İslahatlar müsbət nəticələr verir

0
57

Məlum olduğu kimi, artıq bir neçə ildir ölkəmizdə kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi, bu məqsədlə ayrı ayrı sahələrin – pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və s. istiqamətlərin inkişafı üçün ardıcıl tədbirlırin həyata keçirilməsinə başlanmışdır. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının daha da yüksəldilmısi və əhalinin məşğulluğunun artırılması, maddi durumunun yaxşılaşdırılması və digər hədəfləri nəzərdə tutmuşdur. Ötən dövr ərzində sözügedən sahələr üzrə çox böyük işlər görülmüşdür ki, bu gün onun nəticələrini fermerlər, təsərrüfatla məşğul olan şəxslər görürlər.

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Fermerlər Şurasının üzvü, “Tərəqqi” medallı  İldırım Məmmədov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu gün həqiqətən də aqrar sahədə aparılan islahatlar müsbət nəticələr verməkdədir: “Sağ olsun dövlətimiz, bizə lazımi şəraiti yaradıb, torpaq verib, güzəştli şərtlərlə texnika və gübrə alırıq, subsidiya ayrılır. Artıq danılmaz faktdır ki, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında iqtisadi təşəbbüskarlıq xeyli artıb, istehsalçılar arasında iqtisadi aktivlik yüksəlib, regionlarda yaşayan əhalidə torpağa münasibət əsaslı şəkildə dəyişib. Hətta mən deyərdim ki, istehsalçılara iqtisadi və elmi informasiya təminatının göstərilməsi nəticəsində kənd adamlarında əkib-becərməyə  böyük maraq yaranıb. İndi əksər rayonlarımızda istifadədən kənarda qalmış boş torpaq sahəsi demək olar ki, tapmaq mümkün deyil. Bu mənada mən deyərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər reallaşdırılan siyasət nəticəsində aqrar sektor da öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Şübhəsiz, bu prosesdə düzgün idarəçilik, innovasiyaların tətbiqi və fermerlərə qayğı prinsipləri əsas rol oynayır. Bildiyiniz kimi, artıq taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı güzəştlərin tətbiqi diqqət mərkəzində saxlanılır. Bu da özünü göstərməkdədir. Adi bir missal deyim. Kənd Təsərrüfatı Nazirliyinin iyulun 30-na olan operativ məlumatına əsasən, ölkə ərazisində 1003743 hektar ərazidə taxıl biçini aparılıb, 341116 hektar ərazidə arpa, 662627 hektar ərazidə buğda biçini başa çatıb. Bu günədək cəmi taxıl sahələrinin 99,2%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3161692,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir”.

Sabirabadın Sərxanbəyli kəndinin sakini, fermer Dədəkişi Dövlətovin verdiyi məlumata görə, pambıqçılığın inkişafı sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər də öz bəhrəsini verməkdədir. Belə ki, fermerin dediyinə görə, ötən il 1 hektardan xalis gəliri 3000 min manatdan çox olub. O, bu il ötən ilkindən də çox məhsul gözləyir. Yeri gəlmişkən, müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkəmizdə cəmi 35 min pambıq tədarük edilib. Keçən il isə 233 min ton… Prezidentimizin bildirdiyi kimi, görün biz nə qədər böyük irəliləyiş əldə etmişik. Daha bir başqa misal. Artıq Qax rayonunun fındıq bağlarında tezyetişən sortların yığımına başlanılıb. Builki mövsümdə bağlardan 5 min tonadək fındıq tədarük olunması gözlənilir. Ötən il bağlardan 4,8 min ton məhsul tədarük olunub.

Bütün bunlar ixracatda da öz əksini tapır. Azərbaycanın son 6 ayda qeyri-net ixracı 1 milyard dollara yaxın olub. Ötən illə müqayisədə bu ilin ilk 6 ayında qeyri-neft ixracı 15 faiz artaraq tam rəqəm ifadəsində 979 milyon dollar təşkil edib. Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin siyahısında dəyişiklik olmasa da ixrac həcmi ötən illə müqayisədə artıb. Son 6 ayda xaricə ixrac olunan məhsulların arasında isə pomidor öz üstünlüyünü qoruyub saxlayıb.

Ümumiyyətlə, son illərdə sahibkarlığın inkişafı ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsində olduqca əhəmiyyətli rol oynayıb. Hazırda sahibkarlara, demək olar ki, maksimum dərəcədə sərbəstlik verilib. Prezident İlham Əliyev də sahibkarlarla görüşlərində, eləcə də keçirdiyi müşavirələrdə sahibkarlığın inkişafının ölkə üçün prioritet məsələlərdən biri olduğunu dəfələrlə vurğulayıb.

İldırım Məmmədovun fikrincə, bu prosesdə iri tipli təsərrüfatlar daha fəal iştirak edirlər: “Bununla bağlı möhtərəm Prezidentimiz İlham Əliyev Cəlilabadda istifadəyə verilən müasir tipli iri fermer təsərrüfatının açılışında bildirmişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar sahənin inkişafında iri fermer təsərrüfatlarının mühüm rolu vardır: “…bu təsərrüfatlarda məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə yüksəkdir. İri fermer təsərrüfatının fəaliyyət göstərməsi həm iş yerlərinin açılması, həm də yeni bir kənd təsərrüfatı sisteminin formalaşması deməkdir”.

Müsahibimiz daha sonra bildirdi ki, bu gün hər bir imkanlı adam ölkəmizin müxtəlif bölgələrində aqrar sahənin inkişafında maraqlıdır: “Çünki son illər ölkəmizdə özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın müxtəlif sahələrində işgüzar fəaliyyət üçün normative-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsini yüksəldib. Üstəlik, indi heç bir regionumuzda işıq, qaz, su, yol problemi yoxdur. Yəni, infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, əgər infrastruktur layihələri olmasaydı, sahibkar investisiya qoya bilməzdi”.

Qvami Məhəbbətoğlu, “İki sahil