Mingəçevirdə yerli yazarlarla görüş keçirilib

0
266

Mingəçevir Heydər Əliyev  Mərkəzində AYB Mingəçevir bölməsi üzvləri ilə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirilib.

Əvvəlcə yerli yazarların əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib. Daha sonra İlham İsmayılov giriş sözü ilə çıxış edərək yazarlara yaradıcılıq uğurları arzulayıb və bildirib ki, bu görüş hamı üçün yadda qalan bir görüş olacaq və yaradıcılığınızda da öz əksini tapacaq: ”Mən şəhərə rəhbərlik etdiyim ilk gündən demək olar ki, hər həftə Mingəçevirin müxtəlif yaşayış massivlərində “Səyyar görüş”lər keçirir, əhalini narahat edən bir sıra məsələlərin mərhələ-mərhələ həll olunması üçün imkanlarımız daxilində işlər görürəm.

Qeyd etdiyim kimi, şəhər İcra Hakimiyyətinin başçısı kimi AYB Mingəçevir bölməsində olunan yazarlarımızla da görüşməyi nəzərdə tutmuşdum və bu gün sizin qarşınızdayam. AYB Mingəçevir bölməsinin xətti ilə görülən işlərin əksər hissəsindən hərtərəfli məlumatım var. Qürur hissi ilə deyirəm ki, 20 il əvvəl yaradılan bu yaradıcılıq təşkilatına ilk xeyir-dua verənlərdən biri də mən olmuşam. Ayrı-ayrı vaxtlarda bölmənin xətti ilə keçirilən poeziya və yubley gecələri, kitab təqdimatları ən əlamətdar hadisə kimi xoş xatirələrə çevrilib.  Ən başlıcası isə bölmədə istedadlı gənc yazarların püxtələşməsi üçün münbit şərait yaradılıb və mən bunu yüksək qiymətləndirirəm. Mən bir daha hamınıza uğurlar arzulayır və hər birinizin deyəcəyiniz sözləri dinləməyə hazır olduğumu bildirirəm”.

Görüşdə AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə və digər yazar və şairlər çıxış edərək bu günkü səmimi  görüşə görə icra başçısına minnətdarlıq bildirib, öz ürək sözlərini bölüşüblər.

Esmira Hidayətova, Mingəçevir