Mingəçevirdə abadlıq-quruculuq işləri davam etdirilir

0
80

D.Əliyeva küçəsi 1, 2 və İ.Qayıbov küçəsindəki 3, 3/1, 6 nömrəli binaların sakinləri avqustun 7-də 7 nömrəli məktəbin foyesində təşkil olunan Mingəçevir İcra Hakimiyyəti başçısı İlham İsmayılovun səyyar görüşünə dəvət olunmuşdular. Qeyd edilən ərazidə bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Belə ki, ağacların dibləri bellənmiş, gövdələri ağardılmış, dibləri sulanmış, insanların istirahəti üçün oturacaqlar qoyulmuş, binaların fasadları qaydaya salınmışdı.


   Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov sakinlərlə görüş zamanı onlara ölkədə və Mingəçevirdə həyata keçirilən əməli işlər barədə ətraflı  məlumatlar verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması yönümündəki tədbirlərdən danışdı. Bildirdi ki, ölkəmizin iqtisadi inkişafı yüksəldikcə sosial yönümdəki tədbirlərin sayı da durmadan artır. Məhz buna görə Azərbaycan dünyada sosial yönümlü ölkə kimi diqqət mərkəzindədir. Mingəçevirdə aparılan işlər barədə məlumat verən icra başçısı qeyd etdi ki, hazırda şəhərimizin bir sıra yaşayış massivlərində, məhəllələrində abadlıq-quruculuq işləri surətlə davam edir. Bütün bunlar cənab Prezidentin tapşırığına müvafiq həyata keçirilir.

Esmira Hidayətova, Mingəçevir