Başçı iradlarını da bildirib

0
142

   Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında – Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirilib. Şura iclasında 3 məsələ  – 2019 -2020 –ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlər, vətəndaşların mülkiyyət hüquqlarının qorunması, pozulmuş hüquqların bərbası istiqamətində görülmüş işlər və ”Azərbaycan gəncliyi 2017-2021 –ci illərdə”Dövlət Proqramının icrası ilə əlaqədar Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında Gənclər və İdman idarəsinin rəisi K.Nəcəflinin hesabatı“ müzakirə edilib.


   Birinci məsələ haqqında  şəhər İcra Hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova çıxış edib. Məruzədə və digər çıxışlarda vurğulanıb ki, ən ciddi problem tüstü bacalarının mütəmadi təmizlənməməsi ilə bağlıdır. Xüsusən payız aylarında yarpaqların bacalara tökülməsi sonradan fəsadlara yol açır, nəticədə dəm qazından zəhərlənmələr və insan itkiləri baş verir. O, həmçinin vaxtında budanmayan və ya kəsilməyən qurumuş ağacların da şəhər təsərrüfatına müəyyən fəsadlar yaşada biləcəyini də vurğulayıb.

Vətəndaşların mülkiyyət hüquqlarının qorunması, pozulmuş hüquqların bərpası istiqamətində görülmüş işlər barədə İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Mahir Əliyev məlumat verib.

Şəhər Mühafizə Xidmətinin rəisi Süleyman Paşayevin açıqlamasına görə, onların idarəsi tərəfindən Mingəçevirdə cəmi 149 obyekt qorunur ki, bunun da 36-sı şəxsi mənzillərə aiddir. Bildirib ki, bu rəqəm Mingəçevir üçün çox aşağı bir göstəricidir: “Vətəndaş hər ay üçün cəmi 25 manat ödəməklə mənzilinin mühafizəsini təmin edə bilər”.

“Azərbaycan  gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında” isə Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli hesabat verib. Amma İlham İsmayılov gənclərlə aparılan işin arzu edilən səviyyədə olmadığını diqqətə çatdırıb:  “Vaxtilə mən bu şəhərdə komsomol komitəsinin birinci katibi idim. Gənclərlə vaxtaşırı görüşür, geniş müzakirələr keçirirdik. Böyük otağımız olmadığından indi Bələdiyyədə  yerləşən binadakı konfrans zalından istifadə edirdik. Amma bu gün gənclər təşkilatları Gənclər Evindən, Heydər Əliyev Mərkəzinidən yararlana bilərlər. Vaxtilə Mingəçevirdə universitet, bu qədər kollec də yox idi. Adətən tələbələr Gənclər Evinə gəlirlər. Bəs başqaları? İdarə və müəssisələrdə çalışanlar, işləməyənlər necə olsun? Onlarla da canlı iş qurmaq, belələri üçün  də maraqlı əyləncələr təşkil etmək vacibdir. Mingəçevir gənclərini düzgün isiqamətləndirmək və tərbiyələndirmək günün tələbləri səviyyəsində olmalıdır”.

Sonda şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov hər bir məsələ üzrə yekun fikirlər söyləyərək qarşıda duran vəzifələr haqqında müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verib. İcra başçısı  ən böyük narahatçılığın  ötən əsrin 50-60-cı illərin çəkilmiş yeraltı qaz xətləri ilə bağlı olduğunu bildirib: ”Bu günlərdə şəhərin  avtovağzal yaxınlığında qaz sızmaları müəyyən edilib”. O bu kimi nöqsanların aradan qaldırılması prosesində müəyyən problemlərin də yaşandığını diqqətə çatdırıb. Belə ki, o qeyd edib ki, qazıntı işləri aparılarkən asfalt örtüyü dağıdılır, sonradan onun bərpası isə arzu edilən səviyyədə olmur: “Eyni zamanda qazıntı işləri yollarda avtomobil nəqliyyatının hərəkətinin məhdudlaşdırılmasına gətirib çıxarır. Əgər vaxtında gilizlərdən istifadə olunsaydı, indi boruları dəyişəndə böyük bir ərazini qazmağa ehtiyac qalmazdı.

Tədbirin sonunda İcra başçısı “Xalq” qəzetinin bölgə müxbiri İlqar Həsənova Mingəçevirdə gedən prosesləri obyektiv işıqlandırdığına görə təşəkkürünü çatdırıb və ona 60 illik yubileyi münasibətilə Fəxri Fərman və hədiyyə təqdim edib.

Esmira Hidayətova, Mingəçevir