Dənizdə bu il niyə çox adam batır?

0
143

“Küləkli havada sahilə çırpılan dalğalar bərk səthə dəyib geri qayıdarkən suyun altında axın yaranır. Adamlara isə elə gəlir ki, kimsə onların ayağından çəkib dənizin dibinə aparır”

Ötənilki çimərlik mövsümü ilə müqayisədə bu mövsüm dənizdə boğulanların sayının çox olması bir sıra sensasion məlumatların yayılmasına səbəb olub. Hətta suyun altında insanların boğulmasına gətirib çıxaran süni amillərin mövcudluğundan da danışanlar var. alpaninfo.com xəbər verir ki, Sputnik Azərbaycan bu il çimərlik mövsümündə suda boğulma hallarının artmasının real səbəblərini araşdırıb.

Bu barədə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili suda boğulma hallarının artmasının bir neçə amillə bağlı olduğunu söyləyib.

Həmsöhbətimiz bildirir ki, suda boğulma hallarının bu mövsüm daha çox qeydə alınmasının bir əsas səbəbi nəzarətsiz çimərliklərə axındırsa, digər səbəblərdən biri əlverişsiz hava şəraitidir: “Biz çimərlik mövsümü hələ yeni başlayanda əhaliyə nəzarətsiz çimərliklərə getməmələri barədə xəbərdarlıq etdik. Bizim qurumun əməkdaşları həmin çimərliklərdə çimməyin insanların həyatı üçün ciddi təhlükə yaratdığını əks etdirən dəmir lövhələr də quraşdırıblar. Amma çox təəssüf ki, bu mövsüm də bu qadağaya məhəl qoyan az oldu. İnsanlar könüllü şəkildə ölüm təhlükəsini gözə alaraq böyüklü-kiçikli nəzarətsiz çimərliklərdə çimməyə davam edirlər. Bu, suda boğulma hallarını artıran əsas səbəblərdən biridir. Digər səbəb isə bu il hava şəraitinin çimərlik üçün əlverişsiz keçməsidir. Bu il yay fəsli ötən illə müqayisədə daha çox küləkli hava ilə müşahidə olunur. Küləkli havada isə dənizə girmək təhlükəlidir. Bu, yeraltı su axınlarının yaranmasına səbəb olur”.

A. Əlili deyir ki, küləkli havada sahilə çırpılan dalğalar bərk səthə dəyib geri qayıdarkən suyun altında axın yaranır: “Camaat buna burulğan deyir. Yeraltı su axını suda boğulma təhlükəsi yaradır”.

Bununla yanaşı, A. Əlili valideyn nəzarətsizliyinin, spirtli içki qəbul edərək dənizə girənlərin də suda boğulma statistikasını artırdığını söyləyir. Həmsöhbətimiz deyir ki, FHN-in nəzarət etdiyi çimərliklərdə belə hallar qeydə alınan kimi suda boğulma təhlükəsi ilə üzləşənlər xilasedicilər vasitəsilə sudan çıxarılırlar. Nəzarətsiz çimərliklərdə isə xilasetmə xidməti hadisə yerinə gec çatır: “Bəzən insanlar çimməyin qadağan olduğu yerlərdə istirahət etməyin təhlükəsini dərk etmirlər.

lə hesab edirlər ki, çimərlik üçün qadağan olunmuş yerlər əslində təhlükəli deyil. Sadəcə, infrastruktur olmadığı üçün qadağan edilir. Əslində isə belə deyil. Dəniz sahilində hər hansı ərazi çimərlik üçün seçilirsə, mütləq bizim qurumun əməkdaşları həmin ərazidə su altına baxış keçirirlər. Yeraltı su axını olan, qayalıqlar olan yerlərdə çimərlik salınmasına icazə verilmir.

Bəzən əldən-ayaqdan uzaq yerlərdə insanların çimməsi hallarına da rast gəlinir. Dənizin sahilboyu ərazisini çimərlik hesab edib harada gəldi çimmək doğru deyil. Çünki sahil ərazilərinin çimmək üçün çox təhlükəli olan hissələri var. Mütləq yeraltı baxış keçirilmiş, çimərlik üçün yararlı ərazilərdə insanlar çimə bilərlər”.

Ekoloq Telman Zeynalov da insanların çimməyin qadağan olduğu ərazilərdə çimməsinin bu mövsüm suda boğulma hallarını artırdığını söyləyir. T. Zeynalov deyir ki, əlverişsiz hava şəraiti isə bu riski daha da artırır: “Xəzər dənizində suyun altında çuxurlar var. Küləkli havada su axını yarandıqda çuxurlarda su burulğan yaradır. Hətta yaxşı üzməyi bacaran insanlar da su fırlandıqda burulğandan çətin çıxa bilirlər”.

Ekoloqun sözlərinə görə, dənizdə şərq küləyi cənub küləyi ilə əvəzləndikdə yeraltı su axınları daha çox müşahidə olunur: “İnsanlar belə halda elə hesab edirlər ki, dənizin altında kimsə onların ayağından çəkir. Bu da müxtəlif şayiələrin dolaşmasına səbəb olur. Əslində onları çəkən gözəgörünməz qüvvə yox, elə su axını, burulğandır. Ona görə də küləkli havada xəbərdarlıqlara əməl etmək lazımdır. Belə havada dənizə girmək olmaz! Şərq küləyinin cənub küləyi ilə əvəzləndiyi günlərdə isə daha diqqətli olmaq lazımdır”.