Gimnastika dünyasının diqqəti bir daha Bakıya yönələcək

0
52

Yayın son günləri gimnastika dünyasının diqqəti bir daha paytaxt Bakıya yönələcək. Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə – bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq. Altmış iki ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.

Çempionatın ilkin qeydiyyat siyahısına əsasən, yarışda çıxış edəcək 300-dən çox gimnast Olimpiadaya yeni namizəd olmaq üçün bütün güclərini toplayaraq yarışacaqlar. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) lisenziya əldə edə biləcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Builki çempionatda çoxnövçülük xalları üzrə daha beş ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

“Nağıllar gerçəkləşək” devizi altında təşkil edilən çempionatın ən yadda qalan hissələrindən biri isə möhtəşəm açılış mərasimi olacaq. Təşkilatçılar bu dəfə də rəngarəng, bənzərsiz və izləyənləri nağıllar aləminə “səyahətə aparacaq” şou vəd edirlər. Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” adlı şou ilə yanaşı, Azərbaycanın məşhur ifaçılarının iştirakı da təsdiqlənib.

Çempionatın məhz birinci günündə – açılış mərasimində respublikamızla yanaşı, digər ölkələrdə də məşhur olan Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən nəğmələri ilə izləyənlərin qəlbini fəth edəcək. Tanınmış Azərbaycan müğənnisi və bəstəkarı, Əməkdar artist Tünzalə Ağayeva isə Azərbaycanın dövlət himnini akapella üslubunda ifa edəcək.

Açılış mərasiminin maraqlı məqamları bununla məhdudlaşmır. Mərasimdə dünya çempionatının ulduz səfiri Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış mahnını səsləndirəcək.

Dünya çempionatının səfiri bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina da yarışları tamaşaçılarla birlikdə izləyəcək.

Çempionat zamanı Azərbaycan Gimnastika Federasiyasının rəsmi talismanı, hər kəsin sevimlisi “Qur-Qur” da tamaşaçılarla olacaq. Dünya səyahətindən Bakıya yenicə qayıtmış “Qur-Qur” təəssüratlarını azarkeşlərlə bölüşəcək.

Bundan başqa, yarış boyunca tamaşaçıları maraqlı müsabiqələr və əyləncəli anlar da gözləyir