Yığma komandamızın aktivində 23 medal var

0
30

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında altıgünlük idman mübarizəsinin yekununda 37 ölkənin təmsilçiləri medal qazanıblar. Altı günün nəticələrinə əsasən siyahıya aktivində 58 (25 qızıl, 14 gümüş və 19 bürünc) medal olan Rusiya komandası başçılıq edir.

Festivalda uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci pillədə qərarlaşıb. Yığma komandamızın aktivində 10-u qızıl, 7-si gümüş və 6-sı bürünc olmaqla ümumilikdə 23 medal var. Medallardan 16-sını güləşçilərimiz qazanıblar. Pəhləvanlarımız 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Medalların sayına görə komandamızda ikinci yerdə cüdoçular qərarlaşıblar. Cüdoçular komandamızın aktivinə 2 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıblar. Komandamız idman gimnastikası yarışında isə 1 gümüş medala sahib olub.

Festivalda medal siyahısında üçüncü pillədə 10 qızıl, 5 gümüş və 9 bürünc medal qazanan Türkiyə yığma komandası qərarlaşıb. Böyük Britaniya 22 (8-12-2) medalla dördüncüdür. Britaniya yığması ilə eyni sayda medal qazanan İtaliya (7-9-6) beşinci, Ukrayna (6-6-10) altıncı yerdə qərarlaşıblar. İlk onluqda digər pillələrdə Polşa (5-2-6), Belarus (5-1-6), Rumıniya (4-5-3) və Fransa (3-7-12) komandaları yer alıblar.

Festivala iyulun 27-də yekun vurulacaq.