“Foqtsun bizi… hədələməsi qəbuledilməzdir”

0
159

Avro-2016-nın seçmə mərhələsində qrupdakı ilk üç matçını məğubiyyətlə “yola verən” milli komandamız qarşıdakı oyunları gözləyir. Berti Foqts isə Xorvatiya ilə oyundan sonra mətbuat konfransında Azərbaycanda futbolun olmadığına işarə vurdu və AFFA-nı istefa ilə hədələdi. Yeddi illik fəaliyyətdən sonra belə bir açıqlama yəqin ki, oyundan sonrakı gərginlik və sterss zamanı deyilən sözlərdir. Həm baş məşqçimizin bu fikiri haqqında, həm də millimizin son iki oyununu şərh etmələri üçün Azərbaycanın təcrübəli futbol adamlarına müraciət etdik. Mütəxəssislər, demək olar oxşar fikirlər səsləndirdilər. Ortaq düşüncələrə görə, problem var, struktur dəyişdirilməlidir. Amma konkret nəyi necə etmək lazım olduğu barədə danışmaqdan çəkindilər.

 “Millinin məşqçisi oyunçuları tanımalıdır”

Ağasəlim Mircavadov: “Mən deyərdim ki, qırılma nöqtəsi Bolqarıstanla oyunda oldu. Həmin matçda xal almaq imkanımız çox böyük idi. İlk görüşdə xal qazansaydıq, İtaliya və Xorvatiya önündə də daha yaxşı oynayardıq və inamla mübarizə aparardıq. Mən elə əvvəldən Xorvatiya ilə oyundan çəkinirdim. Çünki bu milliyə yaxşı bələdəm. Bu ölkənin futbolunu yaxşı bilirəm. Onlara rəqib olmaq heç arzulanan hal deyil. Amma onu da qeyd etmək lazımdır ki, rəqiblər bizə oynamaq imkanı verdilər, sadəcə olaraq, biz bacarmadıq. Yenə də deyirəm, Bolqarıstana məğlubiyyət planlarımızı pozdu. Artıq gələcəyə baxmaq lazımdır, harada nə səhvimiz varsa, onları tezliklə düzəltməliyik. Yəni çalışmaq lazımdır. Mən həmişə dediyim sözün üzərində dayanıram ki, klublardakı işlər milliyə təsir edir. Millinin baş məşqçisi ilə klublarımız arasında sıx əlaqə olmalıdır. Hər oyunçu barədə tam olaraq məlumat alınmalı, milli məşqçisi onları tanımalıdır. Hər futbolçu haqda fərdi plan hazırlanmalı, axtarışda olunmalı, cavanlar heyətə cəlb edilməlidir. Baş məşqçimizin istefa ilə bağlı dediyi bəzi məsələlər haqda onu deyə bilərəm ki, məşqçimizi İcraiyyə Komitəsi təyin edir, onlar da öz işlərini bilirlər. Mənim fikrimcə, yaxşı araşdırılıb nəticə çıxarılmalıdır, bəzi strukturlar dəyişdirilməlidir”.

 “Xoş münasibətlə ayrılmaq daha yaxşı olar”

