Xaçmazlı fermer: Çalışıb aqrar sahənin inkişafına öz töhfəmizi verməliyik

0
110

Bizim üç hektara yaxın fındıq bağımız var. Qarşıdakı illərdə əkin sahəsini daha da artıracağıq. Çünki fındıqçılıq bizim rayonda ən gəlirli sahələrdən birinə çevrilib. Becərilməsi rahat olmaqla yanaşı, məhsula tələbat da çoxdur. Quru məhsuldur deyə xarab olmur. Anbarda saxlayıb istədiyimiz vaxt baha qiymətə sata bilirik. Artıq fındıq yığımına başlamışıq. Bu il ağaclarda bol məhsul var.

Bu sözləri azərtac-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz rayonunun Çarxı kəndindən olan fermer Rövşən Şahbazov söyləyib.

O qeyd edib ki, fındıqçılığın inkişafı bağ sahiblərinin rifah halının yüksəlməsinə şərait yaradır: “Bağımızdan 3 tondan çox fındıq istehsal edirik. Bu da 15 min manata yaxın gəlir deməkdir. Tək fındıq əkməmişik. Bağımızda şaftalı, gavalı, alça da var”.

R.Şahbazov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına ayrılan subsidiyalar, fermerlərin gübrələrlə, eləcə də müasir texnikalarla təminatına yardım göstərilməsi kənd təsərrüfatının dirçəlməsinə səbəb olub.

“4-5 il əvvəl rayonda iki-üç fındıq qəbulu məntəqəsi var idi. İndi isə həmin məntəqələrin sayı 20-yə çatır. Bundan başqa, fındıq emalı müəssisəsi də yaradılıb. Bir sözlə, fındığa böyük tələbat yaranıb. Bu sahəyə marağın artmasında Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlər böyük rol oynayır. Dövlətimizin başçısının tapşırığından sonra son üç ildə Xaçmaz rayonunda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 10 min hektara çatdırılıb. Bu, böyük inkişafdan xəbər verir. Fındıqçılıqla məşğul olan fermerlərin də gəlirləri artır. Digər tərəfdən rayonda yaradılan yeni müəssisələrdə yerli sakinlər işlə təmin olunurlar. Ümumiyyətlə, son illər aparılan islahatlar nəticəsində Azərbaycanda aqrar sahədə nəzərəçarpacaq dərəcədə inkişaf hiss olunur”, – deyə xaçmazlı fermer söyləyib.

Fermer deyib: “İyulun 31-də Prezident yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı bildirdi ki, kənd təsərrüfatında rekord göstərici əldə edilib. Aqrar sahə bu ilin altı ayında 13 faiz artıb. Xüsusilə bitkiçilikdə 25 faiz artım olub. Bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək. Həqiqətən də bu uğurlar təqdirəlayiqdir. Biz fermerlər də çalışıb bu ümumi işə öz töhfəmizi verməliyik”.

Qeyd edək ki, rayonda fındıq yığımı avqustun sonunadək davam edir. Ümumilikdə, şimal bölgəsinin rayonlarında son 3 ildə 10 min hektardan çox yeni fındıq bağı salınıb. Fındıq istehsalı bu rayonların iqtisadiyyatında mühüm rol oynayır. Hazırda Xaçmaz, Quba, Qusar və Şabranda 20 min hektaradək fındıq bağı var.