MDU-nun yeni rektoru kollektivə təqdim edilib

0
69

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Uinversitetinin (MDU) rektoru vəzifəsinə təyin olunmuş iqtisad üzrə fəlsəfə doktoru, dosent Şahin Vaqıf oğlu Bayramov avqustun 2-də universitetin kollektivinə təqdim edilib.

Rektoru təqdim edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov Şahin Bayramovun iş təcrübəsi və elmi fəaliyyəti haqqında məlumat verib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin 2013-cü ildə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına toxunaraq bildirdi ki, Dövlət Strategiyası məzmun, beynəlxalq təcrübə və meyillər, Azərbaycanda təhsilin vəziyyəti, təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, Strategiyanın həyata keçirilməsi baxımından böyük əhəmiyyət daşıyır və bu i.lər uğurla davam etdirilir. Bildirib ki, bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Ölkədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir. Ona görə də ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar öz həyatlarını daha yüksək səviyyədə qura bilərlər. Təbii ki, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də fəaliyyətlərini düzgün stimullaşdıra bilərlər. Bunun üçün təhsil və bütövlükdə bu proses böyük əhəmiyyət kəsb edir. Belə ki, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Cənab nazir çıxışının sonunda Mingəçevir Dövlət Universitetində 28 il rektor səlahiyyətlərini icra edən, tədris işləri üzrə prorektor və  kollektivin sonsuz hörmətini qazanmış Akif Hacıyevə təşəkkür edib.

Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini bildirib.

Daha sonra Akif Hacıyev çıxış edərək, uzun illər rəhbərlik etdiyi kollektiv haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, kollektivin potensialından, işə olan münasibətindən danışıb. Bildirib ki, inanıram ki, kollektiv bundan sonrada xalqına və dövlətinə namusla xidmət göstərəcək və yüksək dərəcəli gənc kadrların yetişməsində yeni təyin olunan rektora, Şahin Bayramova dəstək olacaqlar.

Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib. Qeyd edib ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlşcasıdır. İlham İsmayılov bildirib ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. İlham İsmayılov vurğulayıb ki, ölkədə elm və təhsilin inkişafında yaranmış keyfiyyətcə yeni mərhələnin reallıqları, həyata keçirilən islahatların istiqaməti Mingəçevir Dövlət Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə alınır. Gələcək həyata məhz bu ali məktəbdən qədəm qoyan yüzlərlə Azərbaycan gəncinin müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının artması, kompüter və informasiya texnologiyalarını dərindən mənimsəməsi üçün görülən işlər ardıcıl və sistemli səciyyə daşıyır. Hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər var: Mingəçevir Dövlət Universitetinin də əsas məqsədi gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən universitetin professor-müəllim heyəti qarşıdakı məqsədə çatmaq üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir. Onlar gələcəyin yetkin gəncliyini formalaşdırmaq üçün daim əzmkarlıqla işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların, savadlı kadrların hazırlanması üçün tədris və təhsilin keyfiyyətini günü-gündən gücləndirməyə çalışırlar.

Esmira Hidayətova, Mingəçevir.