Etiraf, yaxud aysberqin görünməyən tərəfləri

0
53

Onu həmişə kəndimizdə, ya da rayon mərkəzində görəndə sadəcə salam verib yanından keçərdim. Daha yaxınlaşıb hal-əhval tutmazdım. Yox, aramızda heç bir inciklik yox idi. Üstəlik, rəhmətlik atamla onun çox yaxşı münasibəti vardı. Hətta atam buna görə məni danlayardı da… Mən isə susmaqla atama cavab verərdim. Amma həmişə onunla həmsöhbət olmaq istəyirdim. Məndən 9 yaş böyük olan bu şəxs də sanki bunu hiss etmişdi.

…“Zaman-Azərbaycan”qəzetində çalışarkən bir nəfərin məni soruşduğunu dedilər. Zəng edən şəxs adını unutduğum bir yazım haqqında ədəbiyyat adamı kimi öz dəyərli fikirlərini bildirdi. Və söhbətinin sonunda özünü: “Oxucularınızdan biriyəm”,- deyərək özünü təqdim etdi. Amma onun belə təqdimatı ilə razılaşmadım. Adını, soyadını da deməsini israr etdim. O: “Həkim Cabir Məmmədov” deyəndə elə bil dünyanı mənə verdilər.

Bəli, o, illər boyu yanından yalnız salam verib keçdiyim kəndimizin ilk ali savadlı həkimi, “gümüş oğlan” kimi yaddaşıma həkk olunmuş Cabir Məmmədov idi. Elə o gün cəsarətləndim və onunla üzbəüz oturub həmsöhbət olmaq fikrinə düşdüm. Amma bəzi səbəblərdən  o günlərdə onunla görüşmək  mənə nəsib olmadı.

… Bu günlərdə – istrirahət günlərinin birində Qubada olarkən tərəddüd etmədən Cabir həkimə zəng etdim. O, salam-kəlamdan sonra: “Elə indi gəlirəm”,- dedi və vədə verdiyi vaxtda görüş yerinə özünü çatdırdı. Özü də tanınmış şairimiz Ramiz Qusarçaylı ilə… Sən demə, o, Ramiz Qusarçaylının poeziyasının da pərəstişkarı imiş. Söhbət üçün müvafiq məkanı da “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımovun “xeyir-duası” ilə Cabir həkim seçdi. Az sonra biz elə Cabir həkimin maşını ilə Qəçrəş meşəsindəki istirahət məkanlarından birinə üz tutduq. Yeri gəlmişkən, qeyd edim ki, elə “fıstıqlı dağ ətəyi” mənasını verən Qəçrəşi  bütün ölkəmizdə məşhur edən də bu meşə sahəsidir. Təbiət mənzərələri və  istirahət mərkəzləri ilə diqqət çəkən Qəçrəş ilin bütün fəsillərində çoxsaylı turist qəbul edir.

…Secdiyimiz məkanın məsul əməkdaşları, eləcə də xidmətçiləri Cabir həkimi görən kimi: “Həkim də bizi yad edərmiş”, – deyərək, yarızarafat-yarıgerçək: “Həmişə biz xəstəxanaya gələsi deyilik ki”, – söylədilər. Cabir həkim sadəcə vaxtdan gileylənməklə onların irqadlarına münasibət bildirdi.

Çay içə-içə söhbətimiz elə qızışdı ki… Mən sadəcə Cabir həkimin söylədiklərinə daha çox fikir verməyə çalışırdım. O, ədəbiyyat aləmindən  elə danışırdı ki, Nizamidən, Füzulidən, Nəsimidən, eləcə də çağdaş yazarlarımızdan elə şeirlər söyləyirdi ki, onu tanımasaydım deyərdim ki, bu ki xalis ədəbiyyatçıdır. Bu fikrimi Ramiz Qusarçaylıya pıçıldayanda şair: -“Elədir ki var”, – dedi. Az sonra Cabir həkim Anton Pavloviç Çexovun: “Həkimlik mənim kəbinli arvadım, ədəbiyyat isə sevgilimdir” fikrini dilə gətirməklə müşahidəmdə yanılmadığımı təsdiqlədi.

Sözün düzü, onun dediklərindən, söylədiyi fikirlərindən çox şey əxz etdim. Hətta indiyədək onunla həmsöhbət olmadığıma görə özümü qınadım da… Buna rəğmən, bir zamanlar Cabir həkimə qarşı olan “soyuqluğuma” da aydınlıq gətirməyə cəhd etdim:

-Cabir həkim, bəri başdan bildirim ki,  o zamanlar mənə elə gəlirdi ki, orta məktəbi gümüş medalla bitirmiş Sizin kimi bir şəxslə həmsöhbət olmaq üçün mənim bilik səviyyəm elə də yetərli deyil. Daha doğrusu, qorxurdum ki, birdən məni imtahana çəkə və mən də imtahanınızdan kəsiləm. Siz də: “Savadda, bilikdə heç atan Məhəbbət müəllimə oxşamadın”, – deyəsiniz. Özlüyümdə  “Gümüş oğlan” ləqəbi verdiyim Sizə qarşı olan “soyuqluğum”, Sizdən “qaçmağım” da elə bundan irəli gəlirdi. Hə, onu da deyim ki, Siz bizim  Alpan kənd orta məktəbini gümüş medalla bitirmiş ilk və sonuncu məzun olmusunuz. Sözün düzü, mən bu rekordunuzu təzələmək niyyətində idim. Deyirdim ki, bir gün Cabir həkimə  özümü yeni bir medalçı kimi təqdim edəcəyəm. Amma məndən asılı olmayan səbəblərdən buna nail ola bilmədim. Son anda bu da məndə Sizə qarşı  daha bir “soyuqluq” yaratdı.

Cabir həkim bu sözlərimdən sonra bayaqdan bəri əlində saxladığı stəkandakı çaydan bir neçə qurtum içdi. Nəsə söyləmək istədi. Amma dinmədi. Bu arada Ramiz Qusarçaylı dilləndi:

-Cabir həkim, məncə, bu, Sizə olan sayqıdan irəli gəlib…

Mən isə fikirmi davam etdirdim:

-Bu məsələdə sonradan daha bir amil də mühüm rol oynadı. Nədənsə mən Sizi həmişə Azərbaycan teatrı və kinosunda bir-birindən maraqlı, yaddaqalan obrazlar yaratmış, metroda, yolda, ümumiyyətlə, ictimai nəqliyyatda rastlaşdığım Xalq artisti Fuad Poladova oxşatmışam. Hətta onunla (Allah rəhmət eləsin) üzbəüz gələndə belə xarici görünüşündən, üstəlik, yerişindən elə bilmişəm ki, o, Sizsiniz (Allah sizə ömür versin). Odur ki, onun da yanından keçəndə sadəcə salam verməklə kifayətlənmişəm. Bəlkə də Fuad Poladovla da daha dərindən həmsöhbət olmağıma elə bu “ənənəm” mane olub. Amma bu gün hiss etdim ki,  bu “soyuqluğum” əbəs imiş.

Bu sözlərimdən sonra Cabir həkimin təklifi ilə rəhmətlik Fuad Poladovu bir dəqiqəlik sükutla yad elədik. Cabir həkim: “Fuad Poladov həqiqətən, həm böyük aktyor, həm də  böyük şəxsiyyət idi”, – dedikdən sonra yenidən ədəbiyyata girişdi.: “Mənə elə gəlir ki, ədəbiyyatdan, xüsusən də poeziyadan uzaq olsaydım, yaxşı həkim kimi fəaliyyət göstərə bilməzdim. Təcrübəmə əsasən deyə bilərəm ki, hər bir insan özlüyündə mükəmməl bir poeziyadır. Bu mənada mənə elə gəlir ki, poeziyanı sevməyən həkim  xəstəliyə dücar olmuş insanı yaxşı dərk edə bilməz”.

Şair Ramiz Qusarçaylı Cabir həkimin bu sözlərindən sonra cibindən bloknotunu və qələmini çıxarıb hansısa qeydlər etdi və astaca dilləndi:

-Bu qeydlərimin səsi sonra çıxacaq, həkim!

Cabir həkim zarafatından qalmadı:

-Bizim Ramiz də söz oğrusudur…

Ramiz Qusarçaylı gülə-gülə belə oğurluqla fəxr etdiyni bildirəndə Cabir həkim dedi:

-Ramiz Qusarçaylı başdan-başa poetik düşüncəyə malik insandır. Onun poeziyası təbiətin rəsmidir, onun poeziyası milli düşüncəylə yoğrulmuş vətəndaş harayıdır. Bu gün onun “Azərbaycan bayrağı” şeiri dillər əzbəridir. Hətta mən deyərdim ki, bu şeir Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri mənziləsindədir.

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

 Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı, –

Azərbaycan bayrağı!

Bu sözlərdən sonra isə o, belə söylədi:

-Bu mənada mən deyərdim ki, Ramiz Qusarçaylı poeziya aləmində öz ədəbi səltənətini qurmuş şairdir.

Məni öz aləmimdən ofisiantın: “Yenə çay gətirimmi?” sözləri ayırdı. Cabir həkim əli ilə “gətirin” işarəsini verdi. Fürsətdən istifadə edən “Şəfəq”in baş redaktoru Qəhrəman Qasımov Cabir həkimlə bağlı fikirlərini bizimlə bölüşməyə başladı:

-Tərif kimi çıxmasın, Quba Rayon Mərkəzi Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Cabir Məmmədov  rayonumuzun tanınmış həkimlərindən biridir. Rayonda böyükdən kiçiyə kimdən xəbər alsanız,  onu tanıyacaqlar. Özü də “Tərəqqi” medallı, Əməkdar həkimdir. Elə adının qarşısındakı bu epitetlər ömrünün 47 ilini bu sənətə həsr etmiş Cabir həkimin necə həkim olması  haqqında dolğun məlumat yaradır. Bir məsələni də vurğulamaq istəyirəm… O həm də bizim “Şəfəq”in daimi oxucusudur. Onun irad və təkliflərini də biz həmişə səmimi qəbul edirik.

Bu zaman deyəsən, Ramiz Qusarçaylının səbir kasası sanki daşdı. Odur ki, Qəhrəman müəllimə irad tuturmuş kimi dilləndi:

-Cabir həkim həm də gözəl ədəbiyyat bilicisidir. Ona görə də mən ancaq onun barəsində bir ədəbiyyat adamı kimi bir neçə kəlmə danışmaq fikrindəyəm. Mən indiyədək çox söz xiridarları ilə oturub-durmuşam. Amma fikir vermişəm ki, Cabir həkim heç də onlardan geri qalmır. Hətta deyərdim ki, bəzi məqamlarda onları üstələyir də… Ona görə də həmişə ədəbiyyatımızın bu kamil bilicisi ilə ünsiyyətdə olmağa can atmışam. Çünki o mənə həmişə müsbət enerji verir. Çünki o, mənim yaradıcılığımın əyarını ölçməyə çalışan professional oxucularımdandır. Hərdən mənə elə gəlir ki, o, şəxsən mənim poeziyamın da həkimidir. Yəni o, poeziya nümunələrini elə incələyir ki, onlara, əgər belə demək mümkünsə elə diaqnozlar qoyur ki, mən bir şair kimi hərdən ona həsəd də aparıram.

…Bu görüş zamanı saatların, dəqiqələrin necə gəlib keçdiyinin fərqinə vara bilmədim. Çünki poeziya ilə bağlı maraqlı söhbətlər bir-birini elə əvəz edirdi ki… Üstəlik, məclis əhli Qubanın, eləcə də onun səhiyyəsi ilə bağlı fikirlərini də bölüşdülər. Qəhrəman Qasımov dedi:

– Bu gün ölkəmizin hər bir bölgəsi, o cümlədən qədim təfəkkür mərkəzi olan Quba da özünün yeni inkişaf dövrünü yaşayır. Bir qubalı kimi fəxrlə deyə bilərəm ki, bəlkə də son 50 ildə Qubada bu miqyasda, bu masştabda işlər görülməyib. Şübhəsiz, bu tərəqqidə ulu öndər Heydər Əliyevin, eləcə də onun layiqli davamçısı İlham Əliyevin xidmətləri danılmazdır.

Cabir həkim onun dediklərini təsdiqləd:

-Bütün bunlar danılmazdır, – deyərək əlavə etdi.- Onu da deyim ki, bu gün səhiyyəmizin 25-30 il bundan əvvəlki vəziyyətini yada salanda gözlərimiz qarşısında bərbad, qəzalı vəziyyətdə olan xəstəxanalar canlanır. Mən hələ nasaz avadanlıqları, dərman qıtlığını demirəm…. Odur ki, xarici ekspertlər Azərbaycan səhiyyəsinin inkişafı üçün neçə-neçə onilliklər lazım olduğunu bildirirdilər. Lakin ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin əməyi, möhkəm iradəsi sayəsində ölkəmiz öz iqtisadiyyatını günün tələbləri səviyyəsində qurmaqla səhiyyə sahəsinə də yeni nəfəs verdi. Bu gün təkcə paytaxtda deyil,  bölgələrimizdə, o cümlədən Qubada yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması məqsədi ilə bütün növ müayinə və müalicə, həmçinin ən ağır əməliyyatların icrasına imkan verən müasir səhiyyə müəssisələri yaradılıb və yaradılmaqadır. Bəli, insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır…

…Mən  Cabir həkim kimi bir aysberqin indiyədək məlum olmayan digər tərəflərini də kəşf etdiyimə görə çox sevincli idim. Görünməyən tərəflərə vaqif olmaq üçün isə özündə cəsarət tapıb “obyektə” daha çox yaxınlaşmaq lazımmış.

Qvami Məhəbbətoğlu