Şəhid anası: “Hələ ki səsimə səs verən yoxdur”

0
186

Milli Qəhrəman Rəşad Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevirdəki  7 saylı məktəbdə təhsil alan Rəşad bir müddət atasının yanında – Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi kimi çalışıb. 1993-cü ildə o, Milli Ordu sıralarına çağırılıb. O, əvvəlcə  indiki H.Z.Tağıyev qəsəbəsində, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçərək xüsusi təyinatlı hissədə kəşfiyyatçı-minaaxtaran peşəsinin sirlərinə dərindən yiyələnib. O,
1994-cü ilin yanvarında Tərtər bölgəsinə göndərilib. Buradan isə Füzuliyə-gərgin döyüşlər gedən zonaya… O, Füzuli bölgəsində bir neçə əməliyyatda iştirak edib. Sonra isə yenidən Tərtərə göndərilib. Atəşkəs elan olunduqdan sonra isə Bakıya – əvvəllər xidmət etdiyi hissəyə qayıdıb.

1995-ci ilin 17 martınd bir dəstə qiyamçı dövlət çevrilişinə cəhd edəndə  R.Mirabov vətəndaşlıq borcunu yerinə yetirirərkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

…Rəşadın bu qısa, lakin mənalı həyat yolundan söz açan Lətifə Mirabova artıq 24 ildir ki, oğlunun ruhu ilə dərdləşir: “Dayağım, arxam, ümidim, oğul,  24 ildir səni görməyə eyni yolu gəlirəm Şəhidlər Xiyabanına…Mənə elə gəlir ki, hərdən məzardan mənə küskün boylanırsan. Deyirəm, ay oğul, nə qədər canımda can var, mən səni ziyarət edəcəyəm. Bu, mənim təsəllimdir. Oğul, yadındamı sən cəbhədə olanda tez–tez yanına gələrdim. Sən də deyərdin ki, ana, daha gəlmə, bəsdir. Hə, yadındamı  həmişə deyərdin ki, bayram aşını bişirəndə mənim də payımı saxla, hələ  zarafatla söylərdin ki, payımı saxlamasanız boğazınızdan keçməz ha…  Atan isə həmişə deyərdi ki, oğul Vətən üçün döğulur, sən onu göz bəbəyin kimi qorumalısan. Sən qorudun, oğul. Ay oğul, nə gizlədim, gecələr hamı yatandan sonra sənin o kiçik qeydlər dəftərçın vərəqləyirəm. O qeyd dəftərçəni ki, sən vurulanda cibində olub. İndi sənin iyini bax bu dəftərçədən, kitabçadan alıram”.

Lətifə ana bizimlə söhbətində göz yaşları içində oğlunun şəhid olduğu günü belə xatırladı: “Gecələri narahat yatırdım. Bir gecə yenə narahat halda pəncərədən həyətə boylandım. Gördüm ki, əsgər maşınları pəncərəmizin qarşısında dayanıb. Əllərində tabut, düz gözlərimin içinə baxırlar. Mən də onlara baxıram. Onlar məni görüb tabutu bizə gətirməkdən vaz keçdilər. Mən də gözlədim, dedim, görən hansı ananın evinə getdi. Sən demə, bu mənim uca boylu Rəşadım imiş. Səhər yoldaşları Rəşadımı gətirdilər”.

Qeyd edək ki, Lətifə xanım 50 ilə yaxındır ki, Mingəçevir 13 saylı  uşaq bağçasında metodist kimi fəaliyyət göstərir: “Oğlum şəhid olanda işdən imtina elədim, hətta özümə qapandım. Hər gün Şəhidlər Xiyabanına gəlirdim. Demək olar ki, 10 il hər gün onun məzarını ziyarət etdim, hər gün onu harayladım. Amma oğlum səsimə səs vermədi. Bəli, özümü beləcə ovundururdum. Hərdən özümü aldadırdım da. Deyirdim ki, Rəşad bəlkə evdədir, mənə sürpiriz hazırlayıb. Nə isə…Sonra iş yoldaşlarımın təkidi ilə yenidən öz işimə qayıtdım”.

Lətifə xanımın dediyinə görə, kiçik oğlunun 3 məktəbli balası var: “Onlarla  günümü keçirirəm. Amma ixtisasca hüquqşünas olan Fuad oğlumun işsizliyi məni yaman incidir. 8 aydır oğlum Fuad işsizdir. Onu da deyim ki, Fuad müxtəlif bölgələrdə məhkəmə hakimi, icaraçı kimi işləyib. İndi Fuad işləmədiyinə görə, bütün yük üzərimə düşür və bu da mənim üçün çətindir. Mən şəhid ailəsi kimi indiyədək, demək olar ki, heç vaxt imtiyazlardan istifadə etməmişik. Amma bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmişəm. Lakin hələ ki səsimə səs verən yoxdur”. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu xanımın 50 illik fəaliyyəti də indiyədək qiymətləndirilməyib.

Söhbətinin sonunda o, oğlunun adını daşıyan Mingəçevir 7 saylı məktəbin rəhbərliyindən razılığını bildirdi: “Bu məktəbin kollektivi oğlumla bağlı müxtəlif tədbirlər həyata keçirir. Üstəlik, hər bir tədbirdə oğlumu yad edir. Buna görə onların hər birinə təşəkkürümü bildirirəm”.

Esmira Hidayətova, Mingəçevir