Şəki Xan sarayı rəsmlərinin estetikası haqqında

0
33

XVIII əsr Azərbaycan memarlığının incilərindən sayılan Şəki Xan sarayı həm də özünəməxsus estetikası olan süjetli və ornamental kompozisiyalı divar rəsmləri ilə məşhurdur, desək, yanılmarıq. Belə ki, sarayın hər iki mərtəbəsinin mərkəzi zalları və ikinci mərtəbənin yan otaqlarının bütün divarları, taxçalar, divarlardan tavanlara stalaktit formalı keçidlər və tavanlar rəsmlərlə bəzədilmişdir. Saraya xüsusi gözəllik verən ecazkar şəbəkələrin qonşuluğunda qərarlaşan divar rəsmləri dörd qrupa bölünür. Nikbin koloriti ilə diqqətçəkən bu rəsmlər arasında həndəsi və nəbati naxışlı kompozisiyalara, süjetli naxışlara, heyvan, eləcə də bitki və heyvanların birgə görüntüyə gətirildikləri təsvirlərə rast gəlmək mümkündür. Əlvanlığı elə ilk baxışdan duyulan bu təsvirlərin cəlbediciliyinin əldə olunmasında onun yaradıcıları qızılı, firuzəyi, qırmızı, bənövşəyi və sarı rənglərdən ustalıqla istifadə etmişlər. 
Sarayın interyerində yer almış rəsmləri şərh etməzdən əvvəl deyək ki, elə bütün parametrlərinə görə cəlbedici olan bu sarayın fasadında da onun bədii tutumunu zənginləşdirə biləcək bədii elementlər az deyil. Sqrafitto üsullu və relyefli rəngli üzlüklə işlənmiş həndəsi və nəbati naxışlar, stalaktitli tağlar və rəngarəng yığma şəbəkələr sarayın fasadına xüsusi gözəllik və özünəməxsusluq bəxş etmişdir.
Şəki Xan sarayının interyerlərindəki ən qədim rəsmlər təbii olaraq onun tikildiyi XVIII əsrə aiddir. Sarayın ikinci mərtəbəsinin əsas zalının tavanında rast gəlinən “Abbasqulu” imzasının da həmin rəsmlərin müəllifinə aid olduğu ehtimal olunur. Bir çox mənbələrdə onun həm də sarayın memarı olduğu bildirilir, bəzi müəlliflər, o cümlədən saray barəsində elmi tədqiqat əsəri yazmış Leonid Bretanitski isə bu unikal tikilinin şirazlı Zeynalabdinin təxəyyülünün məhsulu olduğu qənaətindədirlər.
Zamanın axarında sarayın interyerini bəzəyən təsvirlər müxtəlif səbəblərdən dəyişikliyə məruz qalmışdır. Başqa sözlə desək, həmin divar rəsmlərinin binanın istismara verilərkən çəkilmiş ilkin variantı sonradan XIX əsrdə dəfələrlə bərpa edilmiş, bəzi təsvirlər isə tamamilə yenidən işlənilmişdir. Bu səbəbdən də oradakı rəsmlərin bir-neçə rəssam tərəfindən ərsəyə gətirildiyini söyləmək olar. Araşdırmalar burada XVIII əsrdə Abbasqulunun, XIX əsrin ilk qərinəsində (1819-1820) bir avropalı rəssamın, XIX əsrin sonlarında (1895-1896) isə şamaxılı rəssamlar Mirzə Cəfər, Əliqulu və Qurbanəlinin, XX əsrin başlanğıcında (1902) isə şuşalı Usta Qənbər, onun qardaşı Səfər, oğlu Şükürün çalışdıqlarını təsdiqləyir. İnteryerdə yer almış divar rəsmlərinin müxtəlif yerlərində onların adlarına rast gəlmək mümkündür. Qənətimizcə, sarayın istifadəyə verildiyi anda onun interyeri süjetli və ornamental kompozisyalarla örtülsə (qeyd edək ki, birinci mərtəbədə rəsmlərin çəkilməsi nəzərdə tutulan yerlər indiyə qədər qalmaqdadır) də, zamanın axarında – XX əsrdə bir-neçə dəfə əsaslı və nisbi bərpalara məruz qalmışdır. Azərbaycan monumental divar rəsmlərinin tədqiqatçısı N.Miklaşevskayanın qənaətincə, bu tərtibat müxtəlif – üç dövrdə ərsəyə gətirilmişdir. Həmin dövrlər sarayın tikildiyi və erkən rəsmlərin çəkildiyi XVIII əsrin ikinci yarısını, XIX əsrin sonu – XX əsrin lap əvvəlində gerçəkləşən Qarabağ və Şamaxı rəssamların fəaliyyəti dövrünü, eləcə də XX əsrin ortalarında və ikinci yarısında aparılan yaradıcı-bərpa işlərinin həyata keçirildiyi dövrü özündə əhatə edir. Erkən rəngkarlığa stalaktitlərdə, tavanlarda və qapılarda, sonrakı dövrdə əlavə olunan rəsmlərə giriş qapılarının və mərtəbələrdəki zalların bəzi yerlərində, ən nəhayət, iyirminci yüzilliyin bəzəklərinə isə yan otaqlarda rast gəlmək mümkündür. 
