Nicat Nəsirli: Çəltik əkinlərinin elmi əsaslarla həyata keçirilməsinə maraq artır

0
105

Düyü qida məhsulu olaraq eramızdan əvvəl 2500-cü illərdə istehlaka daxil olub. Çindən bütün dünyaya yayıldığı hesab edilir. Beş yüz il əvvəl əksər ölkələrdə kütləvi əkilməsinə baxmayaraq, bu gün dünya üzrə əkin dövriyyəsində olan 1 milyard 500 milyon hektarın 22 faizini əhatə edir. Çəltik əkinlərində ən böyük sahələr üç ölkə arasında bölünüb: Çin, Hindistan və İndoneziya. Hər il dünyada 485 milyon tondan artıq düyü istehsal olunur, lakin bu məhsula tələbat daha böyükdür. İstehsal sıralamasında Çin 145 milyon tonla birinci, Hindistan 103 milyon tonla ikinci, İndoneziya 36 milyon tonla üçüncü yerdədir. Sonrakı yerləri Banqladeş, Veytnam, Tayland, Birma, Filippin, Yaponiya tutur. Yaşadığımız bölgədə ən çox çəltik əkən ölkə İran (571 min hektar, 2 milyon 640 min ton) və Türkiyədir (110 min hektar, 900 min ton).

Bu sözləri çəltik əkinlərinin elmi əsaslarla həyata keçirilməsi ilə bağlı AZƏRTAC-ın sualını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.

Həmsöhbətimiz bildirib ki, beynəlxalq ictimai rəydə formalaşan fikirlərə görə, düyü dünya əhalisinin qidaya artan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Xüsusən, bu qidaya böyük maraq bəslənilən Şərq və Asiya ölkələrində çəltikçiliyin inkişafı üçün daha əlverişli imkanlar var. Hər iki regionda düyüyə marağın olması həm dini, həm sağlamlıq, həm də təsərrüfat ənənələri baxımından izah olunur. İnanclara görə, əksər peyğəmbərlər düyünü “müqəddəs qida” kimi qiymətləndiriblər. Sağlamlığa təsirlərinə gəldikdə isə tərkibi vitamin, protein və karbohidratlarla zəngin olduğu üçün orqanizmə güc verir, insanı daha tez doyuzduraraq aclıq hissini aradan qaldırır. Düyü əksər ölkələrdə əhalinin qidalanma strukturunda “üçüncü çörək” kimi qəbul edilir.

Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktor müavini Şikar Əhmədov və region fermerləri ilə birgə bu günlərdə İranda səfərdə olan Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri diqqətə çatdırıb ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2012-ci ildə mərkəzi İranın Rəşt şəhəri olmaqla Mərkəzi və Qərbi Asiya üzrə Regional Çəltik Tədqiqatı və Təlimi Mərkəzi (CWARice), onun nəzdində isə Beynəlxalq Çəltik Tədqiqatı İnstitutu (IRRI) təsis edib. Mərkəzin üzvləri Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistandır. Mərkəzin əsas vəzifəsi çəltik əkilən bu ölkələr arasında elmi yenilikləri təbliğ etmək, tədqiqat və istehsal proseslərini əlaqələndirmək, təcrübə mübadilələrini təmin etmək və üzv ölkələr arasında istehsal həcmini artırmaqdan ibarətdir. Bu məqsədlərə çatmaq üçün ildə bir neçə dəfə üzv ölkələrin nümayəndələri mərkəzə dəvət olunaraq sahə nümayişləri, forum və disputlar keçirilir, təcrübə mübadiləsi təmin olunur. Bu il keçirilmiş növbəti görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktor müavini Şikar Əhmədov və region fermerləri ilə birgə ölkəmizi təmsil etdik.

Nicat Nəsirli səfər təəssüratlarından danışarkən deyib: “Səfər günlərində Beynəlxalq Çəltik Tədqiqatı İnstitutunun nümayiş sahələrində son illər əldə olunmuş sort və hibrit növləri ilə yaxından tanış olduq, laboratoriya şəraitində aparılan analiz və araşdırmalar haqqında ətraflı məlumat aldıq. İnstitutda çəltiyin 100-ə yaxın sort və hibridləri üzərində tədqiqat işləri aparılır, bitkinin stress faktorlarına qarşı dözümlülüyü öyrənilir. Mərkəzin İrana salınması təsadüf xarakter daşımır, bu ölkə çəltikçilikdə xeyli inkişaf edib. Çəltik ölkənin kənd təsərrüfatında ən strateji bitkidir, minlərlə torpaq adamı öz sahəsində çəltikçiliyi elmi yolla inkişaf etdirir, “haşimi”, “sədri”, “şuridi”, “gilanə” sortlarının toxumçuluğu təmin olunub. Səfər günlərində hər bir sortun təcrübə-nümayiş sahəsinə baş çəkdik, bizə sortların keyfiyyət, torpaq-iqlim xüsusiyyətləri haqqında əyani məlumatlar verildi. Öyrəndik ki, hazırda çəltikçiliyin qarşısında duran əsas vəzifələr toxumçuluğun elmi əsaslarla təşkili, becərmədə kimyəvi deyil, bioloji üsullardan istifadə olunması, dad və keyfiyyət göstəricilərinin yüksəldilməsi kimi vacib məsələlərdir. Gilan vilayətinin Rüstəmabad yaşayış məntəqəsində fermer Həsən Mişanpurun əkin sahəsində çəltiyin mini kombaynlar vasitəsi ilə biçin prosesini izlədik, çeşidlənmə, qablaşdırma qaydaları ilə maraqlandıq, emal müəssisəsində isə çəltiyin son məhsula çevrilməsini izlədik.

Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktor müavini Şikar Əhmədov üzv ölkələrin forumunda çıxış edərək ölkəmizdə həyata keçirilən aqrar islahatlar haqqında ətraflı məlumat verdi, çəltikçilik sahəsinin inkişafına göstərilən dövlət dəstəyi və elmi-tədqiqat işləri haqqında ətraflı danışdı. Müzakirələr zamanı məlum oldu ki, Azərbaycanda həyata keçirilən aqrar inkişaf üzv ölkələr tərəfindən diqqətlə izlənilir, Mərkəzi və Qərbi Asiya üzrə Regional Çəltik Tədqiqatı və Təlimi Mərkəzi qarşılqılı əməkdaşlıq etməklə bu inkişafa öz töhfəsini verməyə maraq göstərir. Yaxın günlərdə təşkilat nümayəndələrinin Azərbaycana səfər edərək çəltikçiliyin inkişafında birgə fəaliyyətlər müzakirə olunacaq”.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi ilə Beynəlxalq Çəltik Tədqiqat İnstitutu arasında “Azərbaycanın çəltik sektorunun inkşafı üzrə elmi-texniki əməkdaşlığa dair” razılaşma memorandumu imzalanıb. Yaxın gələcəkdə bu sənəd çərçivəsində birgə addımlar atılacaq.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri son illər respublikamızda çəltikçiliyin inkişafına böyük həcmdə dövlət dəstəyi göstərildiyini bildirərək deyib: “Bu sahə subsidiyalaşmağa cəlb edilib, hektarına 90 manat subsidiya verilir, gübrə, mator yağı, yanacaq dəstəyi də nəzərə alınarsa hektarına 250 manat həcmində subsidiya ödənilir. Uzun müddət çəltikçilik çətin əl əməyi tələb edən sahə hesab olunub. İndi isə əkindən başlayaraq, məhsulun yığımına kimi, bütün proseslərin mexanikləşdirilməsi üçün dövlət dəstəkləri mövcuddur. Məsələn, ötən il respublikada, ilk dəfə olaraq, cənub bölgəsinin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilib ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. 2018-ci ildə çəltiyin əkin sahəsi əvvəlki illə müqayisədə 2 dəfədən çox artırılaraq 5,1 min hektara çatdırılıb. İstehsal 2,9 dəfə artaraq (10,6 min ton) 16,2 min tona çatıb və orta məhsuldarlıq 31,1 sentner/hektar olub. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bu sahənin inkişafında mühüm dönüş yaradıb”.

Onun sözlərinə görə, yerli istehsal tələbatı tam ödəmədiyi üçün bu məhsul üzrə idxaldan asılılıq yüksəkdir. Təkcə ötən il Hindistan, Pakistan, İran və digər ölkələrdən 51 min 60 ton düyü idxal olunub ki, buna 36 milyon ABŞ dolları xərclənib. İl ərzində isə cəmi 8 ton düyü ixrac edilib. Bu da mövcud istehsal potensialı baxımından çox aşağı göstəricidir. Unutmayaq ki, ölkəmizin düyüyə illik tələbatı 40 min tondan yuxarıdır və onun böyük bir hissəsi idxal hesabına təmin olunur. Odur ki, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi, eləcə də çəltik istehsalına marağın artırılması məqsədilə “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” da hazırlanıb və dövlət başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. Proqramda yaxın illərdə çəltik əkini sahələrinin genişləndirilməsi və çəltiyin məhsuldarlığının artırılması, bu sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının gücləndirilməsi, emal müəssisələrinin yaradılmasının təşviqi, toxumçuluq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və sair öz əksini tapıb.