Vaqif Sadıqov: “İstər-istəməz heç birimizi bu nəticələr qane etmir. Bütün futbol ictimaiyyəti və azarkeşlər komandamızdan ən azı məzmunlu oyun gözləyir. Biz mübarizə aparan, xarakter göstərən bir komanda görmək istəyirdik. Düşünürəm ki, bu bizim haqqımızdır. İtaliya millisinə qarşı komandamız nisbətən mübarizə aparırdısa, xorvatlara qarşı məğlubiyyətə düçar qalan bir komanda kimi təsir bağışladı. Sonda da belə bir sonluq oldu. Komanda ilk hissədə 4 top buraxırsa, burada 3 gün ərzinə 2 oyun keçirməyin çətinliyindən söhbət gedə bilməz. Çünki güc ikinci hissədə tükənir, biz isə artıq birinci hissədə 0:4 hesabı ilə geridə idik. Son yarım saatda qapıdan top keçmədisə, deməli, problem fiziki gücdə deyil. Kimisə günahlandırmaqla irəliləyə bilmərik. Məşqçilərin və futbolçuların hədəf və niyyətləri eyni olarsa, işlər düzələcək. 1:2 və 0:6 hesablarında fərq var, amma eyni oyun oldu, sadəcə İtaliya imkanlarını dəyərləndirə bilmədi. Meydançadakı oyunda bir fərq yox idi. Bizi məyus edən sərgilənən oyun idi. Elə çıxış etmək lazımdır ki, gələcəyə ümidlə baxa biləsən. Bizim futbolumuz da var, futbolçularımız da. “Futbolumuz yoxdur” demək səhvdir. İnanıram ki, bu futbolçularla uğur əldə etmək mümkündür. Bunu Berti Foqts özü də bir il əvvəl qrupda 4-cü yer tutmaqla sübut etmişdi. Eyni komandadır, futbolçulardır. Lakin heyf ki, bu proseslər onu göstərdi ki, komandada problemlər var. Məhz bu problemlər Azərbaycan futbolunu bu vəziyyətə gətirib. Baş məşqçimiz Berti Foqtsun “Azərbaycanda futbol yoxdur” deməsi dünyaca tanınmış futbol adamına yaraşmır. Hesab edirəm ki, ad-sanı olan bir məşqçinin istefa verməklə bizi hədələməsi qəbuledilməzdir. Mənim fikrimə görə, ən ağır bir məqamda futbolçuların yanında olmaq və bu məğlubiyyəti təhlil etmək lazımdır. Sonda isə düşünülmüş addım atmaq lazımdır. Mən həmişə deyirəm, hər bir insan öncə öz vicdanı qarşısında hesab verməlidir. Foqts da bunu dərk edib anlayır ki, vicdanı nə deyirsə, ona cavab verməlidir. Əgər bu gün o, özündə güc tapıb yığmada fəaliyyət göstərə bilmirsə, o demək deyil ki, Azərbaycanda futbol yoxdur. Əgər komandanı tərk edəcəksə, bu da normal qaydada olmalıdır. Belə münasibətin düzgün olmadığını düşünürəm. Xoş münasibətlə ayrılmaq daha yaxşı olar. Amma yenə də deyirəm, əsas millimizin yaxşı çıxış etəməsidir”.

 “Baş məşqçi dəyişikliyi faydalı olmayacaq”

Xaqani Məmmədov: “Millimiz İtaliya yığmasına qarşı pis oynamadı, amma Xorvatiya önündə zəif təsir bağışladı. İlk hissədə 4 top vurulandan sonra artıq millimiz meydançada yox idi. Bizim futbolçularımızın zəif cəhətlərindən biri odur ki, qol buraxandan sonra psixoloji cəhətdən çökürlər və futbol oynamaq istəmirlər. Belə bir anlayış var ki, sona qədər mübarizə aparmaq lazımdır, 90 dəqiqə vaxt var. Burada futbolçular əllərindən gələni etməlidirlər. Futbolda hər şey olur, sona qədər oynamaq lazımdır. Foqtsun istefa məsələsinə münasibətim odur ki, baş məşqçinin dəyişdirilməsi komandaya yalnız ziyan verəcək. Çünki artıq 7 ildir komadada nəsə etmək istəyən məşqçi varsa, bunu dağıtmaq yaxşı olmaz. Amma hələ də dəqiq bir şey yoxdur, fikrimcə, məşqçi dəyişikliyi faydalı olmayacaq. Tək problem Foqtsda deyil. “Azərbaycanda futbol yoxdur” sözü ilə qətiyyən razı deyiləm. Elə bir şey ola bilməz. Bu fikrlərlə razı deyiləm. Futbolumuzda 7 il ərzində inkişaf olmalıdır. Futboldan anlayışı olmayandan da soruşsanız deyər ki, 7 ildə nəsə olmalı idi axı!”

 “Strukturda olan böyük çatışmazlığı tapmaq lazımdır”

Şahin Diniyev: “Avro-2016-nın seçmə mərhələsində olan son iki oyunumuz haqda nəsə təzə bir şey demək düzgün deyil. Hamı gördü ki, ilk görüş yox, ikinci oyun uğursuz alındı. Bütün bu səhvləri dəqiq araşdırmaq lazımdır. Təkcə bir nəfərin üstünə yıxmaq doğru deyil. Strukturda olan böyük çatışmazlığı tapmaq lazımdır. Çünki bu nəticələri biz yenə yaşamamaq üçün yaxşı nəticə çıxarmalıyıq. Çatışmazlıq nələrdir, bunu yaxşı bilmək və görmək lazımdır. Oyun haqqında onu deyə bilərəm ki, bu problemlər həll oluna bilər”.

RASİM MƏMMƏDLİ

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here