Özünüməşğulluq iqtisadi və sosial inkişaf sahəsində böyük gələcək vəd edir

0
71

Ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən birini əhalinin məşğulluğunun təmin olunması təşkil edir. Bunu təsdiqləyən faktlardan biri Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə qəbul olunmuş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası”dır. Bəri başdan qeyd edək ki, strategiyanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan əsas hədəflər işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək,  iqtisadi məhsuldarlığın daha yüksək səviyyəyə qalxmasına nail olmaq və nəzərdə tutulan müddətədək əmək məhsuldarlığını 2 dəfəyə qədər artırmaqdır.

Minlərlə aztəminatlı ailənin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmağa, sosial yardım proqramından asılılığı aradan qaldırmağa və kiçik ailə biznesi yaratmağa imkan verən bu sosial proqram ölkəmizdə uğurla icra olunur. Belə ki, ötən il 7267 nəfər müxtəlif kurslardan, proqramlardan və təlimlərdən keçərək öz biznes-planlarını müdafiə ediblər. Həmin 7200 nəfərdən 1000-i əlilliyi olan şəxslər, 1000-dən çoxu məcburi köçkünlərdir. Şübhəsiz, bu da minlərlə mikrotəsərrüfatın yaranması deməkdir. Göründüyü kimi, proqramın icrası zamanı əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir. Yəni, özünüməşğulluq  məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı şərait yaratmağa imkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin 6 ayı ərzində artıq 3 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. İlin sonunadək bu rəqəmin daha yüksək olacağı gözlənilir.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq proqramından söz açan Prezident İlham Əliyev demişdir: “İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir”. Dövlət başçısının Fərmanı ilə təşkil olunmuş DOST Agentliyinin (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) məqsədlərindən biri də məşğulluqda  xidmətin keyfiyyətinin yüksəldilməsi və  bu sahədə şəffaflığın artırılması ilə vətəndaş məmnunluğunun təmin edilməsidir.

Yeri gəlmişkən, qeyd edək ki, özünüməşğulluq proqramı ilə bağlı müraciətlərə əsasən demək olar ki, onların 80 faizindən çoxu heyvandarlıqla bağlıdır. Digərləri isə  istehsalat və xidmət sahələridir. Artıq bu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə də başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda (Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala) 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Belə ki, özünüməşğulluq proqramının dünyanın 156 dövlətinin sosial müdafiə qurumunu birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatına layiq görülməsi də bunu sübut edir.

Ekspertlərin fikirncə, ölkəmizdə özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Bu mənada respublikamızda  özünüməşğulluq proqramı həm məşğulluq, həm iqtisadi inkişaf, həm də məhsul istehsalının artımı baxımından çox böyük gələcək vəd edir. Şübhəsiz, bu həm də qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil