Mingəçevir Avropa şəhərləri ilə müqayisə edilə biləcək inkişaf səviyyəsinə çatıb

0
137

Ölkəmizdə dövlət atributlarına xüsusi ehtiram var. Dövlət atributlarının qorunmasına və təbliğinə həssas münasibəti Dövlət Bayrağı Gününün təsis edilməsi də təsdiqləyir. Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır.

Belə ki, bu gün paytaxt Bakı ilə yanaşı, son illərdə bölgələrdə yaradılan Bayraq meydanları gənc nəslin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə xidmət edən mühüm amillər sırasındadır. Bu sırada bölgələrdə Azərbaycan Dövlət Rəmzləri muzeylərinin də təşkili təqdirəlayiqdir. Belə muzeylərdən birinin də təməli iyulun 29-da Mingəçevir şəhərində qoyulub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, iki mərtəbədən ibarət olacaq muzeyin ekspozisiyasında tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və digər dövlət rəmzləri nümayiş ediləcək: “Milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, xalqın ən ülvi arzularını lakonik, bədii obrazlı dildə ifadə edən ən mühüm rəmzlərimiz bayrağımız, gerbimiz və himnimizdir. Bunlardan başqa,  pul, orden və medallar da dövlət  atributları hesab olunur.  Bu muzey istifadəyə veriləndən sonra həm Mingəçevir sakinlərində, həm də buraya gələn qonaqlarda şanlı tariximiz haqqında daha geniş təsəvvür yaratmaq imkanlarımız olacaq.  Yeri gəlmişkən qeyd edim ki,  ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması,  gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də dövlət rəmzlərinin təbliği və öyrənilməsinə xüsusi diqqət yetirir”.

Müsahibimiz vurğuladı ki, şəhərin girişində Heydər Əliyev prospektində yerləşən  Bayraq meydanı 2013-cü ildə sakinlərin ixtiyarına verilib: “Bayraq meydanının açılılş mərasimində Prezident İlham Əliyev də iştirak edib. Bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. Meydanda inşa olunan fəvvarə buranı daha da gözəlləşdirir. Şəhər sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılıb”.

Onun sözlərinə görə, bayrağımız, himnimiz və digər dəyərlərimiz milli kimliyimizin göstəriciləridir: “Biz bu dəyərlərə hər zaman bağlı olmalıyıq. Xoşbəxt xalqıq ki, müstəqil dövlətimiz və rəmzlərimiz var. Ən böyük arzumuz isə bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanmasına nail olmaqdır. İnanırıq ki, ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu arzumuz yaxın vaxtda gerçəkliyə çevriləcək”.

İlham İsmayılov Kürün sahilinə, Bozdağın sinəsinə sığınan, gündən-günə gözəlləşən Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən də söz açdı: “Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi sahələri inkişaf etdirilir. Şəhər ərazisində 40-a yaxın sənaye müəssisəsi, o cümlədən iki böyük elektrik stansiyası fəaliyyət göstərir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mingəçevir Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb. Yeni fəaliyyətə başlayan Mingəçevir Sənaye Parkı öz məhsullarını “Made in Azerbaijan” markası ilə beynəlxalq bazara ixrac edir. Mingəçevir şəhərində “Asan həyat” Kompleksi də fəaliyyət göstərir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Prezidentin müvafiq Fərmanına əsasən icbari tibbi sığorta ilə bağlı   pilot layihə də həyata keçirilir. Bu yaxınlarda Mingəçevirdə xalça fabriki də fəaliyyətə başlayacaq. Son 6 ayda isə şəhərdə 17 “nümunəvi məhəllə” salınıb. Onu da deyim ki, dövlətimizin başçısı bu “nur şəhəri”nə xüsusi qayğı göstərir. Dövlət başçısının bu bölgəyə vaxtaşırı səfərləri şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında dərin izlər qoyur, şəhər sakinlərinin yaddaşına unudulmaz əlamətdar hadisə kimi həkk  olunur. Məhz bu qayğı və diqqət sayəsində  Mingəçevir  Avropa şəhərləri ilə müqayisə edilə biləcək inkişaf səviyyəsinə çatıb. Bir sözlə, öz inkişafının yeni dövrünü yaşayan Mingəçevir elə bir tarixi məqamına gəlib çatıb ki, bu şəhərə yolu düşən hər kəsi heyran qoyur.

Bir məsələni də vurğulamaq istərdim. Bu gün Mingəçevir həm də beynəlxalq tədbirlərin, yarışların təşkil olunduğu bir şəhərdir. Məsələn, 2015-ci ildə Mingəçevir birinci Avropa Oyunları çərçivəsində keçirilən kanoe idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bu il mayın 21-22-də “Şərq Tərəfdaşlığı” proqramının 10 illik yubileyi münasibətilə Mingəçevirdə  Avropa İttifaqı günlərinin növbəti mərhələsi keçirilib. Belə beynəlxalq səviyyəli tədbirlərin Mingəçevirdə təşkili şəhərin bütün sakinlərində məmnunluq hissi yaradıb. Düşünürəm ki, öz gözəlliyi, abadlığı ilə seçilən şəhərimiz hələ çox beynəlxalq tədbirlərin şahidi olacaq. Yeri gəlmişkən, qeyd edim ki, doğma şəhərimizi daha da abadlaşdırmaq məqsədilə yeni layihələr üzərində işləyirik. Onların arasında Mingəçevir şəhərində turizmin inkişaf planı da var”.

Qvami Məhəbbətoğlu, “İki sahil”