Ən köhnə rəsmlərin bədii həllində onun yaradıcılarının miniatür üslubuna tapınmaları duyulursa, yeni rəsmlərdə uzun müddət ənənəvi sayılan üslubun yeni – bir qədər sadələşdirilmiş – primitiv sənətin bədii-estetik keyfiyyətlərilə zənginləşmiş nəticələri hiss olunur.
Yeri gəlmişkən deyək ki, sovet dönəmində unikal memarlıq abidəsi kimi hökumətin diqqətində olan Şəki Xan sarayı Moskva və Azərbaycan sənətşünas və bərpaçılarının diqqət mərkəzində olmuşdur. 1939-1940-cı illərdə Dövlət Tretyakov Qalereyasından (Moskva) dəvət olunan Y.A.Dombrovskinin rəhbərlik etdiyi bərpaçılar dəstəsi isə sarayın interyerini bəzəyən ilk rəsmlərin üzə çıxarılmasını həyata keçirmişdir. Burada aparılan rəng qatının və müəyyən yerlərdəki yeni əlavələrin əsaslı təmizənməsindən sonra XVIII əsrə aid rəsmlərin orijinalları: birinci mərtəbə zalındakı taxta plafonun fraqmentləri, staliktitləri örtən mavi çalarlı rəsmlərin hissələri, ikinci mərtəbədə məşhur ov (təxminən 50 sm) və döyüş (təxminən 200 sm) motivli frizlərin böyük hissələri və digər rəsmlər üzə çıxarılmışdır. Aparılan işlər nəticəsində XVIII əsrdən XX əsrə kimi müxtəlif dövrlərə aid rəsmləri öyrənmək mümkün olmuşdur. Saraydakı divar rəsmlərinin müəlliflərinin hamısının adını müəyyən etmək mümkün olmasa da, burada Usta Qənbərin hansı işləri gördüyü dəqiqləşdirlmiş və surətləri çıxarılmışdır. Bunları 1929-1935-ci illərdə Z.Boqoslavskaya və V.Kvitko, 1945-ci ildə isə N.Miklaşevskaya yerinə yetirmişlər. Həmin rəsmlərin sırasında iki “Ov səhnəsi”nin, “Süsənlər”in, “Döyüş səhnəsi”nin, “Güldanda gül”ün və çoxsaylı nəbati naxış kompozisiyalarının adını çəkmək olar.
Əlavə edək ki, zamanın axarında sarayın ecazkar şəbəkələrlə əhatələnmiş və icra sənətkarlığına görə fərqlənən təsvirlərin koloriti də müəyyən qədər dəyişmiş, əvvəlcə çox parlaq-işıqlı, sonra bir qədər tünd çalarla əvəzlənmiş, ən nəhayət, axırıncı yeniləşmələrdə də ümumi koloritdəki nikbinliyin qorunub saxlanılmasına səy göstərilmişdir. Başqa sözlə desək, əvvəlki şux-əlvan çalarlı rənglərin yerini daha tünd-kərpici, qırmızı, yaşıl, qara, çəhrayı və ağ boyalar tutmuşdur.
