“Qarabağ” APOEL səddini keçə bilmədi

0
26

“Qarabağ” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.Azərbaycan təmsilçisi III təsnifat mərhələsində Kipr APOEL-inə iki oyunun yekununda uduzub.

Səfərdəki ilk matçda 2:1 hesablı qələbəyə sevinən Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş cavab matçında 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Qonaq komanda hücumların birində penalti qazanıb. 34-cü dəqiqədə Nikolas Yannu “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla mübarizədə yerə yıxılıb. Almaniyalı referi Daniel Sibert penalti nöqtəsini göstərib. İtaliyalı müdafiəçi Tomas De Vinsenti bu imkandan yararlanmağı bacarıb.

Bərabərlik qolunu vurmağa çalışan “Qarabağ” ilk yarıda ən real qol vəziyyəti 44-cü dəqiqədə yaradıb. Lakin Mahir Emrelinin qapı qarşısına ötürməsindən sonra Abdullah Zubirin qüvvətli zərbəsini APOEL-in qapıçısı Vid Belets dəf etməyi bacarıb.

İkinci hissə də Azərbaycan təmsilçisinin hücumları ilə başlayıb. Daha bir imkan isə 55-ci dəqiqədə yaranıb. Bu dəfə rəqib qapıçı Riçard Almeydanın zərbəsini dəf etməyi bacarıb.

59-cu dəqiqədə isə qapı qarşısına ötürmədən sonra Mahir Mədətovun zərbəsi azacıq yandan keçib. 68-ci dəqiqədə isə rəqib istəyinə çatıb. Makedoniyalı müdafiəçi Uroş Matiç uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, Azərbaycan təmsilçisi mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi olacaq.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, iki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik: “Bəzən gözlənilməz nəticələr olur. Rəqibin təhlükəli epizodunu xatırlamıram. Amma biz belə imkanlardan yararlana bilmədik. Bəzi epizodları saymasaq, komandanın çıxışından razı qaldım. Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır. Bədavi Hüseynov və Filip Ozobiç meydanda olsaydılar, digər variantlarımız da olardı. Simeon Slavçevin ağır təsir bağışlaması ilə razı deyiləm. Onun da bir neçə imkanı oldu”

Qurbanov APOEL-in həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olduğunu əlavə edib: “Uduzmuşuqsa, rəqibi təbrik etməliyik”.

Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb: “Bir neçə epizodda baş hakim cərimə zərbəsini əks tərəfə verməli idi. Riçard Almeyda bir qədər emosional davrandı. Növbəti oyunumuzu Rahil Məmmədov da sarı vərəqə limitini doldurduğu üçün buraxmalı olacaq”.