Dövlət dəstəyi təsərrüfatlarımızı daha da genişləndirməyə imkan verir

0
26

Ölkə iqtisadiyyatının, o cümlədən aqrar sahənin dirçəldilməsi və inkişafı sahibkarlıq fəaliyyəti ilə sıx bağlıdır. Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsasını ailə təsərrüfatları və ailə biznesi tutur. Çünki ailə təsərrüfatları özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa mühüm töhfə verir. Bu gün muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir. Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları bazara sərbəst çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi bu sahəyə marağı xeyli artırıb.

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılmasına, istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına stimul verməkdədir.

Babək rayonunda da belə təsərrüfatların sayı getdikcə artır. Onlardan biri də illərdir, dövlət dəstəyi və çəkdiyi zəhmət hesabına təsərrüfat sahibi olan Nehrəm kənd sakini Cəmşid Həsənovdur. O, təsərrüfatçılığa başladığı ilk illərdən Naxçıvanda adı və dadı ilə tanınan Nehrəm qarpızı becərib. Daha sonra təsərrüfat sahəsini genişləndirmək üçün torpaq icarəyə götürüb, digər əkinçilik sahələri ilə də məşğul olub. İki hektara yaxın sahədə meyvə bağı salıb.

Cəmşid Həsənov azərtac-ın Naxçıvan bürosunun əməkdaşına müsahibəsində deyib ki, bu gün Naxçıvanda təsərrüfat qurmaq çətin iş deyil: “Muxtar respublikaya gətirilən yeni texnikalar, məhsuldar toxum sortları ilə təchizat, əkinçiliklə məşğul olanlara kreditlərin və subsidiyaların verilməsi bizi torpağa daha sıx tellərlə bağlayıb. Zəhmət çəkdiyimiz sahə asan olmadığından daha bol məhsul götürmək üçün təsərrüfatımıza əlavə işçi qüvvəsi də cəlb etmişik”.

Müsahibimizin sözlərinə görə, yetişdirdiyi məhsulları Naxçıvan-Culfa magistral yolunun kənarında torpaq mülkiyyətçiləri üçün ayrılmış ərazidə və Naxçıvan şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında satır. Həmsöhbətimiz qeyd etdi ki, ötən il qovun-qarpızdan yaxşı gəlir götürüb. Bununla yanaşı, pomidor və xiyar da satışa çıxarılan məhsullar içərisində üstünlük təşkil edib. Son 3 ildə isə tomat da istehsal edir. Artıq ailə təsərrüfatı kiçik sahibkarlıq subyekti kimi formalaşıb. Beləliklə, istehsal olunan məhsullar “Ailə təsərrüfatı” əmtəə nişanı ilə satışa çıxarılır.

Cəmşid Həsənov deyib: “Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı istehsal etdiyi məhsulların tanıdılması və satışı baxımından çox əhəmiyyətli rol oynayır. Belə ki, qablaşdırılan tomat və müxtəlif çeşiddə turşu məhsullarının ilk vaxtlarda satışı heç də ürəkaçan olmadı. Ancaq adıçəkilən festivala çıxardıqdan sonra bütün məhsullar satıldı və daimi müştərilər qazandım. Belə festivalların keçirilməsi torpaq mülkiyyətçiləri üçün böyük bir stimuldur”.

Fermer qeyd edib ki, mövsümdə ən çox gəlir qazandığı sahə bostan bitkiləri və taxıl olduğundan bu il də üstünlüyü bu sahələrə verib. Belə ki, fermer 200 hektar taxıl əkib. Bundan əlavə, ümumilikdə, 30 hektar sahəni bostan və tərəvəz bitkiləri üçün ayırıb. Fermer həm də meyvə tingləri əkir, onlara qulluq edir. Təsərrüfatının təxminən 2 hektarında badam, alma, ərik və tut ağacları əkib. Gələcəkdə üzüm və göycə tingləri də əkib-becərmək niyyətindədir.

Dövlət dəstəyindən yararlanaraq güzəştli kredit götürəcəyini qeyd edən Cəmşid Həsənov onu da bildirib ki, belə güzəştli kreditlərdən yararlanaraq işlərini xeyli sürətləndirib. “İndi, şükürlər olsun, əkin-biçin üçün şəxsi texnikalarımız da var. Öz zəhmətimizlə qurub-yaratdığımız təsərrüfatı daha da genişləndirməyə çalışırıq. Bununla bazarda yerli məhsulların həcminin artmasına öz töhfəmizi veririk”, – deyən təsərrüfatçı qeyd edib ki, yetişdirdiyi qarpız və yemişdən spirtli içki istehsal edəcək və bununla yanaşı, istehsal etdiyi məhsulları uzun müddət və daha keyfiyyətli saxlamaq üçün soyuducu anbar qurmağı da planlaşdırır.