Əgər ən köhnə rəsmlərdə miniatür üslubunun qabarıqlığı, yeni rəsmlərdə onların bir qədər yeniləşməsi duyulsa da, bütünlükdə, onları bədii həllin dekorativliyi birləşdirir. 
Şəki Xan sarayının bədii tərtibatını ov və müharibə səhnələri, eləcə də nəbati və həndəsi ornamentli kompozisiyalar təşkil edir. Əgər ornamentli kompozisiyalara sarayın hər iki mərtəbəsində rast gəlmək mümkündürsə, ov (uzunluğu 450 sm) və müharibə səhnələri (uzunluğu 1200 sm) yalnız onun yuxarı mərtəbəsindədir. Bu süjetli kompozisiyalar çoxfiqurludurlar. Zalın sol divarındakı frizdə beş süjet yer alıb. Burada pələnglə ceyranın yaralanması, maralın ovlanması, əjdaha ilə mübarizə, başqa bir ceyranın hədəfə tuş gəlməsi və gəncin başçılıq etdiyi atlılar təsvir olunub. Bu səhnələrin hər birində dörd-beş nəfərin iştirakını görmək mümkündür. Zalın üzbəüz divarındakı frizi də yuxarıda adlarını çəkdiyimiz süjetlər təşkil edir. Aşağı mərtəbədə özündə zamanında müqəddəs qəbul olunan – stilizə olunmuş tovuz quşlarının mərkəzdəki ”Həyat ağacı”na yönəli təsvirini yaşadan panno da diqqəçəkəndir.
Şəki xanlarının düşmənlərinə qarşı apardıqları döyüşlərdən müxtəlif səhnələr isə zalın qərb və şərq divarlarını tutur. Təsvirin detal və atributlarına əsasən demək olar ki, qərbdə qoşunun ilk hucumu, şərqdə isə onun döyüş meydanından qayıdışı əks olunub. Qalan hissədə – zalın şimal tərəfində (kiçik otaqlara açılan qapıların üzərində) isə gərginliyi duyulan döyüşlərdən fraqmentlər çəkilib. 
Sarayda yer almış rəsmlərin mövzusunun XVIII-XIX əsrlərdə Şəki xanlarının həyatında baş verən hadisələrdən-sarayın sifarişçisi Hüseyn xanın apardığı döyüşlərdən qaynaqlandığı birmənalıdır. Qeyd edək ki, Şəkinin sonuncu hökmdarlarından biri olan Fətəli xanın oğlu Kərim ağa Fatehin “Şəki xanlarının qısa tarixi” kitabındakı əhvalatların divar rəsmlərinin cəlbedici süjetləri ilə üst-üstə düşən məqamları kifayət qədərdir…
Sarayın “naxış seli”nə bələnmiş interyerinin qibtəedici bədii tutum almasında onun plafonlarının daşıdıqları estetik tutumun rolu da duyulandır. Tikilinin iki əsas zalının hər birindəki iki, ikinci mərəbənin yan otaqlarının hər birindəki bir plafon bu mənada diqqətçəkəndir. İkinci mərtəbədəki zalın şimal plafonunun əsas sahəsini böyük və işıqlı medalyon tutur. Öz növbəsində onun da ortasında bir qədər kiçik-naxışlı medalyon yer almışdır. Onunla Mehmandarovun evinin kiçik otağı və ev məscidinin plafonları arasında oxşarlığın mövcudluğu bizə hər iki tərtibatın Usta Qənbər tərəfindən yerinə yetirildiyini ehtimal etməyə əsas verir. İkinci mərtəbənin yan otaqlarındakı plafonlarla Şəkixanovların evindəki zalın plafonlarının oxşar ortaq-oval plafona malik olmalarını da səbəbsiz saymaq olmaz. Ümumi bədii tutumuna görə onlar əsas zalların plafonlarından bir qədər geri qalsalar da, bütünlükdə onların ağ yerliyində mavi budaqlarla əlaqəli verilmiş quş və heyvan təsvirləri kifayət qədər cəlbedici görünür. 
