işləyib yaratmaq üçün bütün şərait var. Amma gələcəkdə öz emalatxanamı açmaq istəyirəm. ABAD-a arzularımı gerçəkləşdirdiyinə görə təşəkkür edirəm”, – deyə gənc zərgər qeyd edib. azərtac