Festival major notlarla yekunlaşıb

0
90

Bakıda təşkil edilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı dünən təntənəli bağlanış mərasimi ilə tarixin yaddaşına köçdü. Yarışla bağlı təəssüratlar hələ çox eşidiləcək, fikirlər, mülahizələr yürüdüləcək, amma irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməkdə böyük təcrübəyə malik və bu mənada, özünü dəfələrlə təsdiqləmiş Azərbaycanın üzərinə düşən missiyanın öhdəsindən yenə nümunəvi gəldiyini hansısa dərin təhlil aparmadan elə indidən demək mümkündür. Bu əminliyin kökündə isə yarış müddətində mütəxəssislərin, Festivalın gedişini işıqlandırmaq üçün Bakıya gəlmiş əcnəbi jurnalistlərin, müxtəlif növlər üzrə beynəlxalq və milli federasiya nümayəndələrinin və təbii ki, idmançıların və qonaqların müsbət qənaətləri dayanır.

Bağlanış mərasimi də bu pozitiv reallığın məntiqi yekunu oldu. Açılış mərasimi kimi, yekun tədbirin də ünvanı Bakının müasir memarlıq incilərindən sayılan “Kristal Zal” idi.

İlk olaraq mərasim iştiraçılarına salamlar çatdırılıb və Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbir könüllülərin Bakı yarışlarında iştirak edən ölkələrin bayraqlarını “Kristal Zal”a gətirmələri ilə davam edib. Bu proses ingilis əlifbası ardıcıllığı ilə həyata keçirlib, lakin müasir Olimpiya oyunlarının vətəni sayılan Yunanıstana və təşkilatçı ölkə kimi Azərbaycana şamil edilməyib – ənənəyə uyğun olaraq Ellada nümayəndələri arenaya 1-ci çağırılıb, bayraq paradı isə Azərbaycanla yekunlaşıb.

Sonra özündə XV Avropa Gənclər Yay Olimpiya Festivalının ən yaddaqalan, diqqətçəkən məqamlarını əks etdirən, Bakı yarışlarının tarixi anlarının yer aldığı görüntülərdən ibarət video nümayiş etdirilib.

Ardınca XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri, Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard çıxış üçün səhnəyə dəvət olunublar.

Nitqində Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasını və qəbul edilməsini vurğulayan Yaqub Eyyubov bu çətin işin reallaşmasında dövlər başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin müstəsna xidmətini diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, bu gün Bakı yarışlarında qələbə qazanmağa çalışan idmançılar arasından dünya, Avropa və Olimpiya çempionları mütləq çıxacaq və onda fəxrlə deyəcəyik ki, bax bu uğurun bünövrəsi məhz Azərbaycan paytaxtında, Bakının mübarizə meydanlarında qoyulub.

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard isə Bakı Festivalının gənc atletlər üçün böyük idman bayramı olduğunu bildirib, beynəlxalq yarış təcrübəsi əldə etmək mənasında misilsiz əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, gənc idmançıların buradakı çıxışı belə deməyə əsas verir ki, Avropa atletlərinin dünya arenalarında yüksək nailiyyətlər qazanacağı günümüzün reallığıdır və estafet əmin əllərdədir. Buna görə hamını təbrik edən Nils Nayqard könüllüərə təşəkkürünü bildirib.

Çıxışlar başa çatandan sonra Olimpiya himninin sədaları altında Beynəlxalq Olimpiya Komitəsinin, eləcə də Avropa Olimpiya Komitələrinin bayraqları endirilib. Avropa Olimpiya Komitələrinin bayrağı isə 2021-ci il XVI Avropa Gənclər Yay Olimpiya Festivalının təşkil ediləcəyi Slovakiyanın Banska-Bistritsa şəhərinin meri Jan Noskoya təhvil verilib. Slovakiyanın dövlət bayrağı qaldırılıb, himni səsləndirilib.

Jan Nosko çıxışında Banska-Bistritsa şəhərini məşhurlaşdıran insanların, həmçinin idmançıların adını çəkib, tədbir iştirakçılarını 2021-ci il yarışlarının keçiriləcəyi cazibədar məkanda görmək istədiyini söyləyib. Şəhər merinin çıxışının ardınca aidiyyatı video-çarx nümayiş etdirilib.

Beləliklə, növbə gəlib iyulun 21-də alovlandırılmış XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəlinin söndürülməsinə. Məhz bununla da bağlanış mərasiminin bədii hissəsi başlanıb.

Gənc estrada ulduzları Aliyə Əliyeva & Kamran Əliyev, Fidan Hüseynova, Ləman Dadaşova, Emiliya Yaqubova, DJ Kənan və əlbəttə ki, 2011-ci il Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun ifaları tədbirə xüsusi rəng qatıb, tamaşaçıların zövqünü oxşayıb, alqışlarını qazanıb.

Bununla da Bakıda təşkil edilən 2019-cu il XV Avropa Gənclər Yay Olimpiya Festivalı müvəffəqiyyətlə, major notlarla başa çatıb.