Şuşadakı mülklərin buxarılarının bədiiləşdirilməsindəki məziyyətləri Şəki xan sarayında da izləmək mümkündür. Sarayın ikinci mərtəbəsində – interyerin əsas hissəsində eninə yerləşən dekorativ buxarının gözəl şəkillərlə bəzədilmiş görkəmində zalın ümumi aurası ilə həmahəng səsləşən bədi məqamlar kifayət qədərdir. Buxarının yanlarındakı yuxarısı bəzəkli stalaktitli taxçalarda yer almış süjetli kompozisiyalar – Nizami Gəncəvi “Xəmsə”sinin qəhrəmanlarının təsvirləri də məkanın aşıladığı duyğulandırıcılığı gücləndirir, desək, yanılmarıq. Divarlar boyu qərarlaşan müxtəlif ölçülü taxçalarda yerləşdirilmiş “vazada güllər” kompozisiyası, heyvan və quş təsvirləri də interyerin ümumi görkəminin zənginləşməsinə xidmət edir. Salonun bəzək zənginliyi duyulan plafonundakı nəbatat aləmini və qanadlı yarımçılpaq qadını əks etdirən təsvirlərin bədii həlli də onları əhatələyən süjetli-ornamental tutumla gözəl səsləşir…
Əgər bu rəsmlərin bədii məziyyətlərini dəyərləndirməi olsaq, onda burada miniatür üslubu prinsiplərin yeniləşmiş təqdimatının- perspektivanın yoxluğu və üst-üstə sıralanmadan nisbi istifadə ilə yanaşı, rəng həllinin şərti-dekorativ tutumunu və dinamikliyin qabarıqlığını şərtləndirən real-gerçəkçi bədii şərhin mövcud olduğunu deyə bilərik. 
Müxtəlif tutumlu təsvirlərin ümumi estetikasında bədii ümumiləşdirmələrlə yanaşı, sarayın digər rəsmləri ilə təzad təşkil edən- realizm bədii ənənələrinə tapınan yaradıcılıq nümunələrinə də rast gəlinir. Sarayın birinci mərtəbəsindəki zalın mavi çalarlı stalaktit karnizləri üzərində təsvir olunmuş ayrı-ayrı motivlərin bələndiyi duyulası real-gerçəkçi estetika, onların yerli yox, Avropa rəssamlığına bələd sənətkar tərəfindən çəkildiyini söyləməyə əsas verir. Tanınmış sənətşünas Boris Denike saraydakı həmin təsvirləri Çin rəssamlığına aid Orta Asiya divar rəsmləri ilə müqayisə edir: “Bu rəsmlərdə Çin incəsənəti ilə, xüsusən ağ-mavi farfor təsvirləri ilə əlaqəsini görməmək mümkün deyil”.
XIX əsrdə Qafqazın Rusiyaya birləşdirilməsi hadisələrinin bilavasitə iştirakçısı olan ispaniyalı inqilabçı Xuan Van Qalen xatirələrində Şəkidə olmasından söz açmış və sarayın birinci mərtəbəsindəki məişət tutumlu realist rəsmlərin italiyalı əsgər tərəfindən çəkildiyini qeyd etmişdr. Onun yazdıqlarına görə çin ruhunda işləyən həmin əsgər 1819-1820-ci illərdə sarayda olmuş və burada bir-neçə əsər işləmişdir…
Sarayın ümumi memarlığının onun eksteryerini və interyerini bəzəyən bəzək elementəri – monumental rəsm, ornamental kompozisiya və şəbəkə ilə vəhdətinin yaratdığı qeyri-adi gözəlliyin kökündə sadalanan bədii vasitələrin duyğulandırıcı vəhdəinin əldə olunması durduğundan, memarla təsviri və dekorativ tətbiq sənət ustalarının birgə yaradıcılığının məhsulu olan tikili unikal qürurverici-mənəvi qaynaq kimi qəbul olunur.
Üç divarın daşıdığı təsvirli zəngin estetik tutumu tikilinin fasadını təşkil edən əlvan şəbəkənin uğurla tamamlamasının nəticəsidir ki, məkan sənətlərin sintezinin uğurlu sonluğu kimi qəbul olunur. Dünyaşöhrətli türk şairi Nazim Hikmətin saraya yönəli söylədiyi “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan saayını dünyaya göstərmək bəs edərdi” deyimində də məhz tikiliyə verilən yüksək dəyər hifz olunur…

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi