Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər

0
322

Bu günlərdə Azərbaycanda səfərdə olan Uruqvayın Katolik Universitetinin Humanitar elmlər departamentinin Ərəb və İslam araşdırmaları bölməsinin direktoru, beynəlxalq siyasət proqramı üzrə məsul şəxs Susana Manqana azərtac-ın müxbiri ilə söhbətində ölkəmizdəki multikultural, tolerant mühit barədə danışıb.

O, Azərbaycanda artıq üçüncü dəfədir olduğunu, bundan əvvəlki səfəri zamanı Bakı Beynəlxalq Humanitar, Ümumdünya Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı forumlarında iştirak etdiyini söyləyib. Bildirib ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Bu cür tədbirlər mədəniyyətlərarası körpü yarada bilir və həm də bəzilərinin dünyaya səhv tanıtmağa çalışdıqları İslam dini ilə bağlı düşüncələrin dəyişməsində mühüm rola malikdir.

Azərbaycanda gənclərlə mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə dair səmərəli müzakirələr apardığını bildirən uruqvaylı alim Azərbaycanın müxtəlif mədəniyyətləri və dinləri təmsil edən insanların birgəyaşayış təcrübəsinə malik tək məkan olduğuna inandığını vurğulayıb. O, budəfəki səfəri çərçivəsində Azərbaycanın bir neçə bölgəsini ziyarət etdiyini, dini icmaların rəhbərləri ilə görüşdüyünü qeyd edib. “Bu görüşlər zamanı bir daha anladım ki, Azərbaycan xalqı öz tolerantlığı ilə fəxr edə bilər”, – deyə alim əlavə edib.

Susana Manqana deyib ki, Azərbaycan xalqı çox qonaqpərvər və sülhsevər xalqdır. Bu ölkədəki mükəmməl tolerantlığı dünyaya ixrac etmək lazımdır. Çünki dinlərin, millətlərin və mədəniyyətlərin birgə mövcudluğu hamı üçün faydalıdır. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə qucaq açır, burada bütün dinlərə hörmətlə yanaşılır və bu, heç də hər ölkədə belə deyil. Buradakı multikultural, tolerant mühit digər ölkələrə örnəkdir.

Qonaq Azərbaycana hər səfərdən geniş məlumatlarla qayıtdığını, bu məlumatları ölkəsinin ictimaiyyətinə çatdırdığını bildirib. “Bu sahədə gələcək fəaliyyətimizi daha da genişləndirməyi düşünürəm”, – deyə o bildirib.