İlham İsmayılov: “Qarşıda bizi gözləyən işlərin öhdəsindən layiqincə gələcəyik”

0
72

Bu gün Mingəçevir Şəhər İcra Hakimiyyətinin Akt zalında “2019-cu ilin  6 ayında  Mingəçevir şəhərinin   sosial-iqtisadi inkişafının  vəziyyəti və  qarşıda duran  vəzifələr”ə  həsr edilmiş Şura iclası keçirilib.  İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov açaraq tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilmişdir: “Cənab Prezident iclasda etdiyi giriş nitqində qeyd etmişdir ki, ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra olunur, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri həyata keçirilir. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir”.  O daha sonra bildirib ki, bu günkü iclasın keçirilməsində əsas məqsəd Mingəçevir şəhərində 2019-cu birinci yarımilliyində görülmüş işlərə baxış keçirmək və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir”.

İcra başçısı əminliklə vurğulayıb ki, ölkə rəhbəri tərəfindən regionlara olan diqqət və qayğı şəhərimizin inkişafına da xüsusi təsir göstərməkdədir: “Bu ilin 6 ayında şəhərdə aparılan yenidənqurma və abadlıq işləri daha da genişlənmiş və yüksək sürətlə davam etməkdədir”.

Gündəlikdə duran məsələ haqqında məlumat vermək üçün söz İcra Hakimiyyəti başçısının müavini – Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadovaya verilib. O bildirib  ki, ilin əvvəlindən şəhərin sənaye müəssisələrində 157,8 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və ya 12,8 faiz artım deməkdir. İstehsal olunmuş məhsulun 151,2 milyon manatlığı dövlət müəssisələrinin, 6,6 milyon manatlığı  qeyri-dövlət sektorunun payına düşür. İstehsal sahələrində orta aylıq əmək haqqı keçən ilin eyni dövrü ilə müqayisədə  37,6  faiz artaraq 467 manat təşkil etmişdir”. Onun sözlərinə görə, bu ilin 6 ayında “Dostluq” parkında əsaslı yenidənqurma işləri aparılır: “Şəhidlər xiyabanında “20 Yanvar” abidə kompleksi yenidən qurulub. Yeni Azərbaycan Partiyasının və İcra Hakimiyyətinin inzibati binalarının qarşılarına tamet örtük döşənib. N.Nərimanov və Naxçıvan küçələrində binaların fasadları rənglənir, ümumi istifadə yerləri əsaslı təmir olunur, binalara giriş qapıları quraşdırılır. Ümumiyyətlə yaşayış massivlərində geniş abadlıq işlərinə başlanmışdır. Az.İES yaşayış massivində Cəmil Əliyev küçəsində yerləşən                9 mərtəbəli 4 binanın, Naxçıvan küçəsində 9 mərtəbəli 1 binanın, sol sahil yaşayış massivində Vaqif Abdullayev küçəsində 9 mərtəbəli 2 binanın dam örtükləri əsaslı təmir olunmuşdur.  Sol sahil yaşayış massivində şəhərin ən böyük yaşayış sahəsi olan 127-ci məhəllədə əsaslı yenidənqurma və bərpa işləri davam edir”.

Bildirib ki, bu müddətdə şəhərin enerji istehsalı müəssisələrində aparılan modernləşmə və əsaslı yenidənqurma işləri davam etdirilmişdir.  “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də ilin birinci yarısında 139,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da natural ifada 3,9 milyard kilovatsaat elektrik enerjisi edir.  Stansiyada 2019-cu ilin əvvəlindən iri miqyaslı yenidənqurma və əsaslı təmir işləri aparılır. Belə ki, İdarəetmə Mərkəzi ilə birlikdə yeni inzibati bina inşa olunub, yeni kimya sexi, hava kompressor stansiyası, 330 kvt-luq qapalı yarımstansiya, azot və kislorod sexləri tikilir. 500 kvt-luq açıq paylayıcı və çirkab suların təmizlənməsi qurğularında yenidənqurma işləri aparılır.  “SES Silsiləsi” MMC ötən 6 ayda 7,2 milyon manatlıq məhsul istehsal edib ki, bu da 201 milyon kilovatsaat elektrik enerjisi edir. Stansiyada hesabat dövründə 2 ədəd hidroaqreqat və onlara aid köməkçi avadanlıqlar, 2 ədəd güc transformatoru cari təmir olunub”.

Məruzəçi həmçinin vurğulayıb ki, cari ilin 6 ayında “Azneftemaş”, “Mingəçevir Maşınqayırma Zavodu” ASC-lər və “Mingəçevir Tekstil”, “HTech İnvest”, “ASK  İzolit” MMC-lər  mövcud imkanları daxilində işlərini təşkil etmişlər.

Daha sonra sosial sahədə görülən işlərdən söz açıb. Vurğulayıb ki, 2019-cu ilin birinci yarısında şəhərin sosial sahələrinin işi daim şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur: “6 ayın yekunu üzrə Mingəçevir şəhərində əmək pensiyası alan vətəndaşların sayı 17586 nəfər olmuşdur. Onlara pensiyaların çatdırılması hər ay vaxtında təmin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən hesabat dövründə 1148 ailəyə və ya 8780 nəfərə sosial yardım verilməsi təmin edilmişdir. Şəhər Məşğulluq Mərkəzinə 6 ayda 1569 nəfər şəhər sakini iş üçün müraciət etmiş, onlardan 1212 nəfəri ixtisasına və peşəsinə uyğun işlə təmin edilmiş, 19 nəfərə işsiz statusu verilmiş, müavinət təyin edilmişdir. Onlardan  9 nəfəri qadınlardır”.

O bildirib ki, 2019-cu ilin I yarısında şəhərin kommunal  xidmət təşkilatları şəhərdə aparılan abadlıq və quruculuq işlərində yaxından iştirak etməklə yanaşı, öhdələrinə düşən vəzifələri də icra etmişlər: “Bununla yanaşı bu sahədə nöqsanlar vardır. Hələ də şəhərin bəzi yeni yaşayış massivlərində şəbəkə olmadığı üçün elektrik enerji ilə təminatında problem yaranır. Şəhərin küçə və məhəllədaxili ərazilərində vaxtilə səliqəsiz çəkilmiş kabellər şəhərin estetik görünüşünə xələl gətirir. Digər bir problem küləkli havalarda elektrik enerjisinin etibarlılığının olmamasıdır. Su kanal idarəsi tərəfindən 6 ay ərzində su şəbəkəsində baş vermiş 1666 sayda qəza aradan qaldırılaraq şəhərin müxtəlif küçə və yaşayış massivlərində su xəttinin 2700 p/m hissəsi təmir edilmişdir. Yeni su təchizatı şəbəkəsinə keçidlə əlaqədar olaraq hündür mərtəbəli yaşayış binalarının su təchizatının nasosdan asılılığı aradan qaldırılmışdır.  Hesabat dövründə idarənin abonent bazasına əhali qrupu üzrə                      847 yeni abonent daxil edilmişdir. Abonentlərin sayğaclaşma səviyyəsi 80% olmuşdur. Kanalizasiya şəbəkəsində baş verən 3381 sayda qəza aradan qaldırılmış, 51 ədəd nəzarət baxış quyusu təmir olunmuş, 543 ədəd nəzarət baxış quyusu və uzunluğu 39302 p.m olan kanalizasiya xətləri lildən, məişət tullantılarından və ağac köklərindən təmizlənmiş,  uzunluğu  25 p.m olan kanalizasiya xətti yenisi ilə əvəz edilmiş, 14 ədəd nəzarət baxış quyusunun qapağı asfalt səviyyəsinə qaldırılmışdır. Su-kanalizasiya xidmətlərinə görə ödəniş əhali üzrə 86,6%, ümumi istehlakçılar üzrə 97% təşkil etmişdir. “Dövlət Proqramına uyğun olaraq 2019-cu ilin 6 ayı ərzində                                          ümumilikdə 5810 p.m kanalizasiya xətti çəkilmiş, xətlər üzərində  71 ədəd nəzarət baxış quyusu və 418 ədəd ev bağlantı quyusu quraşdırılmışdır. Şəhər ərazisində Dövlət proqramı çərçivəsində içməli su sisteminin  yenidən qurulması üzrə işlər başa çatmışdır. Bu ilin may ayından şəhərin içməli suyu yeni su şəbəkəsindən təmin olunur. Lakin yay aylarında içməli suya tələbatın artması ilə əlaqədar şəhərin yaşayış binalarının yuxarı mərtəbələrində suyun zəif gəlməsi problemi yaranmış və bu da əhalidə haqlı narazılıqlara səbəb olur. Bu problemi yaradan səbəblər Sukanal İdarəsi tərəfindən araşdırılmalı və həlli istiqamətində tədbirlər görülməlidir. Hazırda cari ildə kanalizasiya sistemində yenidənqurma işləri aparılır. Lakin fəaliyyət göstərən köhnə kanalizasiya şəbəkəsindəki qəzalar zamanı yaşayış binalarının zirzəmilərinə axan çirkab su axıntıları və  bu səbəbdən antisanitar vəziyyət əhalidə ciddi narazılıq yaradır. Yol və səkilərdə çirkab su axıdılan quyularının asfalt səviyyəsindən aşağı olması nəqliyyat vasitələrinin,  eləcə də piyadaların  hərəkətinə maneə yaradır. Qaz İstismar Xidməti tərəfindən hesabat dövründə müxtəlif diametrli 2755  p.m yeraltı, 985 p.m. yerüstü, ümumilikdə isə 3740 p.m. qaz xətti çəkilmişdir. Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Borçalı” yaşayış massivində 8305 metr metal boru xətləri quraşdırılmış, ümumi işlərin 60%-i icra olunmuşdur”.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işindən söz açan məruzəçi bu qurumun müsbət işləri ilə yanaşı nöqsanları da sadalayıb: “6 ay ərzində 1124 baş sahibsiz it mövcud qaydalara əsasən zərərsizləşdirilmişdir. Bununla yanaşı sahibsiz itlərlə mübarizə sahəsində işlər gücləndirilməlidir. Şəhərin küçə və məhəllədaxili ərazilərində  qurumuş ağaclar kifayət qədərdir. Hələ də şəhərin ümumi bəlası olan müəyyən olunmayan yerlərə zibilin tökülməsi sahəsində aidiyyəti qurumun və yaranmış nəzarət qruplarının fəaliyyəti qənaətbəxş deyildir. Şəhərin yeni yaşayış massivlərini də əhatə etməklə müəyyən olunmuş yerlərdə mövcud zibil qutularının yararsızlarının yeniləri ilə əvəzlənməsinə və əlavə zibil  qutularının qoyulmasına böyük ehtiyac vardır. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən görülən işlərlə yanaşı şəhərin yağış sularını ötürən sisteminin əsaslı təmirə ehtiyacı vardır. Ayrı-ayrı hissələrində təmir edilsə də hələ də güclü intensiv yağışlar zamanı şəhərin bəzi ərazilərində yağış sularını ötürən sistemin ötürücülük qabiliyyətinin zəifliyi səbəbindən problemlər yaşanır. Gələcəkdə ümumiyyətlə yagış sularını ötürən sistem yenilənməlidir. Son dövrlərdə küçə və məhəllələrdə işıqlanma sisteminin qurulması əhalini narahat edən məsələlərdəndir və maliyyə vəsaitinə uyğun bu istiqamətdə işlər davam etdirilir”. 

