Məktəbli yarmarkaları və…

0
44

Bu gündən etibarən Bakıda bir neçə metro stansiyasının çıxışında məktəbli ləvazimatlarının satış yarmarkası fəaliyyətə başlayıb. Hər il olduğu kimi yenə də qurulan çadırlarda, çantadan tutmuş, su qabına qədər hər şeyi almaq mümkündür. Bəs qiymətlər necədir? 
Çadırlar bu gündən fəaliyyətə başladığı üçün hələ bəzi ləvazimatlar gətirilməyib. Eyni zamanda məktəbli geyimlərinə də rast gəlmədik. Satıcılar bildirdilər ki, çantalar və geyimləri növbəti günlərdə gətirəcəklər. Söylədilər ki, bu yarmarkalar sentyabr ayının 22-nə qədər davam edəcək. 
Satıcılarla söhbətimiz zamanı onu da  bildirdilər ki, satdıqları ləvazimatların qiyməti, mağazalarla müqayisədə aşağıdır. Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman endirim də edirlər. Müşahidə etdik ki, burada satılan məktəbli çantalarının qiyməti 12 manatdan başlayıb, 50 manata qədər dəyişir. Ən bahalı çantalar təkərli çantalardır. Məktəblərdə son zamanlar dərsliklərin sayı artdığı üçün çantalar da ağır olur. Ona görə də satıcıların sözlərinə görə valideynlər daha çox təkərli çanta almağa üstünlük verirlər. 
Tələbatın çox olması isə qiymətə də təsir edib. Bu kimi çantalar 35-50 manata satılır. Əgər bütün ləvazimatlar eyni yerdən alınırsa endirim edilir. Söhbət etdiyimiz alıcılar isə bildirdilər ki, əgər satıcı bir malda endirim edirsə, digərini baha satır. Ona görə də əksər insanlar eyni yerdən bütün ləvazimatları almırlar. 
Digər ləvazimatların qiymətləri aşağıdakı kimi idi:
12 vərəqli dəftər 10 qəpik, 40 vərəqli dəftər isə 30-40 qəpiyə satılır.  60 vərəqli dəftərlər 40-50 qəpik, 100 vərəqli dəftər isə 60-80 qəpiyədir.
Eyni zamanda yapışdırıcı 60 qəpik-1 manat, su qabları 10-12 manat, qələm yonanlar 1.50-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır.
Onu da qeyd edək ki, supermarketlərin məktəbli ləvazimatlarının satıldığı bölmələrində də çeşidləri artırılıb. Oradakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında ciddi fərq görmədik. 

Musavat.com