Mingəçevirdə Ana dili günü qeyd olunub

0
177

Ulu öndər Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq Mingəçevirdə təntənəli bayram tədbiri keçirilib. Tədbir respublikamızda ilk dəfə yaradılan və analoqu olmayan “Ana-dili” abidəsi önündə təşkil olunub. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, məktəb və uşaq bağçalarının kollektivləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb.

Esmira Hidayətova, Mingəçevir