Onun sözlərinə görə, şəhər nəqliyyatında kifayət qədər problemlər qalmaqdadır: “Aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq bu sahədə hələ də dönüş yaranmamışdır. Sərnişindaşımada sahibkarlar tərəfindən göstərilən nəqliyyat xidməti insanlarda haqlı narazılıqlar yaradır. Şəhərdaxili marşrutlarda normativlərə uyğun olmayan, texniki vəziyyəti bərbad olan, insanların həyat və sağlamlıqlarını təhlükə altına qoyan nəqliyyat vasitələrinin sayı kifayət qədərdir. Yeni salınmış massivlərə yeni marşrutların açılması və ya mövcud marşrutlarda dəyişikliklərin aparılması, xətlərə müasir avtobusların salınması, nəqliyyat vasitələrinin səriştəli sürücülər tərəfindən idarə olunması, sərnişinlərlə  nəzakətli davranış günün tələblərindəndir”.

Hesabatda Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərdən də söz açılıb: “Hazırda Mingəçevir şəhərində ermənilərin torpaqlarımıza etdiyi təcavüz nəticəsində  öz torpaqlarından didərgin  düşmüş   5391 məcburi köçkün ailəsi, 20243 nəfər məcburi köçkün məskunlaşmışdır. Sosial-məişət problemlərinin həlli istiqamətində şəhər rəhbərliyi məcburi köçkünlərin məskunlaşdıqları tikililərin dam örtüklərinin təmirində, su ilə təchizatında , kanalizasiya xətlərinin  təmirində yaranmış problemlərin həllində imkan daxilində köməkliklər göstərir”.

Qeyd olunub ki, 2019-cu ilin 6 ayında digər sahələrlə yanaşı şəhər İcra Hakimiyyəti təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işini də daim diqqət mərkəzində saxlamış, yaranan problemlərin həllində lazımi köməklik göstərmişdir: “Hesabat dövründə şəhər Təhsil şöbəsi üzrə 11-ci sinifləri 765,                        9-cu sinifləri 1131 şagird bitirmişdir. Fənn olimpiadalarının respublika turunda iştirak edən 22 nəfərdən 8 nəfəri qalib gələrək 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmışlar. 13 saylı məktəbin tədris korpusu sökülərək yeni bina tikintisinə, 16 saylı tam orta məktəbdə əsaslı təmir işlərinə başlanılmışdır. Cari ilin mart ayında şəhərin ümumtəhsil məktəblərindən 40 nəfər şagird “Ölkəmizi tanıyaq” devizi altında Lənkəran-Astara-Masallı rayonlarına səfər etmişlər.

Şəhər  Mərkəzi Xəstəxanasında ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ilin  fevral ayının 11-dən may ayının                 11-dək əhalinin 78709 nəfəri tibbi müayinədən keçirilmişdir. Hesabat dövründə Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq İdarəsi, Dezinfeksiya Stansiyası və Taun Əleyhinə şöbə öz işlərini qanunvericiliyə və təsdiq olunmuş profilaktiki tədbirlərə uyğun qurmuşlar. Bununla belə görülən işlərin kəmiyyəti və keyfiyyəti artırılmalıdır. Cari ilin 6 ayında Bərdə regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyi tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni avadanlıqlarla təchizatı, binaların təmiri sahəsində müəyyən işlər görülmüşdür. Nümayəndəliyə  tövsiyə olunur ki, əhaliyə göstərilən mədəni xidmətlərin daha cəlbedici olmasına diqqəti artırsın.

Gənclər arasında idmanın geniş yayılması, yarışların keçirilməsi sahəsində bir sıra işlər görülmüş nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə Gənclər və İdman İdarəsinin nəzdindəki idman məktəblərinin yetirmələri bir sıra uğurlar əldə etmişlər. Ümumilikdə müxtəlif idman növləri üzrə ötən müddətdə 21 qızıl, 8 gümüş, 15 bürünc medal qazanılmışdır”.

Məruzəçi həmçinin qeyd edib ki, 2019-cu ilin 6 ayı ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən  24 rəsmi qəbul, 25 səyyari görüş keçirilmişdir: “Rəsmi qəbulda 464 vətəndaş qəbul olunmuşdur. Səyyari görüşlərdə 2753 nəfər iştirak etmiş, 252 sakindən 354 müraciət dinlənilmişdir. Səyyari görüşlərdə olunan müraciətlərin 156-sı icra edilmiş, digər qaldırılan 198 məsələlərlə bağlı müvafiq izahatlar verilmişdir”. O çıxışını bu sözlərlə bitirib: “İlin birinci yarısının təhlili göstərir ki, şəhərimizdə iqtisadiyyatın dirçəlməsi, abadlıq və quruculuq işlərinin genişləndirilməsi, kommunal sahələrdə yaranan problemlərin ardıcıl şəkildə həlli və digər sahələrdə aparılan işlər uğurla davam edir. Hesab edirik ki, bu günkü müzakirə, qeyd olunan problemlərin aradan qaldırılması, cari ilin ikinci yarısında daha uğurla fəaliyyət göstərməyimizə imkan yaradacaqdır”.

 Daha sonra “2019-cu ilin  6 ayında  Mingəçevir şəhərinin   sosial-iqtisadi inkişafının  vəziyyəti və  qarşıda duran  vəzifələr” ilə əlaqədar Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev, Sukanal İdarəsinin rəisi Maarif Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış ediblər. Çıxışlardan  sonra aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev  Şura iclasının  yekunu üzrə hazırlanmış qərar layihəsini oxuyub.

 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov  iclasa yekun vurub. O deyib:  “Biz bu gün 2019-cu ilin 6 ayı  ərzində şəhərimizdə görülən işlər, qarşıda  duran vəzifələr barədə müzakirələr apardıq. Həm hesabatda, həm də müzakirələrdə görülən işlərlə yanaşı, bəzi sahələrdə, xüsusilə kommunal və xidmət sahələrində problemlər və nöqsanlar da qeyd edildi. Əlaqədar təşkilat rəhbərlərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu nöqsanlar və problemlər təcili şəkildə həll olunmalıdır.

Bilirsiniz ki, cənab Prezidentin keçirdiyi müşavirədə etdiyi  yekun nitqində növbəti dövr üçün prioritetlərin dəyişməz olaraq qaldığını vurğuladı, Azərbaycan iqtisadiyyatının uzunmüddətli, gələcəkdə dayanıqlı  iqtisadiyyat kimi özünü göstərməsi üçün aparılan islahatların daha da dərinləşməli olduğunu, iqtisadi və maliyyə sektorunda maksimum şəffaflığın təmin edilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısı çıxışında daim yeni iş yerlərinin yaradılmasını diqqətdə saxlamağı, inşaat sektorunun daha da inkişaf etdirilməsini, dövlət investisiya layihələrinə çox ciddi nəzarət edilməsini, nağdsız ödənişlərin səviyyəsinin yüksəldilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, sosial infrastrukturun yaradılması, nəqliyyat sahəsində əlavə tədbirlərin görülməsini, strateji yol xəritələrinin icrasının       2025-ci ilin sonuna qədər icra edilməsini və sair kimi mühüm tapşırıqlar da verdi. Hesab edirəm ki, dövlət başçısının verdiyi bütün  tövsiyə və tapşırıqlar hər birimizin, eləcə də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm vəzifələr qoyur. Əminəm ki, birlikdə qarşıda bizi gözləyən işlərin öhdəsindən layiqincə gələcəyik”.

Esmira Hidayətova, Mingəçevir