Ölkəmizdəki naməlum şəhid məzarlarının sayı nə qədərdir

0
96

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda olan naməlum şəhid qəbirlərinin sayını açıqlayıb.

Dövlət Komissiyasından bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin sonrakı taleyinə aydınlıq gətirilməsi ilə bağlı aparılan axtarış prosesində həlak olaraq Bakı şəhəri və cəbhəyanı rayonların ərazilərində tanınmadan dəfn edilmiş 196 şəxsə aid məzar yeri müəyyənləşdirilib.

Qeyd olunub ki, İmişli rayonu ərazisində yerləşən “Şəmmədli” qəbiristanlığında keçirilən ekshumasiya və identifikasiya prosesi ilə bağlı Dövlət Komissiyası tərəfindən ictimaiyyətə məlumat verilib:

“Meyit qalıqlarının identifikasiyası işləri başa çatdıqdan sonra tədbirin nəticəsi barədə açıqlama veriləcək”.

Qeyd edək ki, bundan qabaq 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınmışdı.

Xatırladaq ki, bir müddət əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı məlumat yayıb.


Məlumatda deyilir:

“1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli Qərar qəbul edilib.

“Qərara uyğun olaraq, “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının ekshumasiyası nəzərdə tutulur. Cari il iyul ayının 23-də meyit qalıqlarının ekshumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. (Modern.az)