Qurban Qurbanov: “Belə oyun üslubuna hazırlaşmışıq”

0
52

Bu gün Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” komandası ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri səfərdə keçirdiyi görüşdə hesabda öndə olsalar da sonda məğlub olublar (2:3). Ağdam təmsilçisi bir topla qalib gələcəyi halda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sergey İvanova həmyerliləri Roman Usaçov və Valeri Dançenko kömək edəcəklər. Sergey Lapoçkin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi olacaq.

Oyunöncəsi mətbuat konfransında Qurbanov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, futbolda düzgün müdafiə olunmaq vacib terminlərdən biridir: “Belə komandalarla çox oyunumuz olub. Bəzən qol vura bilməmişik, bəzən 3-nü vurmuşuq. Futbolçularımız daha diqqətli olmalıdırlar. Rəqibin müdafiə olunması hücumlarının da başlanğıcı deməkdir. Buna görə də, təkcə qol vurmağı yox, hücumda ola-ola qol buraxmamağı da düşünməliyik. Çətinlik olub-olmayacağını bilmirəm. Amma belə oyun üslubuna hazırlaşmışıq”.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb – 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub – 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer adalarının “Torshavn” komandasını (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) play-off mərhələsinə vəsiqə qazanıb.