Neft hasilatı azalıb, qaz hasilatı artıb

0
396
Cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 2,5%, yaxud müqayisəli qiymətlərlə 1,1 milyard manat artaraq 44,1 milyard manata çatıb. ÜDM-in 61,6%-i məhsul istehsalı sahələrinin, o cümlədən 44,3%-i sənayenin, 11,9%-i inşaat kompleksinin, 5,4%-i kənd təsərrüfatının payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 4 min 696,1 manat (5 min 987,6 dollar) olub. ÜDM istehsalı qeyri-neft sektorunda 6% artıb, neft sektorunda isə 2% azalıb. Məlumat üçün xatırladaq ki, ötən ilin analoji dövründə ÜDM istehsalı qeyri-neft sektorunda 10,4% artıb, neft sektorunda isə dəyişməz qalıb.
 Son 5 ildə neft hasilatında 16,8% geriləmə olub

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 25,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% azalıb. Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32,1 milyon ton, əmtəəlik qaz hasilatı 13,8 milyard kub metr təşkil edib. Ötən ilin analoji dövrünə nisbətən neft hasilatı 1,2% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb. Qeyd edək ki, son 5 ilin ilk 9 aylarnın nəticələrini müqayisə etdiyimiz zaman neft hasilatının 16,8% aşağı düşdüyü görünür. Belə ki, neft hasilatı 2010-cu ilin yanvar-sentyabr aylarında ən yüksək həddə – 38,6 milyon tona çatıb. Növbəti ildə bu göstərici azalaraq 35,5 milyon tona, 2012-ci ildə bir qədər də azalaraq 32,8 milyon tona, ötən ilin yanvar-sentyabr aylarında isə 32,5 milyon tona düşüb. ÜDM istehsalında olduğu kimi sənayenin qeyri-neft sektorunda da məhsul istehsalı 6% artıb, neft sektorunda isə 2% azalıb.

 Taxıl istehsalı 19,3% aşağı düşüb

Kənd təsərrüfatı sahəsində tarlalardan ilkin çəkidə 2 milyon 338,3 min ton taxıl (qarğıdalı daxil olmaqla), 808,9 min ton kartof, 1 milyon 125 min ton tərəvəz, 532,4 min ton meyvə və giləmeyvə, 439,9 min ton bostan məhsulları, 106,1 min ton üzüm, 20,4 min ton pambıq, 404,2 ton yaşıl çay yarpağı, 2,2 min ton tütün, 29,1 min ton şəkər çuğunduru, 19,8 min ton dən üçün günəbaxan toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl (qarğıdalı daxil olmaqla) istehsalı 19,3%, kartof istehsalı 17,8%, tütün istehsalı 16,2%, şəkər çuğunduru istehsalı 16%, çay istehsalı 14,8%, tərəvəz istehsalı isə 1,1% azalıb. Günəbaxan istehsalı 11,8%, bostan məhsulları istehsalı 2,9%, üzüm istehsalı 1,7%, meyvə və giləmeyvə istehsalı 0,4% artıb.

 Mal-qaranın sayı 7,3 min, qoyun və keçilərin sayı isə 3,4 min baş azalıb

İri buynuzlu mal-qaranın baş sayı 2 milyon 721,4 min başa, qoyun və keçilərin baş sayı isə 8 milyon 767,5 min başa çatıb. Qeyd edək ki, son bir il ərzində iri buynuzlu mal-qaranın sayı 7,3 min baş, qoyun və keçilərin sayı isə 3,4 min baş azalıb. Bu dövrdə 324,9 min ton diri çəkidə ət, 1 milyon 416,3 min ton süd, 1 milyard 164,2 milyon ədəd yumurta, 16,3 min ton yun istehsal edilib. 2013-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1,5%, süd istehsalı 3,6%, yumurta istehsalı 11,6%, yun istehsalı 1,5% artıb. Beləliklə, dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı ötən ilki səviyyədən 3% çox, bitkiçilik məhsulları istehsalı 9%, kənd təsərrüfatının ümumi məhsulu isə 3,7% az olub.

 Qazancımızın 70,1%-ini son istehlaka yönəltmişik

2014-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,4% artaraq 27,2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 4% artaraq 2 min 890,3 manata çatıb. Qazanılan gəlirlərin 70,1%-ini orta hesabla hər bir şəxs son istehlaka, 9,2%-ini vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 18,1%-ini əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Vergiləri və üzvlük haqqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2 min 625,7 manat qalıb və müqayisə edilən dövrdə 4,5% artıb.

 Neft və qeyri-neft sektorlarında əmək haqqı fərqi 4,2 dəfədən çoxdur

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 440,9 manat təşkil edib. Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-avqust ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 703,7 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 627,2 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 541,3 manat, informasiya və rabitə sektorunda isə 720,5 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1746,3 manat, qeyri-neft sektorunda 407,9 manat, dövlət bölməsində 356,3 manat, özəl bölmədə 565,5 manat olub.

 Sentyabrda ərzaq məhsullarının qiymətləri 2,6% artıb

Sentyabr ayında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 1,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6%, xidmət tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə avqust ayının səviyyəsində qalıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər doqquz ay ərzində 1,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1%, qeyri-ərzaq mallarının qiymətləri 3,6%, xidmət tarifləri 0,4% bahalaşıb.

Alahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here