70 yaşlı Abid İsmayılov 93 günlük səfərindən nələr danışdı?

0
185

70 yaşlı mingəçevirli təqaüdçü Abid İsmayılov 93 günlük səfərini başa vurub. O, bu müddətdə velosipedlə Mingəçevir-Gürcüstan-Krım marşrutu üzrə 4 min kilometr yol qət edib. Bu barədə Abid İsmayılov saytımıza məlumat verib. O həmçinin bildirib ki, səhhətində elə bir ciddi narahatçılıq yoxdur: “Mən hər dəfə səfərə çıxanda özümü çəkdirirəm. Hər dəfə olduğu kimi, bu dəfə də çəkimdə xeyli itirmişəm. Bu da mənim səhhətimə çox yaxşı təsir edir”.

Müsahibimiz ”İnsanların qərib ölkələrdə sizin velosəyahətinizə münasibətləri  necə idi” sualımıza isə belə cavab verdi: ”Dəfələrlə demişəm, yenə deyirəm, bu dəfə də tanımadığım insanlardan çox isti münasibət gördüm. Yeri gəlmişkən onu da deyim ki, onlar mənə Azərbaycanla bağlı müxtəlif suallar da verirdilər. Mən də onların hər birini cavablandırırdım. Hə, bu səyahətin bir xeyiri ondadır ki,  yeni dostlar da qazandım. Hətta onlardan bir neçəsini Vətənimə də dəvət etdim”. O daha sonra dedi: “Amma bir həqiqəti etiraf etmək istəyirəm. Çox ölkələrdə olmuşam. Di gəl Azərbaycan qədər mənə əziz olan bir məmləkət görmədim”.

“Bəs bu 93 gün ərzində Abid İsmayılov nə qədər pul xərcləyib?” O, sualımıza həmişəki kimi gülərək cavab verdi: ”Mənim heç vaxt səyahətə çox pulum çıxmır. Təqaüdçü adamam, məndə pul haradandır? Dostlar, tanışlar sağ olsunlar. Hərəsi bir dəfə qonaq edəndə mən də cib xərcliyimə qənaət etdim. Beləcə,  sağ-salamat öz doğma vətənimə qayıtdım”.

Abid İsmayılovun dediyinə görə, bu qədər məsafəni 70 yaşlı bir insanın velosipedlə qət etməsinə şübhə ilə yanaşanlar da olub. Amma söhbət əsnasında onların bu şübhələrinə son qoyulub: “Velotur çox maraqlı səyahətdir. Amma insandan həm səbr, həm də cəsarət tələb edir. Mən dostlarıma da tövsiyə edərdim ki, cəsarətli olsunlar, onlar da belə turlarda iştirak etsinlər.

Onu da qeyd edək ki, Abid İsmayılov uzun müddət müəllim kimi çalışıb. Təqaüdə çıxandan sonra isə  bu idman növünə maraq göstərib.Dediyinə görə, illər öncə şəkərli diabetdən əziyyət çəkib. Lakin onun bu idman növü ilə məşğul olmasından sonra bu xəstəlik tamamilə yox olub.

Məlumat üçün bildirək ki, Abid İsmayılov artıq 8-ci ildir ki, velosipedlə səfərə çıxır. Bu mənada o, velosipedlə dünyanı dolaşan nadir insanlardan biridir, desək yanılmarıq.

Esmira Hidayətova, Mingəçevir