Bu Sərəncam kollektivimizə yeni yaradıcılıq stimulu verəcək

0
38

Xalqımızın misilsiz mədəni sərvətlərindən biri sayılan teatrımızın  qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin mədəniyyət siyasətində önəmli yer tutur. Bu il martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı ölkə rəhbəri respublikamızda indiyə qədər mədəniyyətimizin inkişafı istiqamətində görülmüş işlərdən söhbət açaraq teatrlara diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Elə həmin görüşdən bir neçə gün sonra teatr ənənələrimizin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişafı üçün  teatrlarımıza vəsait ayırmışdır. Üstəlik, teatr sahəsində çalışanların əmək haqqlarını artırmışdır. Martın 5-də ölkə rəhbərinin Sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilmişdir. İyulun 24-də isə dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamaqla teatr aləmimizin onun həmişə diqqət mərkəzində olduğunu bir daha nümayiş etdirmişdır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi hissə müdiri Səadət Qarabağlı həmin Sərəncamla bağlı fikirlərini “İki sahil”lə bölüşərkən bildirdi ki, bu sənəd mədəni həyatımıza, teatr aləmimizə, eləcə də sənət məbədimizə böyük sevinc bəxş edib: “Buna görə cənab Prezidentə və mədəniyyətimizin himayədarı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva müxtəlif sahələrdə, o cümlədən teatr sahəsində çalışan insanları sözün həqiqi mənasında himayə edirlər. Yeri gəlmişkən qeyd edim ki, son illər milli mədəniyyətimizin dünyada təbliği istiqamətində onların apardıqları məqsədyönlü siyasət ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanınmasında da əhəmiyyətli rol oynayıb”.

Müsahibimiz, həmçinin vurğuladı ki, 2019-cu ilin oktyabr ayında 100 illiyi bir sıra tədbirlərlə qeyd olunacaq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Teatrımız eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb. 100 il ərzində teatrımız bir çox beynəlxalq tədbirlərdə  böyük nailiyyətlərə imza atıb”

S.Qarabağlının fikrincə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişib: “Bu sırada Mirzəağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların adlarını qeyd edə bilərik. Sərəncamda qeyd edildiyi kimi, onların teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan mədəniyyəti və teatrı tarixinə qızıl xətlə yazılıb. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoyan teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Bu prosesdə Nurəddin Quliyev, Bəsti Cəfərova, Ramiz Məlik, Rafiq Əzimov,  Hacı İsmayılov, Ramiz Novruz, Firəngiz Mütəllimova, Cəfər Namiq Kamal, Kazım Abdullayev, Elşən Rüstəmov kimi aktyorların danılmaz xidmətləri var. Yeri gəlmişkən qeyd edim ki, son beş ildə bu teatrda Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Ramiz Həsənoğlu, Mehriban Ələkbərzadə, Firudin Məhərrəmov, Mikayıl Mikayılov, Nicat Kazımov, Gümrah Ömər və digər rejissorlar həm dünya, həm də Azərbaycan dramaturqlarının əsərləri əsasında 50-yə yaxın tamaşa hazırlayıb. Düşünürəm ki, bu əlamətdar hadisə ilə bağlı ölkə başçısının bu Sərəncamı kollektivimizin  yaradıcı heyətinə yeni böyük yaradıcılıq stimulu verəcək”.

Müsahibimiz daha sonra dedi: “Mən fikrimi Prezident İlham Əliyevin bu sözləri ilə tamamlamaq istərdim: “Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz”. Bu isə o deməkdir ki, mədəniyyətin, o cümlədən teatrın inkişafı da digər sahələr qədər önəmlidir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”