Bizim yolumuz yüksəliş yoludur

0
50

Artıq 2019-cu ilin 8 ayı arxada qalmaqdadır. Bu müddətdə  ölkənin əsas sənaye şəhərlərindən olan Mingəçevirdə hansı işlər görülüb? Bu və digər suallarla Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova müraciət etdik.

Müsahibimiz bildirdi ki, Mingəçevir mənim həyatında müstəsna rol oynayan şəhərdir: “Bu şəhərə qanımla, canımla bağlıyam. Ona görə də cənab Prezidentin Sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməyimi şəhər sakinlərinə göstərilən böyük etimad və özüm üçün böyük məsuliyyət kimi dəyərləndirirəm. Ona görə də fəaliyyətimi ölkə rəhbərinin mənə verdiyi tapşırıq və tövsiyələrinə uyğun qururam. Şəhər sakinləri ilə keçirdiyim görüşlərdə də bunu dəfələrlə bəyan etmişəm. Çox sevindirici hal odur ki, sakinlər ölkə rəhbərinə hədsiz inamlarını bildirirlər. Onun diqqət və qayğısını daim hiss edirlər. Bunun nəticəsidir ki, keçirilən hər bir görüşdə konkret məsələlər qaldırılır, irad və təkliflər bildirilir. Necə deyərlər, fəaliyyətimiz üçün daha geniş meydan açılır. Bununla da işə haradan və necə başlamağı dəqiq müəyyənləşdirə bilirik. Uzun illər şəhərdə yaşayan və rəhbər vəzifələrdə çalışan bir şəxs üçün bu faktlar kifayət edir”.

O, həmçinin vurğuladı ki, bu müddətdə şəhərin park, xiyaban, məhəllə və küçələrində, yaşayış binalarında əsaslı və cari təmir işlərinin, su-kanalizasiya, qaz təsərrüfatı və istilik sistemlərinin qaydaya salınması diqqət mərkəzində olub. Daha konkret desək, şəhərin Sol və Sağ sahil, Energetiklər yaşayış massivləri ərazisində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilib, sakinlərin arzu və istəklərinə uyğun əməli işlər görülüb. Uzun illər insanları narahat edən binaların dam örtükləri demək olar ki, tamamilə əsaslı və cari təmirdən çıxarılıb, tüstü və havaçəkən boruları təmizlənib, yağışötürücü borular və giriş hissələri qaydaya salınaraq sakinlərin ixtiyarına verilib. Vətəndaşların müraciəti əsasında məhəllələrdə təhlükə törədən vegetasiya dövrünü başa vurmuş ağaclar budanıb, zirzəmilərin giriş hissələrində dezinfeksiya işləri aparılıb.

Hazırda Mingəçevirdə 17 nümunəvi məhəllə yaradılıb ki, bu məkanlarda sakinlərin istirahəti və uşaqların əylənməsi üçün müxtəlif qurğular quraşdırılaraq müvafiq şərait yaradılıb. Ümumiyyətlə, məhəllələrdəki əksər binaların qarşısına yeni oturacaqlar qoyulub, söhbətgahlar quraşdırılıb. Təmizlik, abadlıq, yaşıllıq sahələrinə diqqət artırılıb. Ötən 8 ay ərzində şəhərin ayrı-ayrı küçə və parklarında müxtəlif növ ağac tingi, qazon, həmişəyaşıl kolu, mövsümi çiçək, gül əkilib ki, bu da insanların əhval-ruhiyyəsinə  müsbət təsir göstərir.

Müsahibimiz “Qələbə meydanı” dairəsində, Dostluq parkı ərazisində və şəhərin Xaldan şosesi tərəfdən giriş hissəsində 2,4 hektaradək ərazidə həyata keçirilən işlərdən də söz açdı: “Qələbə meydanı” önündəki dairə çox primitiv görünürdü, bu da məni, eləcə də şəhər sakinlərini qane etmirdi. Odur ki, onun yenilənməsi, müasir layihə əsasında qurulması məqsədilə əlavə tədbirlər müəyyənləşdirdik. 9 May Qələbə Günü ərəfəsində biz bu layihəni gerçəkləşdirdik. İndi “Aypara və səkkiz guşəli ulduz” abidəsi bura gələnlərin istirahətinə yeni ovqat bəxş edir.”

Dostluq parkının genişləndirilməsi, həmin ərazidə ən müasir tələbələrə cavab verən Dövlət Rəmzləri Muzeyinin yaradılması istiqamətində də işlərə başlanılıb.  Dövlət Rəmzləri Muzeyi istifadəyə veriləndən sonra həm Mingəçevir sakinlərində, həm də buraya gələn qonaqlarda şanlı tariximiz haqqında daha geniş təsəvvür yaratmaq imkanlarımız olacaq. Muzeyə yaxın ərazidə 200 nəfərlik örtülü səhnə, musiqili fəvvarə, uşaq əyləncə qurğuları, oturacaqlar, yeni yaşıllıq zolaqları qurulacaq. Bir sözlə, həmin ərazi  başdan-başa yenilənərək müasirləşəcək.

Şəhərin Xaldan şosesi tərəfdən giriş hissəsində 2,4 hektarlıq sahənin abadlaşdırılaraq böyük bir seyrəngahın yaradılması isə Günəşli yaşayış massivində məskunlaşan insanların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində atılan addımlardır. Hazırda bu sahədə qızğın iş gedir.

İlin ötən aylarında görülən işlər yalnız bunlardan ibarət deyil. Ötən müddət ərzində N.Nərimanov küçəsindəki Qələbə meydanı önündə, Təbriz, Z.Həsənova, Naxçıvan küçələrində, həmçinin 127-ci yaşayış massivi ərazisində asfaltlanma işi uğurla həyata keçirilib. Şəhərdə 148 ədəd yeni işıq nöqtəsi qurularaq istismara verilib. Bununla yanaşı, 74 saylı yaşayış məhəlləsində, Energetiklər yaşayış massivindəki nümunəvi məhəllədə, 127 saylı məhəllədə, Y.Muradov, N.Vəzirov, X.Əliyev, V.Abdullayev, C.Əliyev küçələrində işıqlandırma sistemi demək olar ki, tam başa çatdırılıb.

Müsahibimiz bütün bunlara rəğmən, şəhərdə hələ görüləcək işlərin də çox olduğunu söylədi: “Məqsədimiz şəhərin bütün park və xiyabanlarında məhəllə və meydanlarında, prospekt və küçələrində, idarə və müəssisələrin ərazilərində yenidənqurmaya nail olmaqdır. Mingəçeviri daha abad, daha gözəl şəhərə çevirmək, burada insanların istirahəti üçün hər cür nümunəvi şərait yaratmaqdır. Eyni zamanda, yeni iş yerlərinin açılması istiqamətində də fəaliyyətimizi davam etdiririk. Şəhərdə yeni Xalça fabriki tikiləcək. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.

Şəhər sakinləri ilə mütəmadi görüşlər keçirdiyini vurğulayan İlham İsmayılov daha sonra əminliklə vurğuladı: “Hər bir şəhər sakini bilməlidir ki, onların qaldırdıqları problemlər mərhələ-mərhələ həllini tapacaq və onlar bu şəhərdə məmnunluq hissi ilə yaşayacaqlar. Bizim yolumuz yüksəliş yoludur. Bu, bizi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi xoşbəxt gələcəyə, böyük nailiyyətlərə doğru aparan yoldur.”

Qvami Məhəbbətoğlu,

“İki sahil”